Bugünlərdə 2008-ci ilin iyul ayından nəşr edilən və hər rübdə bir dəfə oxucu ünvanı soraqlayan "Bənövşə" ədəbi-bədii dərgisi (əvvəlki adı "Mingəçevir leysanı") yeni - 34-cü sayı ilə ədəbiyyatsevərlərin görüşünə gəlib.
Əvvəllər olduğu kimi dərginin yeni sayında da çeşidli ədəbi janrlarda qələmə alınan yazılar üstünlük təşkil edir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Seyran Səxavətin "Alça çiçəyi" adlı hekayəsini oxuculara ərmağan edən jurnalın sonrakı səhifələrində yerli yazarlardan AYB-nin üzvü Zümrüd Rəhimovanın mənsur şeirləri, Svetlana Sultan Məcidin esseləri və yazıçı-publisist Zahid Qasımlının "Alman dəqiqliyi" sərlövhəli hekayəsi dərc edilmişdir.
Jurnalın poeziya bölümündə İsmayıl İmanzadənin zaman-zaman bizə düşmən kəsilən bədnam qonşularımızın məkrli niyyətlərindən söz açan "Yurd harayı" adlı poeması, mərhum el şairi Böyükkişi Təmkinin, tanınmış qələm sahiblərindən olan Ramiz Qusarçaylının və yerli şairlərdən Bəhman Gülövşəli, Əli Köçkün, Seymur Həsənov və Xatirə Qədimqızının şeirləri yer almışdır.
"Qarabağ həsrətli ürək sahibi" başlıqlı yazı ilə dərginin şöbə redaktoru Məmməd Mərzilinin altmış illik həyat yoluna ayna tutan dərgidə, Mingəçevir futbolunun tarixindən söz açan Bayram Mustafanın, Azərbaycan İstilik Elektrik Stansiyasının qurucularını diqqət mərkəzinə çəkən Adil İsmayılovun, mənalı ömrünün böyük bir hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr edən Mingəçevir Dövlət Universitetinin müəllimi Afayət xanımın zəhmətini dəyərləndirən dərginin baş redaktoru İsmayıl Mərcanlının publisistik yazıları da maraqla oxunur. Belə səpgili yazıların sırasında görkəmli ədəbiyyatşünas alim İmamverdi Əbilovun ömrünün gənclik çağlarında dünyamızı dərk edən şair Faiq Şəmiloğluya həsr etdiyi "Dünya mavi örtüyə büründü" başlıqlı yazısı ilə yanaşı, Rəfael Tağızadənin "Havadan Ağdamın iyi gəlir", Vahid Qafarlının "O gün uzaqda deyil", gənc şair-publisist Ruslan Ələkbərlinin "Dostluq piramidası", AYB-nin üzvü Məhyəddin Məhərrəmoğlunun görkəmli Azərbaycan ziyalıları - Xudu Məmmədov, Şahmar Əkbərzadə və Məmməd Aslanla görüşlərindən bəhs edən "Bir anımlıq xatirə" adlı yazıları da "Bənövşə"ni oxunaqlı etmək baxımından yüksək dəyərə malikdir.
Mingəçevir Turizm Kollecinin direktor müavini, yazıçı-publisist Əşrəf Əsgərovun keçmiş tələbə yoldaşı, Lənkəran Dövlət Universitetinin müəllimi Mirhüseyn Abbasın elmi-ədəbi fəaliyyətini dəyərləndirən "Dağlara oxşayan şəxsiyyət" və Elmin Nurinin "Azərbaycanın əlifba mücahidləri", filologiya elmləri üzrə fəlsəfə doktoru Tariyel Abbaslının "Bir elin söz pərvanələri" başlıqlı yazıları da "Bənövşə"yə əlvan çalarlar qatmaq baxımından əhəmiyyət kəsb edir.
Yuxarıda qeyd olunanlara istinadən demək olar ki, "Bənövşə"nin yeni sayı oxuculara nəcib hisslər aşılamaq baxımından böyük önəm daşıyır. Məhz elə buna görə də dərginin əməkdaşlarının fəaliyyəti təqdirəlayiq hesab edilməlidir.
Tariyel ABBASLI