Məlum olduğu kimi, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında" Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişiklik edilib.
Yeni qaydalara əsasən, ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat müəyyən olunur. Habelə toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar müəyyən olunur. Bu qonorar şadlıq evlərinin, kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri tərəfindən ödənilir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Qonorarın məbləği əldə olunan gəlirdən faizlə yox, mütləq rəqəmlərlə göstərilməlidir.
Bundan başqa, audiovizual əsərlərin efir yayımı televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə 0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla), həmçinin, audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə - 0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) qonorar ödəniləcək.
Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə alınan qonorar yaradıcı heyət arasında yeni qaydalara uyğun şəkildə bölünəcək.
Qərarda, həmçinin, qeyd olunub ki, Azərbaycan ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər. Audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir. Müəllif qonorarının ödəyiciləri istifadəsinə icazə aldığı audiovizual əsərlərin qeydiyyatını, hesabat dövründə hər bir əsərdən istifadəyə görə əldə edilən gəlirin uçotunu aparmalıdırlar.
Ödəyicilər müəllif qonorarı ödəməklə yanaşı, audiovizual əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Müəllif Hüquqları Agentliyinə hesabat dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda göstərilməklə) təqdim etməlidirlər.
Yeni qərarla bağlı "525"ə fikirlərini bildirən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, şair, publisist Elçin Mirzəbəyli qeyd edib ki, Nazirlər Kabinetinin müəllif hüquqları ilə bağlı qərarı önəmlidir: "Amma bu qərarın icrasına qədər olan mərhələdəki problemləri həll etmək lazımdır. Yəni müəllif hüquqlarının qeydiyyatı prosedurunu sadələşdirmək və böyük gəlir gətirən layihələr istisna olunmaqla, digər əsərlərin müəllif hüquqlarının qeydiyyatı üçün rüsumu ləğv etmək lazımdır. Təsəvvür edin ki, hər hansı bir şairin müxtəlif şeirlərı kitab halına salınmamış çoxsaylı internet resurslarında yayımlanır. Belə anlaşılır ki, adam bu şeirlərin üzərində müəllif hüquqlarının qorunmasını təmin etmək üçün onların hər birini ayrı-ayrılıqda qeydiyyatdan keçirməlidir. Məsələn, 50 şeirə görə 250 manat rüsum ödəməlidir. Azərbaycanda hansı şair yazdığı şeirə görə pul qazanır ki, hələ bir rüsum da ödəsin. Bu yolla problemi həll etmək mümkün deyil. Digər tərəfdən, şadlıq sarayları və digər bu kimi ictimai iaşə obyektlərində ifa olunan musiqilərə görə müəyyənləşdirilən və alınan qonorarın ciddi ədəbiyyatın inkişafına təsir göstərəcəyini də düşünmürəm. Belə yerlərdə əsasən hansı mahnıların, musiqilərin ifa olunduğu hər kəsə bəllidir. Qazanan yenə ədəbiyyatçılar və peşəkar bəstəkarlar deyil, söz yığını və bəsit, zövqsüz kütlə üçün nəzərdə tutulan musiqi istehsalçıları olacaqlar".
Şair, tərcüməçi Cəlil Cavanşir isə bildirib ki, müəlliflik hüququyla bağlı müsbətə doğru görülən bütün işlər yaradıcı adamlarda az da olsa ümid yaradır: "Azərbaycanda müəlliflik hüquqlarının qorunmasıyla bağlı qurum, qanunlar, buna görə maaş alan məmurlar olsa da, yaradıcı adamların hüququ tez-tez pozulur. Müəllif hüquqlarının pozulmasının qarşısı qanunlarla alınmalıdır, amma bu, bir az da vicdan məsələsidir. Eyni zamanda, yaradıcı insanların əmtəəsi, məhsulu onların yaratdığı əsərlərdir. Yaradıcılıq nümunələrinə başdansovdu yanaşıb, yaradıcı işi gözdən salmaq olmaz. Ümid edək ki, dəyişiklikdən sonra heç olmasa qonarar məsələsində hüquqlar tapdanmayacaq".
Şair, tərcüməçi Kənan Hacı da hesab edir ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında" Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarına edilən dəyişikliklər müəllif hüquqlarının qanun çərçivəsində tənzimlənməsi baxımından çox mühüm bir addımdır: "Son zamanlar müəllif hüquqlarının pozulması az qala adi bir hala çevrilib. Düşünürəm ki, artıq bu problem hüquqi müstəvidə öz həllini tapacaq. Əsər yaradıcı insanın beyninin məhsuludur və bu əsərdən müxtəlif formada istifadə edən qurum, şəxs mütləq müəllifə qonorar ödəməlidir".
Ceyhun ABASOV