Dekabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadəni "Azərbaycan" jurnalında fəaliyyətə başlamasının 40 illiyi münasibətilə təbrik edib.
İntiqam Qasımzadə bu münasibətlə AYB-nin xüsusi diplomu ilə təltif olunub.
Birliyin I katibi, Xalq şairi Fikrət Qoca, katiblər - Xalq yazıçısı Çingiz Abdullayev, Rəşad Məcid, sədrin müvaini Nazim İbrahimov İ.Qasımzadəni təbrik edərək, ona xoş arzularını bildiriblər.
Tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi İntiqam Qazımzadə 1943-cü il avqustun 12-də anadan olub. Bakıdakı 7 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb (1960-1965).
Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü (1969-1974), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri (1976-1979), məsul katib, baş redaktorun müavini (1979-1997) vəzifələrində çalışıb.
Hazırda həmin jurnalın baş redaktoru vəzifəsində işləyir (1997-ci ildən). Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun "Təxəllüs "Dora" romanını rus dilindən doğma dilə çevirib. "Bayatı" ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən). Onun ssenarisi əsasında bir neçə animasiya və sənədli film çəkilib.