Bu gün Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AGƏC) Brayl nəşrləri informasiya resurs mərkəzində nəşriyyatın bərpadan sonra açılış mərasimi keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə cəmiyyətin sədri Simyar Abdullayev bildirib ki, görmə imkanları məhdud şəxslər üçün müyəssər formatlı nəşrlərin hazırlanması məqsədilə Küveyt dövləti tərəfindən Gözdən Əlillər Cəmiyyətinə müasir standartlara cavab verən poliqrafiya avadanlıqları hədiyyə edilib. Cəmiyyətin nəşriyyatının bərpa edilərək yenidən istifadəyə verildiyini deyən S.Abdullayev qeyd edib ki, burada 12 nəfər görmə imkanları məhdud şəxslərin məşğulluğu təmin ediləcək: “Əldə edilən mənfəət görmə imkanları məhdud şəxsləri dərslik və digər kitablarla təmin etməsi ilə yanaşı, onların məşğulluq problemlərinin həllinə və ağır vəziyyətdə olan cəmiyyət üzvlərinə maddi yardımın göstərilməsinə dəstək olacaq. Bura yalnız görmə imkanları məhdud şəxslər üçün deyil, həm də ümumi nəşriyyat kimi fəaliyyət göstərəcək”.
Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi bildirib ki, hər iki ölkə arasında elmi, mədəni, dini əlaqələr mövcuddur. Onun sözlərinə görə, Küveyt indiyə qədər də Azərbaycanda belə layihələr həyata keçirib: “Bu dəfə gözdən əlillər üçün yeni mətbəə təşkil edilib. Belə bir mətbəə Azərbaycanda, hətta regionda ilk dəfə qurulub”.