|
|
|
|
Sükut… əbədi sükut…nalə… ürəkləri parçalayan nalə…
Qırılmış ümidlər… nuru sönmüş gözlər… puç olmuş arzular… yarımçıq qalmış həyat…
“Axı mənim də arzularım vardı… Mən də əlimə çanta alıb məktəbə getmək istəyirdim. Həkim olmaq idi arzum. Mən anamdan doymamamışdım. Onun isiti nəfəsindən, qucağından doymamışdım. Sən nə etdin?! Gözünü qırpmadan məni öldürdün. Yox! Sən insan deyilsən. Sən qatilsən, sən vəhşisən, sən köməksiz körpəyə silah qaldıra biləcək qədər amansızsan, qansızsan!”
“Əsgər, məni öldürmə” başlığı ilə yazılmış bu məktubda Xocalıdan kiçik bir qızcığazın yaşantılarını 25 ildən sonra başqa bir qızcığaz dilə gətirir. Məktubun sonunda qızcığaz: “İnanıram ki, tezliklə balaca ruhum doğma torpağımda sevinə-sevinə gəzəcək”, – deyə ümid edir. Bu ümiddir bizi yaşadan. Lakin 25 il keçir. Xocalıdan qalxan haray dinmir, tökülən günahsız qanlar qurumur, narahat ruhlar sakitlik tapmır. Novruz tonqalı qalanmır, toy-büsat qurulmur, ailələr bir süfrə arxasına yığışmır. Bəlkə də, ağaclar bar vermir, güllər açmır, günəş də yeri az qızdırır, ay da öz işığını acığından Xocalıdan əsirgəyir bəlkə də… 25 ildir yatmır, dincəlmir Xocalı… yolumuzu gözləyir…
Hər il fevralın 26-sı köz bağlamış yaramız, sağalmaz dərdimiz, nisgilimiz Xocalı və onun 613 günahsız qurbanı gözünü bizə zilləyir. “Məni yad et, naləmi, iniltimi yetir, məni tarixin yaddaşına ucalt“ deyə…
Bu il də istisna olmadı. 25 fevral 2017-ci ildə F.Əmirov adına 6 saylı onbirillik UİM-də “Xocalının harayı” adlı musiqli-bədii kompozisiya keçirildi. Məktəbin foyesində “Xocalı-25” mövzusunda rəssamların əl işlərindən ibarət sərgi təşkil edlmiş, daha sonra nəzəriyyə şöbəsinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimovanın təqdimatında musiqili-bədii kompozisiya başlamışdır. Tədbirdə məktəbin həm şagird, həm də müəllimləri iştirak etmiş, hər kəs bu acıya, bu naləyə öz münasibətini ifadə etmək imkanı qazanmışdır. Tədbirdə ilk öncə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xatırlanmışdır. A.İbrahimovanın səmimi, qəlbləri sızladan təqimatı zalda əyləşən, tarixin bu qanlı səhifəsini yalnız televiziya ekranlarından görən, dərsliklərdən, valideyin və müəllimlərinin dilindən eşidən şagirdlər üçün olduqca maraqlı idi.
Tədbirdə məktəbin müəllimləri – Elnur Cəfərov, direktor müavini Validə Əliyeva, Babək Məmmədov müvafiq olaraq, tar, kamança, skripkada ifaları ilə musiqili-bədii kompozisiyayanın hüzünlü abu-havasını daha da artırdı. Xocalı mövzusunda yazılmış seirlər şagirdlər tərəfindən deyildi. Fonda seçilmiş Azərbaycan bəstəkarlarının əsərləridən ibarət parçalar tədbirə bötüvlük, tamlıq gətirdi. Həmçinin tədbirdə Aytən İbrahimova 25 il ərzində həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının yaradıcılığında, eləcə də poeziya, təsviri incəsənət, ekran təcəssümündə Xocalı mövzusuna həsr olunmuş əsərləri sadaladı. Onlardan bəziləri məhz bu il yarandığıdan yeni məlumat kimi maraq doğurdu.
Aytən İbrahimova həmçinin istedadlı musiqiçidir. İllərdir dünya şöhrətli bəstəkar Arif Məlikovla çalışan, onun haqqında bir sıra məqalələr və elmi işlər yazan, bəstəkarın yaradıcılığını dərindən izləyən və mütəmadi olaraq onunla ünsiyyətdə olan, hazırda isə ona həsr olunmuş kitab üzərində işləyən Aytən İbrahimova Xocalının harayını, fəryadını Zəlimxan Yaqubun sözlərinə bəstələdiyi və məhz Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş mahnısında (ifaçı – müğənni Bahar Lətifqızı) bütün səmimiyyəti ilə ifadə etmişdir. Bu mahnı ürəyi Vətən eşqi ilə döyünən, bu nalədən sızlayan gənc musiqişünas-bəstəkarın növbəti uğurudur. Qeyd edək ki, fevralın 24-də Yeni Azərbaycan Partiyasının dəstəyi ilə ərsəyə gələn mahnının klip təqdimatı keçirilmiş və dinləyicilər tərəfindən bəyənilmişdir. Bu layihədə həm bəstəkar, həm də yaradıcı heyət Xocalının haqq səsini ucaltmaq, tarixin yaddaşına ucalmaq məqsədi ilə çıxış ediblər.
Artıq 25 ildir dünya haqq səsimizi eşidir, amma eşitməzdən gəlir.
Tədbirin sonu simvolik ümid işığı ilə bitdi.
Yolumuzu gözlə Xocalı!
Aytən Manafova
musiqişünas