|
|
|
|
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə salınması Ermənistanda ciddi müzakirələrə səbəb olub.
Layihədən kənarda qalan düşmən ölkə öz mallarının daşınması üçün bu marşrutdan istifadə etmək istəyir. Avropaya mallarını əsasən Gürcüstan limanları vasitəsilə çıxaran Ermənistan BTQ layihəsində iştirak etmək istəyini Tbilisiyə bəyan edib. Lakin Azərbaycanın razılığı olmadan Gürcüstan belə bir addım ata bilməz. Çünki layihədə iştrak edən tərəfların müqavilə ilə təsdiq olunan bir sıra öhdəlikləri var. Yəni BTQ-yə başqa bir ölkənin qoşulması digər üzvlərin də razılığı əsasında olmalıdır. Rəsmi Bakı BTQ ilə yanaşı, digər mühüm layihələrdə Ermənistanın iştirakına bir halda - işğal edilmiş torpaqların geri qaytarılması şərtilə razılıq verə bilər. Ancaq Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Sarkisyan rejimi bu səbəbdən hələ də bölgədə keçirilən beynəlxalq və regional əhəmiyyətli layihələrdən kənarda qalır.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Gürcüstanın Ermənistana Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə mallarının daşınmasına qapı açmasının mümkün olmayacağını bildirib: "Rəsmi Tbilisi İrəvana mallarının BTQ vasitəsilə Avropaya çıxarmasına şərait yaratsa, 5-10 milyon gəlir əldə edəcək, lakin Azərbaycanla milyard dollarlıq layihələrdə iştirakından məhrum olacaq. Gürcülər praqmatik düşüncəli bir millət olaraq, bu addımı atmazlar. Digər tərəfdən isə BTQ müqaviləsi əsasında Gürcüstanın Azərbaycan qarşısında bir sıra öhdəlikləri var. Gürcüstan dövləti Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ərazisində çəkilən hissəsini Azərbaycandan aldığı güzəştli kreditlər hesabına maliyyələşdirib. Azərbaycanın Gürcüstana verdiyi faizsiz kredit Tbilisinin dövlət büdcəsinə ziyan vermir. Gürcüstan kredit borclarını BTQ dəmir yolu xəttindən əldə etdiyi gəlirdən qaytaracaq"
Politoloq xatırladıb ki, Gürcüstana güzəştli şərtlərlə verilən kredit müqaviləsində Azərbaycanın razılığı olmadan başqa bir dövləti BTQ layihəsinə qoşa bilməyəcəyi də qeyd edilib: "Tbilisinin Azərbaycana qarşı belə bir addım atması ona həm iqtsadi, həm də siyasi cəhətdən sərfəli deyil".
M.Əhmədoğlu onu da qeyd edib ki, Ermənistanın BTQ-yə qoşulmaq istəyi artıq bir faktdır: "Xüsusilə, Karen Karapetyan işğalçı ölkədə baş nazir postuna gəldikdən sonra Ermənistan iki dəfə rəsmi şəkildə Gürcüstanla görüş keçirib, BTQ-yə qoşulmaq üçün müzakirələr aparıb. Rəsmi Tbilisi bu görüşlərdə konkret şəkildə bildirib ki, Ermənistan dövlətinin Gürcüstan ərazisindən BTQ-yə qoşulmasının açarı Azərbaycanın əlindədir".
Mərkəzin direktoru bildirib ki, əgər Ermənistan Bakı-Tbilisi-Qars layihəsinə qoşulmaq istəyirsə, Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmalıdır: "Azərbaycan tərəfinin bu layihədə İrəvana qarşı qoyduğu şərtlər bəllidir. Ermənistan Dağlıq-Qarabağ məsələsində Azərbaycanla razılaşmaya gəlməli, işğal etdiyi torpaqları həqiqi sahibinə qaytarmalıdır. Yalnız bundan sonra İrəvan Azərbaycanın mühüm rol oynadığı BTQ və digər regional layihələrə qoşula bilər".
Politoloqun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi ermənilərdə psixoloji gərginlik yaradıb: "Bakı-Tbilisi-Qars layihəsinin imzalanması və açılış günü oktyabrın 30-na təsadüf edib. Eyni zamanda, 1920-ci ilin oktyabrın 30-da ermənilər türk ordusuna məğlub olaraq, Qarsdan geri çəkiliblər. Bu isə Türkiyə-Azərbaycan sərhədinin yenidən bərpa edilməsinə gətirib çıxarıb. Yəni, 30 oktyabr Ermənistan tarixində utancverici məğlubiyyətlə yadda qalıb. Məhz buna görə də, İrəvan tərəfi Azərbaycanın qəsdli şəkildə BTQ layihəsində imza və açılış tarixinin oktyabrın 30-na saldığını iddia edir".
M.Əhmədoğlu qeyd edib ki, Ermənistan dövləti BTQ əleyhinə bir neçə layihələr hazırlasa da, istəklərinə nail ola bilməyiblər: "Rəsmi İrəvanın BTQ-ni sıradan çıxarmaq məqsədi daşıyan bir neçə uğursuz layihəsi olub. Onlar məqsədlərinə nail ola bilmədiklərini görüb və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bölgədə mühüm əhəmiyyətini anlayıb, indi özləri xahiş edirlər ki, onlara BTQ-yə qoşulmağa şərait yaratsınlar".
Politoloq Qabil Hüseynli isə bildirib ki, Azərbaycan Bakı-Tbilisi-Qars layihəsində operator rolu oynadığı üçün Tbilisi belə bir addım atmayacaq: "Məlum olduğu kimi, BTQ-nin Türkiyə sərhədinə qədər olan hissəsi Azərbaycanın maliyyə hesabına başa gəlib. Azərbaycan bu layihə üçün Gürcüstana faizsiz və yüksək məbləğdə kredit ayırıb. Ona görə də, Azərbaycanın bu layihədə rolu qədər sözü də böyükdür".
Politoloqun fikrincə, rəsmi Tbilisi Dağlıq Qarabağ məsələsinə görə, bu mövzuya daha diqqətlə yanaşacaq: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Gürcüstan ölkəmizlə birgə yüksək gəlir gətirən layihələrdə iştirak edir. Ona görə də, Tbilisi Ermənistanın BTQ-yə qoşulmaq üçün müraciətlərində bütün bunları nəzərə alır. Gürcüstan əksinə bir addım atsa, bu, təbii ki, Bakı-Tbilisi münasibətlərinə mənfi təsir edə bilər".
Q.Hüseynli onu da qeyd edib ki, İrəvan region layihələrinə qoşulmaq istəyirsə, sülh danışıqlarında özünü konstruktiv aparmalıdır: "Ermənilər Azərbaycanın regional layihələrinə dəfələrlə qoşulmaq istəyib. Rəsmi Bakı isə Ermənistan rəhbərliyinə öz şərtlərini açıqlayıb. Düşmən ölkə rəhbərliyi Dağlıq Qarabağ məsələsində real mövqe ortaya qoymalı, işğal etdiyi torpaqlardan geri çəkilməlidir".
Zeynəb ƏKBƏR