"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklər nəticəsində əmək fəaliyyətini davam etdirən pensiyaçıların təqaüdlərində artım baş verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, dəyişikliklər yaşa görə əmək pensiyasına çıxdıqdan sonra işləməkdə və bununla da pensiya kapitallarını artırmaqda davam edən şəxslərin pensiyalarının yenidən hesablanaraq əhəmiyyətli şəkildə artırılmasına əsas yaradıb. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunmuş şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il x 12 ay) bölünərək onun pensiyasının üzərinə gəlinir.
Halbuki, 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş qanun yaşa görə pensiyaya çıxmış şəxslərə pensiya təyin olunduqdan sonra uzun illər işləmələrinə və müəyyən məbləğdə kapital toplamalarına baxmayaraq, pensiyalarını işlədikləri dövrdə yenidən hesablatdırmağa imkan vermirdi. Yəni yaşa görə pensiyaya çıxmış şəxslər işləməkdə, pensiya kapitallarını toplamaqda davam etsələr də, yalnız əmək fəaliyyətini tam dayandırdıqdan sonra pensiyalarını yenidən hesablatdıra bilərdilər. Göründüyü kimi, "Əmək pensiyaları haqqında" qanuna edilmiş son dəyişikliklər bu məhdudiyyətin aradan qalxmasına səbəb olub.
Həmin dəyişikliklərə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələri tərəfindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox müddətdə işləyən şəxslərin müraciətləri əsasında onların pensiyalarının yenidən hesablanaraq artırılması həyata keçirilir. Bugünədək respublika üzrə 7 692 nəfər pensiyaçı bu hüquqdan yararlanıb və onların pensiyasının aylıq məbləği orta hesabla 175,7 manat artırılıb. Artımlara yönəldilən əlavə vəsaitin aylıq məbləği isə 1,35 mln. manat təşkil edib.
Hazırda da bu proses davam edir və vətəndaşlar müraciət etdikdə onların hüququ yaranıbsa, pensiyalarının yenidən hesablanaraq nəticəsinə müvafiq məbləğdə artırılması həyata keçirilir.
Ceyhun ABASOV