Dövlət İmtahan Mərkəzi bu il Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarında abituriyentlərin əldə etdikləri nəticələr və orta balı açıqlayıb.
Dövlət İmtahan Mərkəzinin (DIM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, 2017-2018-ci tədris ili üzrə abituriyentlərin ümumi imtahan nəticələri qruplar üzrə təxminən ötənilki səviyyədədir. Qruplar üzrə nəticələrdə müəyyən fərqlərin olduğunu söyləyən M. Abbaszadə qeyd edib ki, məsələn III qrupda nəticələr daha yaxşılaşıb.
Ali məktəblərə qəbul imtahanlarının iki dəfə keçirildiyini xatırladan M. Abbaszadənin sözlərinə görə, abituriyentlərin orta balı onların hər ikisinin ümumi nəticələrinə əsasən hesablanıb: "Belə ki, I qrup üzrə yaz imtahanında 25 054 nəfər iştirak edib və onların orta balı 161,54 olub. Yəni, bu qrup üzrə abituriyentlərin 50 faizdən çoxu 161 baldan yuxarı nəticə göstərib. I qrup üzrə yay imtahanında isə 22 267 nəfər iştirak edib. Onların tam yarısından çoxu 193 bal nəticə göstərib. Bu da orta balın təxminən 30 bal artmasını göstərir ki, abituriyentlər öz imtahan nəticələrini analiz edərək ikinci mərhələdə daha yaxşı nəticə əldə ediblər. I qrupda iki imtahan arasında fərqlər maksimum 100 bala qədər olub. Amma ümumi rəqəmləri götürdükdə hər bir abituriyentin nəticəsi 20 bal artıb. II qrup üzrə ilk mərhələdə 18 349 nəfər iştirak etmişdisə, onların orta balı 204, 49 olub. Yəni, 50 faizdən çoxu 204 baldan çox nəticə göstərib. Bu qrup üzrə yay imtahanında iştirak edən 17 321 iştirakçının orta imtahan göstəricisi isə 216, 62 bal olub. Bu qrupda iki imtahan arasında 12 bal fərq var qeydə alınıb və bu rəqəm elə də hiss edilmir. III qrup üzrə yaz imtahanında 16 360 abituriyent iştirak edirdisə, burada orta bal 215, 79 bal olub. Yay imtahanında iştirak edən 15 591 nəfər abituriyentin 50%-dən çoxu 264 baldan yuxarı nəticə (orta imtahan göstəricisi 263,67 bal olub) göstərib. Bu qrup üzrə imtahanlar arasında orta balda 50 bala yaxın artım müşahidə edilir. IV qrupda isə I mərhələdə 4 455 nəfər iştirak etmişdisə, onların orta balı 265,5 olub, yəni 50 faizi bu göstəricidən yuxarı nəticə toplayıb. Yay imtahanında isə 4 248 nəfər iştirak etmişdisə, onların orta balı 334 bal olub. Bu qrupda da kifayət qədər yüksəliş var".
M.Abbaszadə bildirib ki, avqustun 15-dən ali məktəblərin boş qalan yerləri elan olunacaq və həmin yerlərə sənəd qəbulu aparılacaq. Bu proses avqustun 15-dən 19-dək həyata keçiriləcək.
M. Abbaszadənin sözlərinə əsasən, boş qalan yerlər üzrə nəticələr avqustun 20-də elan olunacaq: "Həmin yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 22-dən 31-dək ali məktəblərə aparılacaq. I mərhələdə abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə avqustun 15-dən 25-dək həyata keçiriləcək"
M. Abbaszadə vurğulayıb ki, DİM rezidenturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələrini açıqlayıb. 2017-2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 13 namizəd ərizə ilə müraciət edib. Onlardan 11 namizəd qəbul olub.
Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 2 və 3-də Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq: "Qəbul olmuş 11 namizəd siyahı ilə DİM-in saytından tanış ola bilər".
M.Abbaszadə əlavə edib ki, DİM tərəfindən ixtisas seçimində iştirak etmək üçün müsabiqə şərtləri və elektron ərizələrin doldurulma qaydasının izah edilməsi məqsədilə Bakıda və DİM-in regional bölmələrində "işçi qrup"lar yaradılıb. "İşçi qrup"ların əməkdaşları abituriyentlərə yalnız ərizənin doldurulma qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həllində yardımçı ola bilərlər. Elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi abituriyentin özü tərəfindən həyata keçirilməlidir. "İşçi qrup"lar iyulun 31-dən avqustun 10-dək, saat 10:00-dan 17:00-dək, şənbə və bazar günləri istisna olmaqla, DİM, DİM-in Naxçıvan MR Regional Bölməsi, Gəncə Regional Bölməsi, Lənkəran Regional Bölməsi, Xaçmaz Regional Bölməsi, Şəki Regional Bölməsi, Şirvan Regional Bölməsi, Göyçay Regional Bölməsi, Bərdə Regional Bölməsində fəaliyyət göstərir.
S.QARAYEVA