|
|
|
|
Ermənistanla Avropa İttifaqı arasında Brüsseldə keçiriləcək növbəti Şərq Tərəfdaşlığı sammitində yeni sazişin imzalana bilməsi müzakirə mövzusudur.
Erməni mətbuatı sazişin imzalanacağını yazsa da, bunu istisna edən səbəblər də az deyil. Rəsmi İrəvanın Aİ-yə son anda "arxa çevirməsi" halları indiyə kimi dəfələrlə baş verib. Hətta Ermənistan qurumla aparılan assosiasiya sazişi üzrə danışıqlardan da son anda geri çəkildi. Bu, bir daha Ermənistanın müstəqil dövlət olmadığını, müstəqil siyasət aparmadığını və forposta çevrildiyini sübut etdi.
Millət vəkili politoloq Rasim Musabəyov mövzu ilə bağlı bildirib ki, erməni tərəfi sazişin imzalanacağı barədə bəyanatlar verir. Amma imzalanma baş tutmasa, bu, o demək olacaq ki, Şərq Tərəfdaşlığı sammitinin Dağlıq Qarabağ üzrə yekun bəyannaməsi Azərbaycan üçün məqbuldur: "Qeyd etmək lazımdır ki, Azərbaycan Aİ-yə qarşı Gürcüstan, Moldova və Ukraynaya olan oxşar münasibəti Dağlıq Qarabağ məsələsində də nümayiş etdirməyi çox sərt tələb kimi irəli sürüb. Hazırda bizim diplomatlarımız bunun üzərində işləyirlər. Yəni bu ay Brüsseldə keçiriləcək sammitin yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu öz əksini tapmalıdır. Əgər buna nail olunsa, bu, Ermənistana böyük zərbə olacaq. Ancaq hesab edirəm ki, ermənilər pula görə bu məqamı həzm edə bilərlər. Çünki onlar Aİ-dən pul qoparmaq istəyirlər".
Millət vəkili vurğulayıb ki, Aİ ilə razılaşmanın imzalanması, Ermənistanın hər il 50 milyon avro qazanması deməkdir: "Hesablamalar göstərir ki, onlar bu məbləği ala bilərlər və eyni zamanda, digər maliyyə gəlirləri tələb edə bilərlər. Bu iqtisadiyyatı olmayan, yoxsul Ermənistan üçün çox böyük bir məbləğdir və onu əldən vermək istəməzlər. Ermənilər üçün vizasız rejim haqqında saziş imzalamaq da çox vacibdir. İqtisadiyyata gəlincə, Ümumdünya Ticarət Təşkilatı tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində Avropa ilə qarşılıqlı əməkdaşlıq şəkində fəaliyyət göstərəcəklər".
Politoloq Ermənistanın müstəqil şəkildə, Rusiya ilə razılaşmadan Aİ ilə saziş imzalaya biləcəyinə də toxunub: "Ermənilər heç bir məsələdə müstəqil deyillər. Ermənistan Avrasiya İttifaqına qoşulduğu üçün bəzi məhdudiyyətləri var. Xüsusilə, məhsulların standartına gəlincə, onlar rus standartlarında qalıblar. Onlar hər il Aİ-dən 50 milyon avro alacaqları üçün digər sahələrdə, məsələn, qanunvericilikdə kağız üzərində Brüsselin sevdiyi şeyləri imitasiya etməyə hazırdırlar.
Lakin burada onların həm Rusiya, həm də Avropa ilə əməkdaşlıq etməsi sual doğura bilər. Əgər Rusiya ilə Avropa arasındakı əlaqələr gərgin olaraq qalsa, Rusiya bu müqaviləni imzalamaq üçün Ermənistana maneə törətməklə Avropaya daha bir sillə vura bilər.
R.Musabəyov əlavə edib ki, Avropada ermənilərin yalnız pula ehtiyacı olduğu üçün onunla oynadığını yaxşı başa düşürlər: "Əlbəttə, onlar başa düşürlər ki, əgər Avropa ilə mübahisə etsələr, ermənilər bütün kabinetlərdə sıxışdırılacaq. Ancaq dünyada ermənilərin nüfuzlu lobbisi olduğunu nəzərə alaraq, onlara qarşı münasibət hər zaman yumşaq olur və onlara hər şeyi bağışlayırlar. Bu mənada ermənilərin Rusiya ilə qalmaq məcburiyyətində olduğunu, tezliklə öz siyasətlərini Avropaya doğru yönəldəcəklərini söyləyən kifayət qədər havadarlara sahibdirlər”.
Millət vəkili hazırda ermənilərin üz tutacağı başqa istiqamətin olmadığını deyib: "Avropadan 50 milyon avro alsalar, Rusiyadan da güzəştli neft, kreditlər hesabına subsidiyalar əldə etməyə çalışacaqlar. Ermənilər üçün heç bir seçim yoxdur. Ermənilər yaxşı başa düşürlər ki, Rusiya dəstəyini dayandırdığı halda, biz onları heç bir izləri qalmadan Dağlıq Qarabağdan çıxaracağıq".
R.Musabəyov onu da vurğulayıb ki, Avropa üçün 50 milyon avro böyük məbləğ deyil: "Avropalılar Ermənistanın müəyyən mövqelərini saxlamaq üçün bunu etməyə hazırdırlar. Onlar başa düşürlər ki, Rusiyanın zəiflədiyi halda Ermənistan böyük məmnuniyyətlə onlara tərəf çevriləcək və tarixdə dəfələrlə olduğu kimi, Avropa kanalına gələcəklər. Ermənistan həmişə son anda güclü tərəfə doğru hərəkət edir".
Qeyd edək ki, sayca 5-ci olan Şərq Tərəfdaşlığı sammiti noyabrın 25-də Brüsseldə keçiriləcək. 2009-cu ildə yaradılan Aİ-nin Şərq Tərəfdaşlığı proqramına altı ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Belarus, Moldova daxildir.
PƏRVANƏ