Hər kəs bəhrəsini vaxtında dərib,
Mənsə fidanımı əkirəm.
Gənclik illərimi küləyə verib,
Ahıl günlərimə keşik çəkirəm.
"Adam var ki, yüz il yaşasa da, özündən, beş-üç yaxınlarından başqa kimsəyə gərək olmur. İnsan da var ki, ömrü qısa olsa da, həyatı boyu hamının işinə yarayır, əməlləri ilə Vətənin tarixinə qovuşur". Sanki özü üçün yazmışdı Bəhruz müəllim bu sözləri. Bəli, qısa, ancaq şərəfli həyatında öz fəaliyyəti ilə müstəqil respublikamızın mətbuat, nəşriyyat, ədəbiyyat, publisistika tarixində yaddaqalan bir iz qoydu Bəhruz Axundov.
"Kitabı bəşəriyyətin ən böyük kəşfi, sivilizasiyanın onurğa sütunu" hesab edən Bəhruz müəllim yeni müstəqillik qazanmış respublikamızın erməni işğalçılarına qarşı ağır müharibə illərində (1992-ci ildə) Azərbaycan poliqrafiyasına yeni nəfəs verdi. O illərdə respublikamızda ilk müstəqil nəşriyyat olan "Öyrətmən"ın yaradıcısı, qurucusu və rəhbəri oldu.
Gecələr ay olmaq istəyirəm mən,
Qaranlıq yollara işıq saçmaqçün.
Gecələr ay olmaq istəyirəm mən,
Nurlu sabahlara çıraq açmaqçün...
Bəhruz müəllim hələ 23 yaşında bu şeiri yazanda bəlkə də bilmirdi ki, poliqrafiya, nəşriyyat işində bir üfüq açacaq.
"Kitab çapı, nəşriyyat işi mənim əqidəmdir" demişdi Bəhruz müəllim. Bütün ömrünü, əməyini də sevə-sevə həsr etdi bu işə.
"Nəşriyyatlar kitabın valideynləridir" demişdi böyük naşir. İndi valideynləri olduğunuz tiraj-tiraj, cild-cild, neçə-neçə kitablar da vərəq-vərəq Sizin yasınızı tutur, sətir-sətir sizin üçün göz yaşı tökür, Bəhruz müəllim!
"Ata olmaq asandır, ata kimi qalmaq çətin" - öz atası Həsən müəllim üçün yazdığı bu sözlər Bəhruz müəllimin özünü də əsl ata kimi çoxlarına örnək, nümunə etdi. İnsan hansısa bir sahədə uğur qazanırsa, mütləq ailəsinin də bu uğurda payı var. Bəhruz müəllim çoxlarına örnək olacaq bir ailənin başçısı idi.
Qızı Pərvanə xanımın öz atasına sevgisini biz hələ onunla universitetdə oxuyan zaman hiss edirdik. Hər zaman valideynlərdən, atadan söz düşəndə Pərvanənin gözləri şəfəq saçardı. Bəhruz müəllim qeyri-adi sevgi yaratmışdı özünə qarşı övladlarında. Elə bir sevgi ki, hətta ciyərparası olan Pərvanə öz ciyərini donor olaraq atasına verdi.
Amma bizlər Sizi saxlaya bilmədik, Bəhruz müəllim! Bəzən oxuyub təhsil aldığımız həkimlik peşəsini seçməyimizə peşman oluruq. Amma nə edəsən ki, bəzən tibb elmi də Allahın istəkli bəndələrini öz dərgahına aparmağa mane ola bilməz.
Atalar günəşdir, analar bahar,
Günəşsiz baharda saralıb solar...
Atalar öləndə analar deyər
Tükəndi varlığım, söndü çırağım,
Qırıldı pöhrənmiş həyat bulağım.
Bu misralar da Bəhruz Axundovundur.
Əziz bacımız, Pərvanə! Sizə, ananız Əzizə xanıma dərin hüznlə başsağlığı verir, dərdinizə şərik olur, Allahdan səbr diləyirik.
"Gərək elə yaşayaq ki, fiziki ömrümüz bitdiyi anda, ikinci mənəvi ömrümüz başlasın".
İkinci mənəvi ömrünüzdə də həmişə bizimləsiz, Bəhruz müəllim"
Pərvanə xanım Axundovanın tələbə yoldaşları