|
|
|
|
“İrəli” İctimai Birliyinin həyata keçirdiyi “SAY: Solidarity” – “Gənclərin Həmrəylik Düşərgəsi” layihəsi başa çatıb.
İctimai Birlikdən verilən məlumata görə, Azərbaycanda İslam həmrəyliyinin möhkəmləndirilməsində gənclərin rolunun artırılması, tolerantlıq prinsiplərin və yaşıl “düşüncənin” formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin aktiv iştirakını təmin etməklə, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq məqsədi ilə reallaşdırılan layihədə 100-dən artıq gənc iştirak edib.
Bağlanış mərasimi Balakən rayondakı Heydər Əliyev adına parkda baş tutub.
Daha sonra iştirakçılar Balakən Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış konsert proqramında layihə haqqında fikirlərini bölüşüb, başda “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov olmaqla təşkilati heyətə təşəkkürlərini bildiriblər.
M.Seyidov hər zaman dövlət siyasətini dəstəklədiklərini qeyd edib. O, təşkilat olaraq hər il gənclər paytaxtı seçilən regionda böyük layihələr həyata keçirərək gənclər arasında əlaqələrin genişlənməsindən və bunun gələcəkdə verəcəyi müsbət nəticələrdən danışıb.
Balakən rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Pacalov Balakən rayonun fəaliyyətindən danışıb, layihə iştirakçılarının Balakən rayonunda görməkdən şad olduqlarını bildirib.
Qeyd edək ki, Support of Azerbaijan Youth (SAY): Gənclərin Həmrəylik Düşərgəsi layihəsi, “İrəli” İctimai Birliyinin SAY hərəkatı adı altında reallaşdırdığı 5-ci layihədir. Bundan öncə “SAY: Könüllülük akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm” və “SAY: Volfest” layihələri baş tutub. Adı çəkilən layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi və onların hərtərəfli formalaşmasına şərait yaratmaq idi.
Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı, “Azərsun” Holdinqin təşkilati dəstəyi ilə baş tutub.
Ceyhun ABASOV