Səbail Rayon İcra Hakimiyyətində rayonun təsərrüfat xidmətləri, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Mənzil Kommunal İstismar Sahələrinin qəsəbə və ərazi nümayəndəlikləri, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib.
İcra hakimiyyətindən verilən məlumata görə, müşavirədə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illər ərzində rayonda xeyli işlər görülüb və bir sıra layihələr həyata keçirilib: "Nümunə olaraq Bilik günü ərəfəsində əsaslı təmir-yenidənqurma işləri aparılan 162 və 239 №-li orta məktəblərin istifadəyə verilməsi, keçən həftə 20-ci sahədə paytaxtımız üçün yeni olan müasir idman və istirahət parkının açılışını qeyd etmək olar. Hazırda Bayılda 157 №-li uşaq bağçası sökülərək yenidən tikilir, bu ay Abbasqulu Abbaszadə küçəsində böyük bir məhəllənin əsaslı təmirinə başlanılır. Gələn il daha bir təhsil müəssisəsi əsaslı təmir olunacaq. Bütün bu işlər sakinlərmiz tərəfindən böyük rəğbətlə qarşılanır.
Eyni zamanda, rayonda baş verən neqativ hallar, o cümlədən, qanunsuz torpaq zəbti və burada tikinti işlərinin aparılması halları kəskin şəkildə azaldılıb və demək olar ki, tam dayandırılıb. Lakin buna baxmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi işbazlar tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları da aşkarlanıb. Bakı Şəhər Prokurorluğunun apardığı araşdırmalarda bu işbazların bəzi dövlət qurumları nümayəndələri ilə əlbir olaraq saxta sənədlər əsasında torpaq satışına cəhd etməsi müəyyən olunub və hazırda araşdırmalar davam edir".
Bununla bağlı RİH başçısı tərəfindən rayonun aidiyyəti qurumlarına bu istiqamətdə işlərin və əraziyə nəzarətin gücləndirilməsi ciddi surətdə tapşırılıb, işində nöqsanlara yol verən vəzifəlı şəxşlərə ciddi xəbərdarlıq olunub.
Müşavirədə, həmçinin, ərazinin sanitar təmizliyi, payız-qış mövsümünə hazırlıq və digər məsələlər müzakirə edilib.
Ceyhun ABASOV