Hər bir insan malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq, hüququna malikdir.
Bütün ölkələrin, o cümlədən, Azərbaycan Respublikası Konstitusiyasının müəyyənləşdirdiyi və həll etdiyi başlıca məsələlərdən biri şəxsiyyətin hüquqi statusu (vəziyyəti) məsələsidir. Konstitusiyamızın II bölməsində ifadə olunan normalar da məhz bu məsələyə həsr edilir. Şəxsiyyətin hüquqi statusu (vəziyyəti) Konstitusiyanın ən əsas və vacib anlayışlarından biri sayılır.
Şəxsiyyətin hüquqi statusu (insanın konstitusion statusu) dedikdə, Konstitusiyada təsbit edilən əsas insan və vətəndaş hüquqlarının (azadlıqlarının) və vəzifələrinin məcmusu başa düşülür. Şəxsiyyətin hüquqi statusu özündə ən əsas və başlıca hüquqları əhatə edir. Bu hüquqları (azadlıqları) iki qrupa bölmək olar: insan hüquqlarına (azadlıqlarına) və vətəndaş hüquqlarına.
Hüquqşünas Əlimurad Məmmədov deyir ki, insan hüquqları bütün insanların malik olduğu hüquqlardır. Bu hüquqlar insan anadan olan andan yaranır. Yaşamaq, azadlıq, təhlükəsizlik, mülkiyyət, şəxsiyyətin ləyaqəti, şəxsi və ailə sirrini saxlamaq hüquqları insan hüquqları prinsipləri sırasında öndə gəlir.
O bildirib ki, Azərbaycan dövləti insan hüquqlarının qorunması, müdafiə olunması sahəsində müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyamızda da irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulub. Hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılıb. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilib, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olub. Ölkədə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı və insan ləyaqətinə hörmət dayanır: "Şəxsi, vətəndaş hüquqları hansı dövlətə mənsub olmasından asılı olmayaraq, insanın təbii hüquqlarıdır. Bu hüquqların əhəmiyyəti ondadır ki, insan azadlıqlarını, insanın şəxsi həyatında özünütəyinetmə və özünüreallaşdırma seçimini gerçəkləşdirir. Hüquqi dövlət və şəxsiyyət arasında qarşılıqlı məsuliyyət prinsipi hökm sürür. Hüquqi dövlət qanunvericilikdə şəxsi hüquqları təsbit edərək bu hüquqları qanunsuzluqdan, özbaşınalıqdan qoruduğu kimi vətəndaş da öz hərəkətlərini ictimai maraqlara uyğunlaşdırmağa, başqalarının hüquqlarını və mövcud qayda-qanunları pozmamağa borcludur".
Hüquqşünasın sözlərinə əsasən, hüquqlarımız içərisində ən mühümü yaşamaq hüququdur ki, bu, Avropa Konvensiyasında mühüm yer tutur. Yaşamaq hüququ dünya sivilizasiyasında mütləq dəyər kəsb edən əsas hüquq hesab edilir. Çünki yaşamaq hüququndan məhrum olan insanın digər hüquq və azadlıqları öz məna və əhəmiyyətini itirmiş hesab olunur. Digər hüquqlarımız da məhz yaşamaq hüquqları ətrafında cəmləşir. Hüquqi dövlət bütün vasitələrlə insanın yaşamaq hüququnu müdafiə edir. İnsan həyatına və sağlamlığına qəsd ən ağır cinayət hesab olunur: "İnsan hüquqları içərisində şərəf və ləyaqət - özünəhörmət, başqalarına hörmət və ədalətlilik əsas yer tutur. Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın preambulasında insanın şərəf və ləyaqət hüququ, bütün hüquq, ədalət və azadlığın əsası hesab edilir. İnsanın hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında da bu hüquq mütləq xarakter kəsb edir, insan ləyaqəti və şərəfinin alçaldılması, insan üzərində tibbi və elmi təcrübə aparılması qadağan edilir. Azərbaycan Konstitusiyasının 46-cı maddəsində göstərilir: "Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insanın ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz".
O qeyd edib ki, "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulan istiqamətlər üzrə Azərbaycanda artıq bir sıra önəmli işlər görülüb. Eyni zamanda, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə bütün ölkələr tərəfindən əməl olunmaması, beynəlxalq qanunvericilikdə müəyyən boşluqların olması, yaxud da insan hüquqlarının obyektiv qanuni əsaslardan daha çox subyektiv siyasi məqsədlərə tabe edilməsinin nəticəsi kimi mövcud olan ikili standartlar vəziyyətinə münasibətdə dünya ictimaiyyətinin qəti mövqeyinin hələ də ortaya qoyulmaması bu sahədə müəyyən çətinliklər yaradır. Məsələn, bu gün ərazi bütövlüyünün pozulması, etnik separatizmin və terrorizmin yalnız konkret dövlət əleyhinə deyil, bütün bəşəriyyət əleyhinə yönəldilmiş cinayətlər kimi təsbit edilməsi, dünyada hüquqları ən çox pozulan insanların - qaçqın və məcburi köçkünlərin status və problemlərinin həlli məsələsində açıq-aşkar boşluğun olması həqiqətdir. Hazırda qaçqın və məcburi köçkün statuslu insanların hüquqlarının təmin edilməsi sahəsində beynəlxalq qanunvericilikdə onlara zəruri ilkin yardımdan tutmuş son repatriasiya tədbirlərinədək böyük bir müstəvidə boşluq hələ də qalmaqdadır. Azərbaycanın Ermənistanın işğalçı siyasəti nəticəsində ərazi bütövlüyünün pozulması, onun 1 milyona yaxın əhalisinin öz tarixi torpaqlarına qayıtması kimi fundamental hüquqlarının hələ də təmin edilməməsi, məhz bu cür səbəblərlə əlaqədardır".
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov deyir ki, sosial, hüquqi dövlətdə şəxsiyyətin ləyaqət və şərəfi hüquqi azadlığa və ləyaqətli yaşamaq hüququna malik olmaqdır. Bütün tip şəxsiyyətin ləyaqət hüququ dövlət tərəfindən müdafiə edilir. Şəxsi toxunulmazlıq və azadlıq hüququ-demokratik, hüquqi dövlətlərin konstitusiyalarında öz əksini tapması sosial tərəqqinin təzahürü və vətəndaşın şəxsi təhlükəsizliyinin hüquqi şəraiti kimi dəyərləndirilir. V.Ömərova görə, bu hüquqa şəxsiyyətin fərdi azadlığı, şəxsiyyətin fiziki, mənəvi və psixi toxunulmazlığı kimi komponentlər daxildir. Onun bildirdiyinə görə, şəxsi toxunulmazlıq və azadlığına dair konstitusiya hüququ şəxsiyyətin özbaşına həbsini istisna edir. Azadlıqdan qeyri-qanuni məhrumetmə cinayət qanunvericiliyində zorakılıq aktı hesab edilir.
"Beynəlxalq sənədlərdə və Azərbaycan Konstitusiyasında da şəxsiyyətin özbaşına həbsi qadağan edilir. Bu fəlsəfə konstitusiyanın 28-ci maddəsində hər kəsin azadlıq hüququna malik olması, azadlıq hüququnun yalnız dövlət tərəfindən qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırılması kimi qeyd edilir. Şəxsi azadlığa öz ölkəsini hər kəsin qanuni surətdə sərbəst hərəkət edə bilməsi, özünə yaşayış yeri seçə bilməsi və öz ölkəsindən kənara gedə bilməsi və hər zaman maneəsiz qayıtmaq hüququ da daxildir. Əsas Qanunun 32-ci maddəsində göstərilir: "Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və rabitə vasitələrilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir".
O vurğulayıb ki, şəxsi və ailə həyatının sirrini saxlama hüququna vəsiyyətnamə və övladlığa götürmə, sirri, onun sağlamlığı haqqında məlumatlar, həkim diaqnozları və proqnozları, bank hesabının sirləri, gündəlik qeydləri və s. daxildir. Buraya insanın peşə sirləri: tibbi, vəkillik sirləri də aiddir. Hüquqi dövlətdə milli mənsubiyyət hüququ insanın müəyyən mədəniyyəti, psixologiyası, ənənələri olan etnosa mənsubluğunu səciyyələndirir. Azərbaycan Konstitusiyası hər kəsin, milli mənsubiyyətini qoruyub saxlamaq hüququnu müdafiə edir: "Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz".
Əsas Qanunun 45-ci maddəsində hər kəsin ana dilindən istifadə etmək hüququ təsbit edilib ki, bu da hüquqi dövlətdə milli azlıqların hüququnun qorunmasının tərkib hissəsidir. Azərbaycanda hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Dil ünsiyyət vasitəsi kimi milli və şəxsi şüurun təzahürünün əsas forması, milli mədəniyyətin mühüm komponentidir.
Ombudsman Elmira Süleymanovanın fikrincə, Azərbaycanda insan hüquqlarının qorunmasına yüksək diqqət göstərilir: "Müstəqillik dövründə insan hüquq və azadlıqlarının qorunması sahəsində irəliləyişlər əldə olunub. Azərbaycan yeganə ölkədir ki, burada 18 iyun Milli insan hüquqları günü olaraq qeyd edilir. 10 dekabr isə Beynəlxalq insan haqları günü kimi qeyd olunur. Ölkədə hər bir kəs üçün bərabər imkanlar yaradılıb, hüquqlar təmin edilib".
Cavid QƏDİR
Yazı Ombudsman Aparatının Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə elan etdiyi müsabiqəyə təqdim edilir