Yazıçı-filosof Firuz Mustafanın "Seçilmiş əsərləri"nin birinci cildi işıq üzü görüb.
Kitaba yazıçının "Qapı" və "Cənnət çiçəyi" romanları daxil edilib. Əsərlər ilk dəfə "Azərbaycan" və "Literaturnıy Azerbaydjan" jurnallarında, Azərbaycanın və Rusiyanın bir sıra məşhur saytlarında nəşr olunub.
Kitabın müqəddiməsində müəllif uzunmüddətli elmi və ədəbi yaradıcılığından söz açıb: "Qısaca onu deyə bilərəm ki, yaradıcılığa orta məktəbdən başlamışam. Sovet dönəmində bir neçə ədəbi və elmi kitabım işıq üzü görüb.
...İndi dönüb keçmişə baxanda görürəm ki, gərgin bir rejimdə işləmişəm. Gündüzlərim kitabxana və auditoriyalarda, gecələrim isə miz arxasında keçib. Ona görə də deyə bilərəm ki, təqdim olunan əsərlərin çoxu gecələr lampa işığında yazılıb. Əslində mən elə hər bir yazıçının əsərini qaranlıqda işıq saçan bir lampa hesab edirəm".
"Qapı" romanı, müəllifin sözləri ilə desək, "insanlığın təsəvvür etdiyi və etmədiyi faciələrin anatomiyası"dır. "Cənnət çiçəyi" romanında fəlsəfi məzmun üstünlük təşkil edir.
Kitabda yazıçının əsərlərinin siyahısı və professor Bədirxan Əhmədovun Firuz Mustafanın yaradıcılığından bəhs edən məqaləsi də yer alıb.
MÜŞFİQ