Dünən Atatürk mərkəzində “Türk dünyasından Azərbaycana baxış” mövzusunda beynalxalq konfrans keçirilib.
Gənclər Fondunun dəstəyi, “Dünya Türk Gəncləri Birliyi” (DTGB) İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, müxtəlif universitetlərin tələbələri, xarici qonaqlar və jurnalistlər iştirak ediblər.
Tədbiri açan BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Arzu Məmmədova bildirib ki, noyabr ayı ölkəmizin tarixində çox önəmli hadisələrlə əlamətdardır. Bu konfransın da bu ayda keçirilməsi heç də təsadüfi deyil.
DTGB-nin sədri Əkrəm Abdullayev son zamanlar türk dünyasının birliyi yönündə bir çox işlər görüldüyünü, layihələr həyata keçirildiyini bildirib: “Bizim təşkilat da öz növbəsində türk gənclərini bir araya gətirərək, bu işə öz töhfəsini verir”. Ə.Abdullayev qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasına, öz tarix və adət-ənənələrinə sahib çıxıb, bu mövzuda yeni biliklərə yiyələnmələrinə nail olmaq, Azərbaycanın tarix və mədəniyyətinə, turizm və iqtisadiyyatına beynəlxalq müstəvidən baxmasına şərait yaratmaqdır.
Milli Məclisin deputatı Cavanşir Feyziyev dünya türklərinin birliyindən söz açıb, qeyd edib ki, bu yolda Azərbaycan-Türkiyə münasibətləri bütün Türk dövlətləri üçün nümanə olmalıdır. Deputat bu ideologiyanı təbliğ edən layihələrin daha çox keçirilməsini arzulayıb.
Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov fond haqqında geniş məlumat verib, hər zaman belə layihələri dəstəkləməyə hazır olduqlarını vurğulayıb.
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxışında gənclərin milli kimliyinin formalaşmasında belə layihələrin əhəmiyyətini vurğulayıb.
Sonra söz maruzəçilərə verilib.
Doktor A.Akif Poroy “Türk dünyasından Azərbaycana baxış”, BDU Türk xalqları kafedrasının dosenti Sevinc Ruintən “Azərbaycan deyəndə...”, Azərbaycan Turizm və Menecment Universitetinin, Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, “Türkiyə və Azərbaycanın turizm potensialı baxımından oxşar və fərqli cəhətləri” , Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri doktor Hasan Oktay “Türkiyədən Azərbaycanın son 25 ilinə baxış” adlı məruzələrlə çıxış ediblər. Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinini Tədqiqat bölmə rəhbəri Qahirə Məmmədovanın, “Yeni Ufuklar” dərnəyinin sədri Saltuk Buğrahan Budakın, Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi Nazim Cəfərovun, “Opora Rossii” İctimai təşkilatının sədri (Başqırdıstan-Rusiya) Nikollayeva Lyaysanın, Azərbaycan Turizm və Menecment Universitetinin dekan müavini Flora Ələsgərovanın, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Rəşad Mustafanın, “Yeni Ufuklar” dərnəyinin sədr müavini, yazıçı, analitik Aydın Çetinerin və Odlar Yurdu Universitetinin mətbuat xidmətinin rəhbəri Günay İmanovanın məruzələri dinlənilib.
Sonda çıxışlarla bağlı müzakirələr aparılıb və yekun qətnamə qəbul olunub.
Şahanə MÜŞFİQ