“İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi və həftəsonlarını səmərəli keçirmələri üçün bir-birindən maraqlı fəaliyyətlər həyata keçirir.
Təşkilatdan verilən məlumata görə, həftəsonu fəaliyyətlərinin keçirilməsində məqsəd həm də gənclərin dünyagörüşünün artırılmasında, əhatə dairəsinin genişləndirilməsində və onların ictimai fəaliyyətinin inkişaf etdirilməsində yaxından rol oynamaqdır.
Məhz bu fəaliyyətlərdən biri də həftəsonu “İrəli” İctimai Birliyinin ofisində baş tutan silsiləvi təlimlərdir. Keçirilən təlimlər çarçivəsində gənclər öz bilik və bacarıqlarını artırmaqla yanaşı, həm də maraqlı və intellektual oyunlar oynayaraq istirahət günlərini səmərəli keçirirlər.
Təlimlər hər həftəsonu fərqli mövzularda olmaqla gənc və peşəkar təlimçilər tərəfindən keçirilir.
Mütəmadi olaraq təlimlərdə 30-dan artıq fəal gənc iştirak edir. Baş tutan təlimlər sırasında Orxan Hafizoğlunun təqdimatında “Marketinq”, Tamerlan İsmayılovun təqdimatında “Öz biznesini qur”, Hüseyn Hümbətovun “Gənc sahibkar ol” və Malik Bağırovun təqdimatında “Motivasiya” təlimləri zamanı gəncləri maraqlandıran bir sıra suallar cavablandırılıb. Həmçinin gənclərin maraq dairəsində olan “Biznes sahəsində irəliləmək”, “Marketinqin sirləri”, “Motivasiya insan üçün nə qədər önəmlidir?” kimi mövzulara da toxunulub.
Təlimlərin sonunda gənclərlə müxtəlif mövzularda müzakirələr aparılıb.
Qeyd edək ki, təlimlərin hər həftəsonu keçirilməsi planlaşdırılıb.
Ceyhun ABASOV