Xəbər verdiyimiz kimi, fevralın 10-da prezident İlham Əliyev "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncam imzalayıb.
Sənədə əsasən həyata keçiriləcək tədbirlərdən biri penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi istiqamətində olacaq. Eyni zamanda, Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılacaq. Xidmətin başlıca vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasıdır.
Məlumat üçün qeyd edək ki, "probasiya" termininin latıncadan tərcüməsi "sınaq" deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Probasiya institutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.
Həmçinin, sərəncama uyğun olaraq cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı elektron nəzarət vasitələri tətbiq olunacaq. Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq edilir. Elektron nəzarət vasitələrinin tətbiqi - məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir.
Bundan başqa məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın qanunauyğun şəkildə çəkilməsi, məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması təmin ediləcək. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrasında korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması üçün ciddi tədbirlər görüləcək. İctimai işlər cəzasının icrasında formalizm tendensiyası aradan qaldırılacaq, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarət təmin ediləcək. Azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması üçün cəzaçəkmə müəssisələrində istehsal sahələri bərpa ediləcək, həmçinin yeni sahələr yaradılacaq.
Bütün bunlarla yanaşı penitensiar xidmətin kadr korpusu təkmilləşdirilməsi, bu sahəyə peşəkar kadrların cəlb olunması təmin edilməsi nəzərdə tutulub. Habelə, penitensiar müəssisələrin etibarlı mühafizəsi təşkil ediləcək, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən həbs qərarının verilməsində qanunvericiliyin tələblərinə ciddi əməl olunması təmin olunacaq, şəxsi cəmiyyətdən təcrid etmədən alternativ cəza tədbirlərinin tətbiqi genişləndiriləcək.
Həyata keçirləcək tədbirlərdən biri də cinayət təqibi və cəzaların icrası zamanı qanuna zidd əməllərə yol verilməməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizənin gücləndirilməsi olacaq. Cəza siyasətinin isə humanistləşdirilməsi qarşıya qoyulan əsas vəzifədir. Cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəzaların tətbiqinin genişləndirilməsi, mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, cinayətin ictimai təhlükəliliyi amilinə diqqət artırılması: maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan cəza tədbirinin tətbiq edilməsi, azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək. Eyni zamanda, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi, şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması nəzərdə tutulub.
Sərəncama əsasən Ədliyyə Nazirliyi qarşısında müvafiq vəzifələr müəyyən edilib, habelə Baş Prokurorluğa və məhkəmələrə tövsiyələr verilib.
Ədliyyə Nazirliyi probasiya xidmətinin təşkili, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı təkliflər hazırlayacaq, həmçinin "Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər" informasiya sistemini yaradacaq, cəzanın ictimai işlər növünü daha da təkmilləşdirəcək, məhkum olunmuş və həbs edilmiş şəxslərin saxlanma şəraitinə, yemək, tibbi-sanitariya, maddi-məişət təminatına nəzarəti gücləndirəcək.
Baş Prokurorluq isə həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyünü araşdıracaq, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs-qətimkan tədbiri müstəsna hallarda, qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda veriləcək.
Məhkəmələr isə şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələr və buna qanuni əsaslar olduqda həbs qərarı çıxaracaq, digər qətimkan tədbirlərinin seçilməsi ilə bağlı dəlilləri yoxlayacaq, cəza barədə qərar çıxararkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi prinsipini rəhbər tutacaq.
Məsələ ilə bağlı fikirlərini bildirən İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı çox müsbət addımdır. O, APA-ya bildirib ki, sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanda həbsxanaların doluluq səviyyəsi aşağı düşəcək, dövlətin bu sahədə xərcləri azalacaq: "Digər məqam odur ki, cəzalar artıq ən yuxarı həddə olmayacaq və bu, humanist bir yanaşmadır. Yəni, insanların törətdiyi cinayətlərə görə qanunda əksini tapan alternativ cəzalara daha çox üstünlük veriləcək. Bura ev dustaqlığı, cərimə, ictimai, islah işlərinə cəlbetmə daxildir. Bu da cəmiyyətdə ab-havaya çox müsbət təsir göstərəcək. Hüquq müdafiəçiləri bu sərəncamı müsbət qarşılayır və başqa cür də reaksiya verə bilməzdilər. Biz uzun illərdir ki, belə bir sərəncamın imzalanmasını arzu edirdik. Artıq bu addım atılıb. Növbəti mərhələ sərəncama uyğun olaraq nəzərdə tutulan qanun layihələrinin hazırlanmasıdır. Addımbaaddım problemlər həllini tapacaq, buna sadəcə, zaman və istək lazımdır".
Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da dövlət başçısının imzaladığı sərəncamı çox yüksək dəyərləndirib: "Sərəncam prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Sərəncam cinayət təqibi və cəzaların icrası sahəsində hüquqi islahatların yeni mərhələsidir. Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılacaq. Xidmətin başlıca vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasıdır. Probasiya termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Probasiya institutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir".
N. Cəfəroğlu bildirib ki, sərəncamda nəzərdə tutulan qanunlar və hüquqi aktların qəbul edilməsi, hüquq-mühafizə və məhkəmə orqanlarının sərəncamın ruhuna uyğun davranması nəticəsində mövcud durum dəyişəcək: "Məsələn, narkotikdən şəxsi istifadəyə, yaxud dələduzluqla bağlı yüksək cəzalar yüngülləşə, həbs qətimkan tədbirinin, azadlıqdan məhrumetmə cəzasının həbslə əlaqədar olmayan cəza tədbiri ilə əvəzlənməsinə səbəb olar. Yaxud iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs- edilmiş şəxs ictimai işlərə cəlb olunmaqla vurduğu ziyan ödənilə bilər. Bu insanların ictimai işə cəlb olunması onları həbsxanaya salmaqdan daha məqsədəuyğundur. Həbsxanada oturmaqdansa, onların ictimai işlərə cəlb edilməsi daha yaxşı olar. Sərəncamın həyata keçirilməsi nəticəsində çoxlu sayda insan həbsxanalardan çıxa bilər. 1, yaxud 2 il həbs müddəti qalan məhbusların da ictimai işlərə cəlb edilməsi ilə həbsxanalar xeyli dərəcədə boşalacaq, dövlətin də bu sahədə iqtisadi yükü azalacaq".
Hüquq müdafiəçisi yeni yaradılacaq Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin effektiv fəaliyyətinin önəmli olduğunu da vurğulayıb: "Dövlət başçısının imzaladığı sərəncam çox gözəl bir sərəncamdır. Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin bu işi nə dərəcədə effektiv icra etməsi də çox vacibdir".
Ceyhun ABASOV