|
|
|
|
PƏNCƏRƏDƏN DAŞ GƏLİR
Pəncərədən daş gəlir
ay bəri bax bəri bax
bu səs nə tanış gəlir
ay bəri bax, bəri bax
Pəncərədən daş gəlir
gəlsəm yəqin görərəm
xumar gözdən yaş gəlib
səni yada veriblər,
allaha da xoş gəlib
Pəncərədən gələn daş
dəydi bəxtimə dəydi
sındırdı onu qardaş
bəxtimə dəyən daşı
gərək vaxtlı görəydim
sinəmdəki atəşi
Pəncərəyə hörəydim
çatlayaydı o daş da
Pəncərəyə baxanda
özgə göz də baxış da
gəlsəm yəqin görərəm
xumar gözü yaşlı qız
xısın-xısın ağlayır
bir “Vağzalı” zənciri
qollarımı bağlayır
bəlkə elə görərəm
yetib payız hədəsi
çatıb vaxtı vədəsi
ayrılıb gəlin köçür
Pəncərəsi daşlı qız
son dəfə o küçədə
xumar gözdən yaş gələr
son dəfə o gecədə
Pəncərədən daş gələr
ADƏT GÜLÜNCÜ
Yolların ağına boylanıb qalıb
dalınca ürəyim döyünsə də get
üz üstə torpağa quylanıb qalıb
bəxtin qarasınca deyinsəm də get
səfa sürənindi cəfa çəkənin
qar duvaq qanını qaraltmasın heç
o tirmə köynəyin sarı çəpkənin
payızı
ruhunu saraltmasın heç
kor baxmaq olsa da
xor baxmaq olmaz
atalar öyrədib
el adətinə
ulu ətəyini buraxmaq olmaz
şükür böyüklərin ədalətinə
allah gülünc olduq
adət gülüncü
SİZİN KÜÇƏDƏ
Payız səmasıdır sinəmdə könül
sizin küçədəyəm bu gecə gülüm
bilirsən, mənimçin kiminsə deyil
sənin adınadır bu küçə gülüm
qoşa gözlər idik
duyuq düşəndə
səndən zalım anan məndən qonşular
yağış başlayanda soyuq düşəndə
bənövşə halıma yandı qonşular
anan bilmədimi səni kim sevir
başında şan şöhrət havası vardı
əgər bacarsaydı
götürüb evi
arxası küçəyə tərəf qoyardı
bu küçə küçə yox çaydı dağ çayı
neçə
dalğasına düşmüşəm onun
dünyanın ən sakit mülayim ayı
belə
qovğasına düşmüşəm onun
silinməz iz salıb o yaddaşımda
ömrümdə şimşək tək alışıb yanıb
yadıma düşəndə haçan
başımda alovlar dillənib odlar qalanıb
pərdələr elədir elədir elə
indicə açılar çölə baxarsan
külək cövlan edir belədən belə
sanıram indi də bu evdə varsan
yenə təzə ildir yenə qarlı qış
saat o saatdır an da ki o an
yağır əzəlki tək bəhanə yağış
birdən əzəlki tək çölə çıxarsan
lll
Çiçəklənib alça göyəm
qarşı duran dağ təzə-tər
arx üstündə mən köhnəyəm
arx kənarı bağ təzə-tər
gecənin göy üzünə də
bağdan güllər aşıb-daşıb
əsli də göy üzündədi
Pəncərədən gələn daşın
qızın yaz çağı yaz çağı
qar qalanıb hara gör bir
qışın oğlan çağı deyil
oğlanın qış çağıdı bil
yazın qız çağı qız çağı
buz qəlbə dov gələ bilmir
lll
Bu qapısız dünyada
Pəncərədən daş gələr
pəncərəyə hər baxan
öz daşına tuş gələr
dünyamızı dəyişər
pəncərədən gələn daş
göz yaşı tək yaşayan
baş daşı tək ölən daş
bu qapısız dünyadan
gələrik biz dünyaya
gedərik bu dünyadan
pəncərəsiz dünyaya
lll
Gündüzlər ağ pərdədir
gecələr qara pərdə
bu dünya bir səhnədir
tale oynayan yerdə
ulduzlar ağ yalandır
günəş qırmızı yalan
hamıdan yalançıdır
hamıdan doğru olan
Pəncərədən daş gəlir
bəri bax dünyasıdır
ən haqsız adamın da
yeri haqq dünyasıdır
lll
Yanımda boş qaldı yerin
boşluğunla doldu yerin
şerimlə doldu boşluğun
şerim ilə doldu yerin
yerin boşluğunun şeri
yerin bu şerin yeri bax
nə pəncərə yeri nə daş
yerin ay bəri bəri bax
boşluğuna doldu şerim
boşluğunla doldu şerim
boşluğun hər yerindədi
mənim şerim sənin yerin
BİR ANADİL OLSAYDIM
anasız anamın anası dilim
Adəmdən Xatəmə yol gedən alma
dünyaya Nyuton bəxş edən alma
mənə Pəncərədən daş kimi gəlib
Lalın da dilini anası bilir
hanı mənim dilim onu tap ana
ağzımda alışıb yanası dilim
xəzinə qalmadı onu tapana
xəzinə talayıb çapana qaldı
oxunmaz Qubanın ağ alması ta
yəqin ki qiyamət qopana qaldı
mənim bu yaramın sağalması da
lll
Başıma daş düşdü mənim
yaxşı ki qoşa düşmədi
daş da başa düşdü məni
sən məni başa düşmədin
müridin olmaq istədim
dərsimi almaq istədim
dərdinə qalmaq istədim
sevgimin yaşı düşmədi
qaçacam mən qəm əlindən
dalımca qoşun düşəcək
mənim baş daşım yerinə
sənin göz yaşın düşəcək
SÖHRAB TAHİR AZƏR AZƏRƏ
Sən ey daha ən böyük
azadlığa qovuşan
ikili taleyinin
ikincisini yaşa
azad qardaşın ki var
səni kim tanımır ki
səni tanımayanlar
özünü tanımır ki
Pəncərədən daş gələn
bəxtindən Bəri bax sən
ölümü bölüb Azər
Azər Yaşayacaqsan
BİR TALE Kİ PƏNCƏRƏDƏN DAŞ KİMİ GƏLSİN
R.T.
Bir tale ki pəncərədən daş kimi gəlsin
bir ömür ki xumar gözdən yaş kimi gəlsin
kim görüb ki belə bəxtin xoş günü gəlsin
ay ana elə bil bizə it ağız açıb
it ağzından çıxır səhər öz aramızdı
ay nə bilim xoruz banı quşların səsi
nə bilim Ay dan ulduzu hamısı sözdü
azanı da qarşılayır it hürüşməsi
it ağzından çıxan dəniz söz burda qalsın
hanı səndə o mavilik yamyaşıl yosun
dənizsənsə tufan qopar fırtınan olsun
görüm sənin göl üzünü okean yusun
Baskervillərin iti tap itən yamyamı
İtağzıgül it ağzını açır hər gülə
inanmayanın ağlına keçə yamayım
it qursağı yağ götürməz deyən aqilə
BİR ŞEİR Kİ DUA KİMİ DEYİB DİNCƏLƏK
Bir tale ki pəncərədən daş kimi gəlsin
bir ömür ki xumar gözdən yaş kimi gəlsin
kim görüb hər Bəri baxdan bir geri baxıb
allaha xoş gəlməyənin xoş günü gəlsin
bir Yazı ki eşq nağılı Min bir gecəlik
bir şeir ki dua kimi deyib dincələk
uzun sözün qısasını yazan bir şeir
Yazan sözün qısasına yazıb hər şeyi
qırx incəbel qızla bağda süzən bir şeir
sərv boyu tül yelkəndə üzən bir şeir
iki daşın arasından sızan bir şeir
çay əli dağ ətəyindən uzun bir şeir
bu da sənə uzun sürən qaranlıq gecə
sanki qurdla qiyamətə qalan bir qoca
dalısıyca ayağını sürüyən küçə
günəşli gündüzdən aylı gecədən keçə
ay mərcanı çaya düşən göy bəndə düşə
ay könüldən çay adlı bir kəməndə düşə
ay sayrışan burulğan su sal daşda çaşa
çay məcranı dəyişə sel su daşdan daşa
dağ çilleyi kamanına mindirib çayı
əldən çıxan misra çəkib sözbəsöz yayı
dağdakı kef düzdə çayın burnundan gəlib
kim qaytarıb gözəl Tanrı göndərən payı
QARDAŞXAN