|
|
|
|
Aprelin 1-də Azərbaycan Texniki Universitetində (AzTU) "ARB Media Qrup"un təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş "Çin olan yuxu" filminin təqdimat mərasimi keçirilib.
Mərasimdə millət vəkilləri, Müdafiə Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət adamları, AzTU-nun müəllim və tələbə kollektivi, media nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirib ki, keçən ilin aprel döyüşlərində Azərbaycan Texniki Universiteti 4 şəhid verib. “Bu il isə məzunumuz Çingiz Qurbanov şəhidlik zirvəsinə ucalaraq, öz adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazdırıb. Universitetimizin "Xüsusi texnika və texnologiya" fakültəsinin ilk məzunlarından olan Çingizi biz hamımız Azərbaycanın silah yaradıcıları sırasında görmək istəyirdik. Amma onun qismətində daha uca zirvə - şəhidlik var imiş..."
Filmin ideya müəllifi və baş produsseri Vəli Turan çıxışında 1918-ci il 31 Mart soyqırımını, aprel döyüşlərini xatırlayıb, filmin çəkilişinə dəstək verdikləri üçün Müdafiə naziri Zakir Həsənova, AzTU-nun rəhbərliyinə və Çingiz Qurbanovun ailəsinə öz təşəkkürünü bildirib.
"Çin olan yuxu"nun nümayişindən sonra millət vəkili Aydın Mirzəzadə bu ekran işinin əhəmiyyətindən danışıb, Çingiz Qurbanovun qəhrəmanlığı, mənalı ömür yolu haqda fikirlərini bölüşüb.
Ç. Qurbanovun atası Salman Qurbanov filmin hazırlanmasında əməyi olan hər kəsə, qonaqlara təşəkkür edib və dövlət başçımızın rəhbərliyi ilə torpaqlarımızın tezliklə düşmən işğalından azad olunacağına inandığını qeyd edib: "Mən bir şəhid atası kimi buna əminəm. Bütün tələbələrə, gənclərə Çingiz kimi qoçaq olmağı, vətənini, millətini sevməyi arzu edirəm".
Filmin ideya müəllifi və baş prodüsseri V.Turan, quruluşçu rejissoru Dəyanət Rzayev, ssenari müəllifi Coşqun Beydulladır.
"Çin olan yuxu"nun çəkilişləri Ç.Qurbanovun doğulduğu Qusarın Həzrə kəndində, ali təhsil aldığı Azərbaycan Texniki Universitetində və xidmət etdiyi Tovuz rayonu "N" saylı hərbi hissədə aparılıb. Filmdə Ç.Qurbanovun atası Salman Qurbanov, anası Nailə Qurbanova, qardaşı Beydulla Qurbanov, müəllimləri Sofiya Kadiyeva, Bəxtiyar Rəfixanov, Asim Mirzəyev, İsa Xəlilov, Ramiz Hüseynov, tələbə yoldaşı Cümşüd Murtuzayev, əsgər yoldaşı Vəfadar Tahirli, bölük komandiri Nizami Ağayev və başqaları onun haqqında düşüncələrini, xatirələrini dilə gətiriblər.
Şahanə MÜŞFİQ