|
|
|
|
"Azərbaycan Türkiyə ilə İran arasında mövcud olan narazılıqların aradan qaldırılmasında alternativi olmayan vasitəçi, körpü rolunu oynaya bilər".
Bunu Azərbaycan prezidentinin İrana səfirinin yekunlarını şərh edən siyasi məsələlər üzrə ekspert Vüqar Zifəroğlu deyib.
O bildirib ki, Azərbaycanın siyasəti həm də bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verə bilər. Ekspertin sözlərinə görə, dövlət başçısının İrana səfəri bu və digər məsələlərdə ciddi əhəmiyyətə malikdir: "Regionda baş verən proseslərin fonunda gerçəkləşən bu səfər həm də beynəlxalq əhəmiyyət daşıyır. Erməni mediasında səfərlə bağlı heç bir məlumatın yer almaması, Türkiyə mediasında isə əksinə, maraqlı reaksiyaların sərgilənməsi faktlarının özü bunu əyani sübut edir. Bu, Azərbaycan və İran prezidentlərinin son 3 ildə həyata keçirdikləri sayca 8-ci görüşdür. Ümumiyyətlə, İranla siyasi münasibətlər Azərbaycanın xarici siyasətində hər zaman xüsusi önəmə malik olub. Bu, yalnız qonşuluq baxımından deyil, uzun əsrlərin tarixi-mənəvi bağlılığından və orada yaşayan 40 milyonluq soydaşımızın varlığından qaynaqlanıb. Vurğulamalıyıq ki, bu, perspektivli və böyük imkanlar vəd edən bir səfərdir. Gerçəkləşdirilən səfərlə biz, ən yüksək səviyyədə dost, qonşu ölkə olduğumuzu nümayiş etdiririk. Təbii ki, eyni münasibət birmənalı olaraq qarşı tərəfdən də gözlənilir".
Ekspert deyib ki, İran-Azərbaycan münasibətləri eyni zamanda iqtisadi nöqteyi-nəzərdən öz səmərəsini göstərə bilər: "Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti "Şahdəniz-2" layihəsinin fəal iştirakçısı və sərmayədarıdır. Regional əməkdaşlığın qurulmasında ciddi əhəmiyyətə malik "Şimal-Cənub" nəqliyyat dəhlizini də xüsusi vurğulamaq olar. Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun açılışı, energetika, ticarət, nəqliyyat, turizm və ekologiya sahələrində həyata keçirilən digər layihələr Tehran və Bakının regional və regionlararası əlaqələrin mərkəzinə çevrilməsinə imkan yaradır. Lakin şübhəsiz ki, İranın yalnız Azərbaycanın ərazi bütünlüyünü dəstəkləməsi ilə bağlı verdiyi bəyanatlardan əlavə, əməldə işğalçı Ermənistanla münasibətlərində müəyyən korrektələr etməsi də ciddi məqamdır. Bu bir həqiqətdir ki, İran Ermənistan münasibətləri, Azərbaycanın haqlı gözləntiləri ilə tərs mütənasibdir. Azərbaycan cəmiyyəti, bu məsələdə İranın siyasi və dini dairələrindən adekvat münasibət gözləyir. Məncə unudulmamalıdır ki, işğal edilmiş torpaqlarımızda dağıdılan məscidlər, peyğəmbər nəslinin nümayəndələrinin təhqir edilmiş məzarları həm də İranın paylaşdığı dəyərlərin bir hissəsidir".
Politoloq Cümşüd Nuriyev isə deyib ki, Azərbaycan prezidentinin İrana səfəri uğurlu və əhəmiyyətli idi. Onun sözlərinə görə, iki ölkə arasında dəmiryolu xətti ilə bağlı yeni imzalanan müqavilə göstərir ki, Azərbaycanın İranla bağlı ağıllı, uğurlu və gələcəyə hesablanan strateji siyasət həyata keçirir: "Ölkə başçısının son səfəri də bu siyasətin davamıdır. Ümumiyyətlə, İran Azərbaycanla qonşu dövlət olmaqla yanaşı, ölkəmizlə əməkdaşlıq edir. Bundan əlavə, soydaşlarımızın ən böyük hissəsi İran ərazisində yaşayır".
Politoloq qeyd edib ki, İranın Azərbaycana qarşı münasibətlərində müəyyən zamanlarda gərginlik olsa da, hazırda Azərbaycanla İran arasında mübadilələr də çox yaxşı səviyyədədir: " Bilirsiniz ki, İran blokada da olan Naxçıvan Muxtar Respublikasına yol verib və bu, indidə davam edir. Vaxtilə Zəngilan, Cəbrayıl işğal olunanda da İran öz sərhədini açmışdı. Düzdür, İran müəyyən vaxtlarda ölkəmizə qarşı münasibətlərdə ciddi addımlar atsa da, Azərbaycan İranla uzun müddətdir ki yaxın qonşuluq münasibətlərini saxlayır".
Azərbaycan prezidentinin son 3 ildə üçüncü dəfədir ki, İrana rəsmi səfərə getdiyini xatırladan C. Nuriyev qeyd edib ki, səfər Azərbaycan prezidentinin İrana qonşu ölkə kimi müsbət münasibət göstərdiyini bir daha ortaya qoymuş oldu: "İran ölkəmizin ərazi bütövlüyünü tanıyır. Azərbaycan bütün ölkələrin siyasətinə hörmətlə yanaşır. Bunlardan əlavə, ölkəmiz İranla iqtisadi, hərbi və digər sahələrdə də əməkdaşlıq edir. Bütün bunları nəzərə alaraq, ölkə başçısının son səfərini faydalı adlandıra bilərik".
PƏRVANƏ