|
|
|
|

İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyətinin təşviqi və sahibkarların dövlət xidmətlərinə rahat çıxışının təmin olunmasına dəstək verən "Şuşa KOB evi"ndə bu ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib.
525.az-a bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, KOB evinə daxil olan müraciətlər əsasən biznes fəaliyyətinin təşkili, kommunal şəbəkələrə qoşulma və vergi məsələləri ilə bağlı olub. Belə ki, yanvar-may aylarında "Şuşa KOB evi"nə ən çox müraciət edilən "Azərişıq" ASC - 219 (39,18%), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti - 161 (28,80%), "Azəriqaz" - 122 (21,82%) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi - 50 (8,94%) tərəfindən göstərilən xidmətlər olub.
"Şuşa KOB evi"nə Qarabağ iqtisadi rayonuna daxil olan bütün şəhər və rayonlardan sahibkarlar müraciət edə bilərlər.
Qeyd edək ki, "Şuşa KOB evi" 2025-ci ilin fevral ayında fəaliyyətə başlayıb və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir. Burada sahibkarlara biznesin qeydiyyatı, vergi xidmətləri, lisenziya və icazələrin alınması, investisiya təşviqi sənədinin verilməsi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi, kommunal xidmətlərə qoşulma və digər istiqamətlər üzrə xidmətlər göstərilir. Ümumilikdə, "Şuşa KOB evi"ndə sahibkarlara 8 dövlət qurumu və özəl təşkilat tərəfindən 90-dan çox xidmət təqdim olunur.
"Şuşa KOB evi" Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin binasında yerləşir. KOB evində göstərilən xidmətlər barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək olar: https://smb.gov.az/az/nav/kob-evleri



