|
|
|
|
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İrəli” İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin Simulyasiya Akademiyası” layihəsi başa çatıb.
Təşkilatdan verilən məlumata görə, layihədə əsas məqsədi ölkə gəncliyinin sosial-iqtisadi məsələlərlə bağlı problemlərin həll olunmasında aktiv iştirakının təmin edilməsidir. Həmçinin, idarəçilikdə effektiv idarəetmə alətlərinin istifadə olunması, məhsuldarlığın artırılması və uzunmüddətli strategiya və planlamanın yenilikçi ideyalar əsnasında tətbiqi ilə bağlı gənclərin təşəbbüskarlığının artırılması layihənin prioritetlərinə daxildir.
Layihə müddətində təşkilatçılar qərar qəbulu məsələlərində gənclərin proaktiv fəaliyyətinə dəstək verməklə gənclər şəbəkəsinin hərtərəfli inkişafına şərait yaratmaq və dövlət gənclər siyasətinin onlara verdiyi imkanlardan ən yüksək səviyyədə faydalanmasını təmin etmək üçün “Biznes plan və sahibkarlıq”, “İnnovasiya”, “Komanda quruculuğu və motivasiya” və “Dövlət strukturlarında qərar qəbulu” kimi mövzularda təlimlər keçiriblər.
Layihə çərçivəsində Azərbaycanın gələcək inkişafına istiqamətlənmiş “Azərbaycan 2020 : gələcəyə baxış” inkişaf konsepsiyası - strateji yol xəritəsi kimi ölkəmizin çiçəklənməsində başlıca perspektiv istiqamətlərin müəyyən edilməsinə yönəlib. Artıq post-neft dövrünə qədəm qoymağımız, ənənəvi neft və neft məhsullarının hasilatı və istehsalı amilləri ölkənin prioritet istiqamətləri kimi qəbul olunub. Ölkə iqtisadiyyatının dayanıqlı və davamlı olması üçün fəaliyyət istiqamətlərinin diversifikasiyası müasir dövrdə dünyada cərəyan edən qlobal böhran amillərininin təsirindən müəyyən mənada yan keçməyə yardım edən alət kimi çıxış edir. Məhz sadalanan məsələlərin vaciblik dərəcəsini qeyd edərək, ölkə gənclərində innovativ düşünmə meyllərinin artırılması, qərar qəbuletmə prosesində risklərin idarə olunması, anti-böhran fəaliyyətinin təşviqi, dövlət idarəçiliyində və ölkəmizin inkişafı yolunda gənclərin peşəkar kadr kimi yetişdirilməsi, onlarda təşəbbüskarlığın artırılması ideyasını rəhbər tutaraq “Gənclərin Simulyasiya Akademiyası” adlı layihənin icrası həyata keçirilib. Bağlanış mərasimində gənclər tərəfindən hazırlanan təqdimatlar müxtəlif meyarlar əsas tutularaq münsiflər heyəti tərəfindən qiymətləndirilib və layihə iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.
Ceyhun ABASOV