|
|
|
|
Dünən Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının rəhbər şəxslərinin 51-ci iclası öz işinə başlayıb.
Dövlət komitəsindən verilən məlumata görə, iclasda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, yerli məhsulların ixrac qabiliyyətinin yüksəldilməsi məqsədilə prezident İlham Əliyevin həyata keçirdiyi siyasət haqqında geniş məlumat verib.
Komitə sədri bildirib ki, iqtisadi islahatların dayanıqlılığını təmin etmək, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini və ixrac potensialını yüksəltmək, xarici ticarəti daha da liberallaşdırmaq, standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrini müasir tələblərə uyğunlaşdırmaq məqsədilə ölkə başçısı tərəfindən fevralın 10-da müvafiq fərman imzalanıb.
Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tanınması, məhsulların keyfiyyətini təsdiq edən sənədlərin, sertifikat və akkreditasiya prosedurlarının xarici ölkələrdə tanınmasının təmin edilməsi məqsədilə komitə tərəfindən müvafiq işlərin aparıldığını deyən R.Həsənov bildirib ki, Azərbaycanda keyfiyyət infrastrukturu sahələri üzrə 4 publik hüquqi şəxs təsis edilib: "Bunlar Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi, Patent və Əmtəə Nişanları Mərkəzidir".
Komitə sədri qeyd edib ki, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən, Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üçün dövlət proqramının layihəsi də artıq hazırdır: "Azərbaycan Standartlaşdırma İnstitutu və Azərbaycan Metrologiya Mərkəzinin milli qurum kimi beynəlxalq təşkilatlara üzvlüyünün və akkreditasiya nəticələrinin qarşılıqlı tanınması ilə bağlı beynəlxalq müqavilələr bağlanmasının təmin edilməsi ilə əlaqədar işlərə başlanıb".
Sonra MDB-yə üzv ölkələrin keyfiyyət infrastrukturu sahələri üzrə fəaliyyət göstərən qurumların rəhbərləri çıxış ediblər. Belarusun Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Viktor Nazarenko, Qazaxıstanın Texniki Tənzimləmə və Metrologiya Komitəsinin sədr müavini Şınar Kazıbayeva, Qırğızıstanın Standartlaşdırma və Metrologiya Mərkəzinin direktoru Berdimamat Adanbayev, Moldovanın Milli Akkreditasiya Mərkəzinin direktoru Yeujeniya Spoyale, Standartlaşdırma İnstitutunun direktoru Yuriy Sokol, Rusiyanın Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin rəisi Aleksey Abramov, Akkreditasiya üzrə Federal Xidmətin rəis müavini Serqey Miqin, Tacikistanın Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Təftiş üzrə Agentliyin idarə rəisi Raxmonşo Davlatzoda, Özbəkistanın Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Agentliyinin baş direktoru Aktam Xaitov, Ukraynanın Metrologiya və Standartlaşdırma təşkilatının baş direktorunun I müavini Viktor Rimer təmsil etdikləri qurumların fəaliyyəti və ölkələrində bu sahədə həyata keçirilmiş son islahatlar haqqında məlumat veriblər.
Daha sonra iclasda iştirak edən regional və beynəlxalq təşkilatların rəhbərləri keyfiyyət infrastrukturunun ticari əlaqələrin və sənayenin inkişafındakı rolundan danışıblar. Beynəlxalq Standartlaşdırma Təşkilatının Akademiyasının direktoru Daniele Qerundino, Beynəlxalq Elektrotexnika Komissiyasının vitse-prezidenti Ulrix Şpindler, Elektrotexnikanın Standartlaşdırılması üzrə Avropa Komitəsinin prezidenti Tiis Bernhard, UNİDO təşkilatının Ticarət, İnvestisiyalar və İnnovasiyalar departamentinin direktoru Bernardo Kolsidilla-Sarmiento, Polşanın Standartlaşdırma üzrə Komitəsinin vitse-prezidenti Jolanta Koçanska, Türkiyə Standartları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Yılmaz Basak, Slovakiyanın Metrologiya İnstitutunun baş direktorunun müavini Dusan Butas və başqaları keyfiyyət infrastrukturunun inkişafı ilə bağlı mövcud beynəlxalq təcrübə haqqında çıxış ediblər.
Sonra MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının fəaliyyətində göstərdikləri xidmətlərə görə R. Həsənov MDB İcraiyyə Komitəsinin Fəxri Fərmanı ilə təltif edilib.Bundan başqa, bir qrup mütəxəssisə standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələrində Şura ilə yaxından əməkdaşlığına görə fəxri nişan təqdim edilib.
Qeyd edək ki, iclas bu gün öz işinə yekun vurur.
Ceyhun ABASOV