|
|
|
|

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 45 ünvanında yerləşən və fiziki şəxs Ənvər Ağa Rəhim oğlu Hüseynova məxsus olan “Le Beirut” ictimai iaşə müəssisəsində yoxlama aparılıb.
525.az-a bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi çıxarışı olmadan dönər məhsulları istehsal etdiyi, ət məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin olmadığı, etiket məlumatları olmayan xammallardan istifadə edildiyi aşkarlanıb. Həmçinin soyuq qəlyanaltıların saxlanılması zamanı temperatur rejiminə əməl olunmadığı, mətbəxdə texnoloji ardıcıllığın pozulduğu, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. İstehlaka hazır qida məhsullarından və dönərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Soyuq qəlyanaltıların hazırlanması və satışı, eləcə də çiy dönər istehsalı və bişmiş dönər ətinin satışının dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.



