"Aprel döyüşləri" Qarabağ müharibəsində qələbənin ilk müjdəçisi, dönüş nöqtəsi oldu.
Uzun illərdən sonra işğal olunmuş torpaqlarımızın bir parçasını azad edən, bizə qələbə sevinci yaşadan Aprel şəhidlərinin ruhu qarşısında baş əyirik.
"Murov qartalı" "Aprel döyüşləri"ndə qəhrəmancasına şəhid olmuş əfsanəvi kəşfiyyatçı, cəsur komandir polkovnik-leytenant Raquf Orucovun ömür və döyüş yolundan bəhs edən qəhrəmanlıq kitabıdır.
Tanınmış jurnalistlər Elşən Əliyev və Elxan Salahovun yüksək peşəkarlıq, həssaslıq və sevgiylə qələmə aldıqları "Murov qartalı" kitabının ölümsüz qəhrəmanını siz də tanıyın.
24 ilin son 4 günü
... Düz 24 il ön cəbhədə işğal altında olan torpaqlarımızın azad olunacağı günü gözləmişdi. Ölümdən, itimdən, min bir müsibətlərdən keçə-keçə o günün gələcəyinə, qələbəni öz gözləri ilə görəcəyinə inanmışdı. 24 ildən sonra o gün gəlmişdi. Cəbhə xətti od tutub yanırdı. Amma bu dəfə qana susamış düşmən gözləmədiyi cavabı alacaq, burnu ovulacaqdı.
Döyüş getdikcə şiddətlənirdi. O, həmişəki kimi ön cəbhədə, döyüşün lap mərkəzindəydi. Azad olunan torpaqların doğma qoxusu, əsgərlərin, zabitlərin gözündəki qələbə işığı ona 24 il arzusunda olduğu anları yaşadırdı...
Azad olunan yüksəkliklərə taxılan üçrəngli bayrağı görmək, bu həyəcanlı anları yaşamaq bir ömürlük mübarizəyə dəyərdi.
Ömrü boyu ölümlə oynayan 44 yaşlı əfsanəvi kəşfiyyatçı döyüşün dördüncü gününü yaşayırdı...
Talış yüksəkliyi ətrafında qanlı döyüşlər gedir, havadan yağış kimi güllələr, mərmilər yağırdı. Yaxınlıqda partlayan mərminin hədəfi Murov qartalı idi.
24 il sinəsini ön cəbhədə torpağına sipər edən döyüşçü gec-tez sinəsinin düşmən gülləsinə tuş gələcəyini bilirdi. Ölümdən yüz kərə keçsə də, anasının uyuduğu torpağı, azad olmuş Qarabağı görmədən ölmək istəmirdi.
... Qanı canından çox sevdiyi torpağına axdıqca polkovnik- leytenantın üzündə qəribə bir işıq dolaşırdı.
Deyirlər ölümqabağı insanın ömrü bir anda gözlərinin qarşısından gəlib keçir.
Göydən güllələr, mərmilər yağırdı, bu dar macalda onun yaddaşı Qarabağ hadisələrinin alovlandığı vaxta yollanmışdı. Onda hələ məktəbliydi. Böyüklərə qoşulub Fərrux yüksəkliyində postda dayanardı. Başının üstünü qara buludlar alan yurdunu, torpağını elə o vaxtdan dəli bir istəklə sevmişdi.
Ömrü kinolentə çevrilmişdi. Kadrlar bir-birini əvəz edirdi. Sovet Silahlı Qüvvələrinin tərkibində 11 ay xidmət edəndən sona xidmətini yarımçıq qoyub Vətənin harayına gəldiyi günü, Ağdamda Eldar Bağırov adına 845 saylı özünümüdafiə batalyonunda sıravi əsgər kimi mühüm döyüş əməliyyatlarında iştirakını, Qarabağ hadisələrinin ağrı-acılarını bir-bir xatırlayırdı.
Güllə, mərmi yağışı altında illərin o üzündən qulağına anasının səsi gəlirdi. Onun ruhunda şəhid Anasıyla yaralı Vətən birləşib, bütövləşib Ana Vətən olmuşdu.
... 1993-cü ilin 12 iyununu isə heç vaxt unutmayacaqdı. O gün 42 yaşlı anası kənddən bir qədər aralıda yerləşən özünümüdafiə batalyonunun əsgərlərinə evdə bişirdiyi yeməkdən pay aparmışdı. Axı bu əsgərlər də onun balası kimi bu torpağın keşiyini çəkirdi. Geri qayıdarkən erməni vəhşilərinin atdığı "Qrad" mərmilərindən biri yaxınlıqda partlayaraq anasının həyatına son qoymuşdu. O, bu xəbəri biləndə artıq gec idi, düşmən kəndi işğal etmişdi.
Gecəynən əsgər yoldaşları ilə gedib ansının və dayısının cəsədlərini döyüş meydanından necə çıxardıqlarını, "Yeddi xırman"ın o üzündəki Güllü kəndinin qəbiristanlığında dəfn edərkən hansı hisslər yaşadığını Allahdan başqa kimsə bilməyəcəkdi.
O vaxt 20 yaşı olsa da, anasının məzarı başında birdən-birə 20 il böyüdüyünü hiss etmişdi...
Cəmi bir həftədən sonra ermənilər anasını dəfn etdiyi Güllü kəndini də işğal edib onun dünyasını büsbütün dağıtdılar. O zaman and içdi ki, torpaqlar yağılardan azad olmayınca rahatlıq tapmayacaq. Andına sadiq qaldı, 24 il ön cəbhədən bir addım da olsun geri çəkilmədi.
Allah ona güclü iradə, səbr və dözüm vermişdi. O, ömrünün sonunacan düşmənlə mübarizə aparacağına, qisasını alacağına inanırdı.
Göydən güllələr, mərmilər yağırdı...
Qələbə düsturunun şifrəsi
Bakı Ali Hərbi Məktəbində təhsil aldığı, ön cəbhəyə yollandığı günlər sürət qatarı kimi yaddaşından şütüyüb keçirdi...
... 1996-ci il. Murovdağda yerləşən hərbi hissələrin birində kəşfiyyat bölüyünün komandiridir. Murovdağın quş uçmayan yüksəkliklərində, sərt qayalarında amansız döyüşlər gedir. O zamanlar Murovdağda xidmət etmək könüllü ölümə getmək idi.
Həmin vaxt "Milli ordu" qəzetinin müxbirinin sualına gözlənilmədən belə bir cavab verir: "Silahın sirlərini öyrənmək, texnikanı işlətmək, təmir etmək çox asan işdi. Əgər qəlbində torpağına sevgi, yurduna məhəbbət yoxdusa, mahir döyüşçü olsan da, heç nəyə nail ola bilməyəcəksən".
Torpağa sevgi, yurda məhəbbət. Onun üçün qələbə düsturu bu sözlərdən başlayırdı.
1997-ci il. Kəşfiyyat tağımının komandiri kimi hərbi tapşırıqları yerinə yetirir. Başçılıq etdiyi kəşfiyyat qrupu düşmən arxasına keçərək üç ermənini əsir alır. Bu "qənimət" meşədə azaraq girov düşmüş əsgərlərimizin həyatını xilas edir.
Bu zaman göstərdiyi şəxsi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunur.
İşğal edilmiş Kəlbəcər rayonu ərazisində ermənilərin hərbi hissəsinin dislokasiyası və tərkibi haqqında vacib elementləri, nöqtələri videolentə alması onun qəhrəmanlıqlarından biridir.
... Artıq 8 ildir Murovdağda xidmət edir. Vəfalı həyat yoldaşı, körpə oğlu onu tez-tez ziyarət edir.
Hər qarışına bələd olduğu dağlarda həyata keçirdiyi riskli əməliyyatlar bir-birini əvəz edir. Düşmən arxasına keçərək təhlükəli döyüş tapşırıqlarını uğurla yerinə yetirir, hava, gizli məlumatları əldə edir. Bütün bu cəhdləri, fədakarlıqları haqlı olaraq ona "Murov qartalı" adını qazandırır.
Əslində bu ad ona, o da bu ada yaraşır...
Güllələr, mərmilər göydən yağış kimi yağırdı. Polkovnik-leytenat olumla-ölüm arasında yaşadığı ömrü xatırlayırdı...
Əsgər, tağım komandiri, kəşfiyyat xidmətinin rəisi, əlahiddə kəşfiyyat taborunda qərargah rəisi, hərbi birləşmənin komandiri, xüsusi təyinatlı hərbi hissədə əməliyyat rəisi... oğul, qardaş, ata, ər, dost, döyüşçü... O, bir ömür üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə, ləyaqətlə gəlməyə çalışmışdı. Dünyada ədalət hissindən üstün hiss tanımırdı. Müharibənin yazılmamış qanunları belə içindəki ədalət hissinə kölgə sala bilməmişdi.
Dünyadan ayrılırdı, amma nigarançılıqları da vardı. Hələ azad olunmamış Vətən torpaqları, anasının işğal altında olan qəbri, boya-başa çatmamış övladları, 17 il döyüş bölgələrində onu tək qoymayan vəfalı həyat yoldaşı, yaşlı atası, övladları qədər sevdiyi əsgərləri üçün nigaran idi...
"Murov qartalı"nın son uçuşu
... O bu günü 24 il gözləmişdi. Torpaqlarımız qarış-qarış düşməndən azad olurdu, havadakı barıt qoxusunu ümid qoxusu əvəz edirdi, əfsanəvi kəşfiyyatçı son anlarını yaşayırdı. Vaxt daraldıqca ürəyinə, ruhuna qəribə sakitçilik çökür, şəhidliyin ağ yolu görünürdü...
"Ölüm haqqında tibbi şəhadətnamə"də yazılır: "Döş boşluğuna nüfuz edən kor odlu silah güllə yaraları..."
24 il müddətində Raquf Orucov dəfələrlə yaralanmışdı. Ayağında qəlpələr gəzdirirdi. Günlərin birində şəhid olacağını da bilirdi.
... Xalq "Murov qartalı”nı çiynində son mənzilə - Sumqayıt Şəhidlər Xiyabanına yola salırdı. Ellər igid oğlunu ağlayırdı. O, Qarabağın azad olduğu günü görə bilmədi, amma şəhid oğullarımızla birgə xalqına qələbə sevinci yaşatdı.
"Aprel döyüşləri"ndə göstərdiyi şücaətə görə polkovnik-leytenat Raquf Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Son söz əvəzi və sonsuzluq
Sağlığında əsl qəhrəmana çevrilən Raquf Orucovun romanlara sığmayan həyatını "Murov qartalı" kitabından oxudum. "Azİmport" MMC -nin təşəbbüsü ilə işıq üzü görən bu qəhrəmanlıq kitabının məsləhətçiləri İlham Əhmədov, Xanlar Məmmədov, redaktoru Müsəllim Həsənovdur. Kitabda şəhid polkovnik-leytenantın keçmiş döyüşçü dostlarının- komandir və əsgərlərin, ailə üzvlərinin xatirələri, eləcə də dövrü mətbuatda Raquf Orucov haqqında dərc olunan yazılardan bir qismi yer alıb.
Qəhrəmanların hekayəti isə heç vaxt bitmir...
Təranə VAHİD