Əziz oxucu, Böyük Britaniyada yaşadığın dövr ərzində, yəqin ki, artıq qərib ölkədə, ailədən uzaqda yaşayışın bütün gözəlliklərini və çətinliklərini duymusan. Mən sənin vaxtını alıb, bu həyat və ya ona alışmaq barədə uzun-uzadı danışmaq istəmirəm. Hər kəsin öz tərcihləri və çətinlikləri vardır, ona görə də, hamıda alışma prosesi fərqli cür baş verir. Mənim burada səninlə bölüşəcəyim tarixçə səndə və yoldaşlarında ictimai fəaliyyət göstərmək arzusu yaratmaq məqsədlidir.
Heç kəs üçün sirr deyil ki, Vətəndən uzaqda bizim hər birimiz millətimizin təmsilçisiyik və əcnəbilərdə məhz bizim davranışlarımıza və xüsusiyyətlərimizə görə bütöv Azərbaycan xalqı haqqında təsəvvür yaranır. Bundan əlavə, qərib ölkədə həmvətənlərimizə olan ehtiyac daha kəskin hiss edilir. Mən Böyük Britaniyada 2010-2011 -ci illərdə təhsil almışam. Həmin vaxta qədər Rusiyada Azərbaycan diasporası ilə bir neçə il işləmək mənə qismət olmuşdu. Bu təcrübə tədricən mənə harada olmağımdan asılı olmayaraq bütün imkanlardan və bacarıqlardan istifadə edərək Azərbaycan mədəniyyətini təbliğ etmək və azərbaycanlılar arasında birlik yaratmaq arzusunu təlqin etmişdi.
Böyük Britaniyadakı Azərbaycan diasporasının ümumi fəallığına rəğmən, mənim oxuduğum London Siti Universitetində Azərbaycan cəmiyyəti mövcud deyildi. Hətta azərbaycanlı tələbələrin bir-birinə kömək və dəstək məqsədilə qura biləcəkləri və qərib diyarda zəruri olan adi çevrə də yox idi. Çox güman, məhz belə bir cəmiyyətin zəruriliyi məni universitetimizin azərbaycanlı tələbələrindən ibarət kiçik cəmiyyətini yaratmağa təşviq etdi. Amma əsas səbəb daha mühüm idi – 2010-cu ildə Böyük Britaniyada az adamın Azərbaycan haqqında təsəvvürü vardı və hətta çoxları onu xəritədə tapmaqda belə çətinlik çəkirdi. Heç olmazsa, universitetimizin tələbələrini Vətənimizlə tanış etmək arzusu məni ictimai fəaliyyətə həvəsləndirdi.
Öncədən əlaqələr, tanışlıqlar və boş vaxt azlığından (tədris yenicə başlamışdı və artıq yüksək qüvvət tələb edirdi) əməli olaraq imkansız görünən qarşıya qoyulmuş məqsəd bir neçə həftə sonra tamamilə mümkünə çevrildi. İlk başda kurs yoldaşları və sonradan artıq onların əlaqələri arasında, sosial şəbəkələrdə və digər universitetlərdə dəstək axtarışlarına başladıqdan sonra nəticədə təşəbbüs dəstəsi yaratmağa müvəffəq olduq. Çox qısa vaxt ərzində təşkilatlanıb, universitetimizdə “Azərbaycan cəmiyyəti”ni qeydiyyatdan keçirdik və qarşıya qoyulmuş məqsədlərin icrasına
başladıq. Yeri gəlmişkən, cəmiyyəti qeydiyyata salmaq və elmi-mədəni tədbirlərin təşkilini həyata keçirməyə icazə almaq çox asan oldu – bu təcrübə bütün Britaniyada eyni cürdür.
Beləcə, cəmiyyətin tapşırıqlarının icrası başlandı. Universitetdə “Azərbaycan günü”, məşhur siyasi xadimin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsi mövzusunda mühazirə, cəmiyyətin üzvlərinin London və başqa şəhərlərdəki diaspora tədbirlərində iştirakı.. – biz nailiyyətlərimizlə kifayətlənmirdik. Heç heyətimizdə çox tələbə də yox idi – sadəcə 5-6 fəal üzv vardı – amma bizim qüvvətimiz və arzumuz hər şeyə kifayət edirdi. Əlbəttə, mübarizəni tək aparmaq düzgün olmazdı, hələ özü də təzə gəldiyimiz qərib ölkədə. Bundan başqa, axı, oxumaq da lazım idi (məgər, Britaniyaya gəlişimizin əsl səbəbi bu deyildimi?). Biz, sözsüz ki, Böyük Britaniyadakı diaspora təşkilatlarının dəstəyi olmadan işimizin öhdəsindən gələ bilməzdik. Onlar bizi sərgi üçün ekspanatlarla, geyimlərlə, şəkillərlə təmin edir, mühazirəçi tapmaqda və tədbirləri işıqlandırmaqda köməklik göstərirdilər. Əgər bir neçə il öncə bu cür dəstək yox idisə, indi bunu əldə etmək üçün gənclərimizdən sadəcə təşəbbüs göstərmələri tələb olunur.
Amma deyəsən, hər şeyin ən təəccüblüsü və gözlənilməzi hələ irəlidə idi. Bizim Azərbaycan cəmiyyətimiz tədris ilinin nəticələrinə görə universitetin onlarla yeni cəmiyyətləri arasında ilin ən yaxşısı seçildi. Bu, bizim fəaliyyətimizin ən gözəl nəticəsi idi – biz bunu gözləməsək də, nail ola biləcəyimiz ən yüksək zirvə idi. “Azərbaycan Cəmiyyəti”nin adı indi universitetdə saxlanılan mükafatın üzərinə həkk olunmuşdu.
Cəmiyyətimizin özəyini təşkil edən tələbələr və mən indi artıq universitetdə təhsilimizi bitirmiş olsaq da, bizim işimiz hələ də yaşayır və cəmiyyətimiz öz fəaliyyətini davam etdirir. Bu – səylərimizin bəhrəsinin hələ də davam etdiyini görmək, əlbəttə ki, bizi çox sevindirir.
Təmtəraqlı ibarələrlə vaxtınızı almaq istəmirəm, amma düşünürəm ki, cəmiyyətimizin tarixçəsi çoxlarınız üçün nümunə ola bilər. Biz harada olmağımızdan, nə etməyimizdən asılı olmayaraq, ilk növbədə azərbaycanlıyıq və dünyanı zəngin mədəniyyətimizlə tanış etməli, qürbət diyarlarda bir-birimizə dayaq olmalıyıq. Bu, həm də əlində tutduğun qəzetin məqsədidir. Odur ki, hərəkətə keçin!
Aynur İsparova
(London Siti Universitetinin məzunu)
Böyük Britaniyada azərbaycanca nəşr olunan “Birlik” ictimai-mədəni gənclik qəzeti
www.birlik.co.uk