Saleh Ədil oğlu Hacıyev 1937-ci ildə Ağdamın Qiyaslı kəndində dünyaya gəlib.
Qiyaslı kənd 7 illik məktəbini fərqlənmə ilə bitirib təhsilini Ağdam şəhər 1 saylı orta məktəbində başa vurduqdan sonra 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Geologiya fakültəsini, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsini bitirib. Əmək fəaliyyətinə Bakı daş karxanasında başlayan Saleh Hacıyev, orada növbə rəisindən şöbə rəisi və baş mühəndis vəzifələrinə qədər ucalıb. İctimai işlərdə fərqləndiyindən komsomol təşkilatı katibi, VII çağırış Bakı Şəhər Yasamal (Oktyabr) rayon sovetinin deputatı seçilib.
1975-1979-cu illərdə Məişət Xidməti Nazirliyinin Bakı Şəhər Təmir-Tikinti idarəsinin müdiri təyin olunub. 1981-ci ilə qədər Kənd Təsərrüfatı Nazirliyinin Təmir-Tikinti Baş idarəsində baş mühəndis vəzifəsində çalışıb. Bakı Şəhər Xalq Deputatları sovetində müfəttiş, Qeyri-Yaşayış Sahələri şöbəsinin rəisi, İstehsalat şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Bunlarla yanaşı, 1979-1988-ci illərdə Azərbaycan Neft və Kimya, 1980-1982-ci illərdə Azərbaycan Politexnik İnstitutunda dərs deyib. Dövlətimiz tərəfindən üç Əmək medalı, Fəxri fərmanla təltif edilib. 19 iyun 2017-ci ildə dünyasını dəyişib. Əmi dediyim, mənə atam qədər əziz olan bu insanın yoxluğuna alışmaq doğmaları kimi mənim üçün də olduqca çətindir:
80 yaşın tamam olur. İlk dəfədir ki, ad günün sənsiz qeyd olunur. 80 yaşın astanasında idin. Dördcə ay qalmışdı... Ömür vəfa etmədi ki, bu gün şərəfinə açılmış bu süfrənin başında əyləşəsən. Deyirlər, ölüm ömrün qaçılmaz anıdır. Görünür, taleyin qədəri bura kimi imiş. Bu gün evinin qapısı yenə də adınla açılır. Sənli, ya da sənsiz. İşığına yığışıb hamı. Təkcə sən yoxsan. Yerin çox görünür, əmi! Şirin söhbətlərinə, dərin fikirlərinə, ibrətamiz nəsihətlərinə ehtiyacımız var. Bu gün sənin şərəfinə söylənəcək sağlıqların yerini xatirələr alıb. Özünlə bağlı o qədər xoş xatirələr qoyub getdin ki... Payızda gəlmişdin dünyaya, heyif ki, payız bu il çox tələsdi ömrünə.
Şikayət eylədin vaxtsız əcəldən,
Hələ bu sinəmdə çox sözüm vardı.
Ay əmi, yüz il də yaşasaydın sən,
Ölümün yenə də vaxtsız olardı.
Bu gün üçün mənim də səninlə bağlı deyəcəklərim var idi. Ancaq artıq fikirlərim məcrasından çıxdı, sözlərim ünvanına çata bilmədi. Sənə ünvanladığım sözlər sanki payızın leysan yağışlarına dönüb, səni aparan yollara səpildi. Heyfsilənirəm... Səni nə qədər istədiyimi deyə bilmədiyim üçün çox heyfsilənirəm.
80 yaş... Aqilliyin, müdrikliyin zirvəsi. Addım-addım, pillə-pillə qalxdığın bu zirvədən geri boylananda nümunəvi bir ömrün mənzərəsi göz önündə canlanır. Sən elə gənc yaşlarından da müdrik idin. Mükəmməl, dəyərli məsləhətlərinlə çoxlarının ömür yoluna çıraq tutardın. Dostluqda vəfalı idin. Bəziləri kimi maddiyata, şöhrətə yox, sədaqətə, səmimiyyətə daha çox üstünlük verərdin. Belə olmasaydı, hələ gənc yaşlarından xəstəxanada tanış olduğun bir insanla - atamla qardaşlaşıb uzun bir yolçuluğa çıxa bilməzdin. Ömrün dolanbac yollarında onunla yol yoldaşı ola bilməzdin. Sizi bir-birinizə bağlayan aranızda olan böyük səmimiyyət və etibar idi. Bu səmimi dostluq illərin sınağından alnıaçıq çıxdı və bizə bir həyat məktəbi oldu.
Atamın qardaşı yox idi. Ona görə də səni özünə qardaş bilirdi. Sən isə atama qardaş deyib, onu qardaşlarından ayırmırdın. Həyatda belə nümunəvi dostlar az olur. Atalı və atasız illərimizdə - əlli ildən artıq əmilik etdin bizə. Bizi heç vaxt doğma qardaşlarının balalarından ayırmadın. Elə buna görə də sənə həmişə güvənirdim. Xüsusən, valideynlərimi itirəndən sonra sənə daha çox ehtiyacım var idi. Hər dəfə problemlərlə üzləşəndə ilk öncə ağlıma gələn ünvan sən olurdun.
Mənim kimi çoxlarına sirdaş idin. Həyatın qaçhaqaçları səni doğma Qiyaslından, orada qoyub gəldiyin insanlardan uzaq sala bilmədi.
Gənc yaşlarından Bakıda yaşasan da, böyüyüb boya-başa çatdığın yurduna möhkəm bağlı idin. O üzdən də tez-tez ata-baba ocağına baş çəkər, Ədil atanın, Nübar ananın könlünü şad edərdin. İlin yarıdan çoxunu ağbirçək ananı gətirib yanında saxlayardın. Anana lap çox bağlı idin, körpə uşaq anasından ayrı qala bilmədiyi kimi, sən də anandan ayrı qala bilmirdin.
Bunu çox illər öncə nəql etmişdin bizə. Bir dəfə səhər işə gedərkən radioda səslənən həzin bir musiqidən bərk təsirlənmişdin. Hətta gözlərindən yaş axmışdı. Kövrək duyğular səni öz aləmindən necə ayırmışdısa, bir də artıq şəhərdən uzaqlaşdığını, rayona tərəf yol aldığını görmüşdün. Anan üçün darıxdığını hiss edib, maşını birbaşa rayona sürərək onu götürüb Bakıya qayıtmışdın. Hə, sən belə oğul idin. Əsl insan, dəyərli övlad, gözəl ailə başçısı və əvəzsiz əmi.
Məlum hadisələrdən sonra gözlərinin dərinliyində həmişə bir yurd həsrəti, ürəyində bir torpaq nisgili var idi. Bu həsrətlə, bu nisgillə də, bu dünyadan köçdün. Bir tale, bir ömür nağılı beləcə bitdi. Ruhun doğma Qarabağın - Ağdamın səmasında, cismin Bakının Buzovna kəndində uyuyur. Nə etməli, bu torpağın hər qarışı Vətəndir! Qanı qanımdan, canı canımdan olmayan, ancaq mənim üçün bir çox doğmalardan əziz olan əmim! Bu kiçik yazımla azacıq da olsa ruhun qarşısında öz mənəvi borcumu yerinə yetirməyə çalışdım. İnanıram ki, işıqlı xatirən həmişə bizimlə olacaq.
Ruhun şad, məkanın cənnət olsun, dəyərli insan!
Allah rəhmət eləsin!
Solmaz Babaşova
BDU-nun əməkdaşı