Dekabrın 7-də Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Milli Kitabxanası tərəfindən son 10 ildə çap olunan biblioqrafiyaların təqdimat mərasimi keçirilib.
Ədəbiyyat İnstitutuna 52 adda, 180 nüsxə, Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasında çap olunan, N.Gəncəvi, M.Ə.Sabir, M.F.Axundzadə, S.Vurğun, B.Vahabzadə, Elçin, İ.Əfəndiyev, Ü.Hacıbəyov, Q.Qarayev və digər şəxsiyyətlər haqqında fundamental sahəvi və şəxsi biblioqrafik nəşrlər təqdim olunub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Milli Kitabxanasının son illərdə həyata keçirdiyi əhəmiyyətli layihələrdən, elmin, mədəniyyətin, ədəbiyyatın tədqiqində əvəzsiz rol oynayan fundamental biblioqrafiyaların çapının əhəmiyyətindən, kitabxananın ölkənin ictimai həyatında fəal iştirak etməsindən, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, mənəvi dəyərlərinin təbliğində xüsusi rol oynamasından bəhs edib. O bu təşəbbüsün xüsusi əhəmiyyətini qeyd edərək gələcəkdə Milli Kitabxana ilə Ədəbiyyat İnstitutunun əlaqələrinin genişlənəcəyi barədə də danışıb. Akademik İsa Həbibbəyli iki müəssisə arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanacağını və bundan sonra biblioqrafiyaların tərtibində birgə tədqiqat işlərinin həyata keçirilməsini, eyni zamanda Milli Kitabxananın elektron
kitabxanasının virtual oxu zalının Nizami adına Ədəbiyyat İnstitutunda açılmasının institutun kollektivi, elmi tədqiqatçılar, alimlər üçün xüsusi əhəmiyyətini vurğulayıb.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov son illərdə bu qurumun nəşriyyat fəaliyyətinin genişlənməsindən, nəşr etdikləri həm biblioqrafik, həm də digər nəşrlərinin elmin, ədəbiyyatın, mədəniyyətin inkişafına xidmət etməsindən danışıb. Bu biblioqrafik nəşrlərlə yanaşı Milli Kitabxananın görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri haqqında hazırladığı elektron məlumat bazalarının da ictimaiyyət üçün dəyərli məlumatlar əks etdirdiyini vurğulayıb. Sonda Milli Kitabxananın fəaliyyətinə verilən qiymətə görə akademik İsa Həbibbəyliyə təşəkkürünü bildirib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Milli Kitabxananın biblioqrafik nəşrlərini yüksək qiymətləndirməklə instituta hədiyyə edilən nəşrlərin Milli Rəqəmsal Yaddaşa da daxil olunmasının vacibliyini vurğulayıb.
Professorlar Şirindil Alışanlı, Asif Rüstəmli və digərləri Milli Kitabxana ilə əməkdaşlığın elmimizə faydasından bəhs ediblər.
Sonda tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanası tərəfindən Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna hədiyyə edilən nəşrlərlə tanış olublar.