Avropa İttifaqının beşinci "Şərq Tərəfdaşlığı" sammitində gözlənildiyi kimi, Ermənistanla qurum arasında hərtərəfli və geniş saziş imzalandı. Hələ sammitdən əvvəl İrəvandan verilən açıqlamalarda bu sazişin imzalanacağı real görünürdü. Eyni zamanda, Ermənistanın bu məsələdə Rusiyanın razılığını aldığı da istisna edilmirdi.
Sazişlə bağlı münasibətini bildirən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiyanın müxtəlif dövlətlər, o cümlədən, Ermənistanla qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir: "Bununla yanaşı, biz başa düşürük ki, hər ölkənin özünün xarici siyasət maraqları, məqsədləri, vəzifələri var və buna da hörmətlə yanaşırıq".
Sənədin imzalanması mərasimində Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogereni deyib ki, bu, ilk dəfə olaraq həm də Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkə ilə imzalanmış sənəddir. Mogereni razılaşmanı icra etməyin çox mühüm olduğunu əlavə edib.
Qeyd edək ki, sənəddə yeni iş yerlərinin açılması və biznes imkanlarının artırılması əksini tapıb. Vurğulanıb ki, Aİ ilə Ermənistan arasında münasibətlər beynəlxalq biznes standartlarına uyğun olaraq tənzimlənəcəkdir. Yeni müqavilə bir çox xidmət sektorunda, məsələn, lizinq, konsaltinq, icarə, maliyyə, nəqliyyat və s. xidmət sahələrində ikitərəfli ticarətin liberallaşdırılmasını nəzərdə tutur.
Məlumat üçün bildirək ki, Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli və geniş saziş imzalaması 2010-cu ildən gedən danışıqların nəticəsidir. 2013-cü ildə İrəvan Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamağa hazırlaşsa da, son anda geriyə addım atdı. Sazişin imzalanması Rusiyanın təzyiqi nəticəsində baş tutmamışdı.
Bəs indi nə dəyişdi? Rusiya doğurdan da Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına, saziş imzalamasına razılıq verib?
Ermənistanda siyasi təhlilçilər hesab edirlər ki, Avrasiya İqtisadi Birliyinin üzvü olaraq Ermənistanla Aİ arasında imzalanan sənəd üç il əvvəlki assosiasiya müqaviləsinin "yüngül variantı" ola bilər. Erməni siyasi təhlilçilər düşünürlər ki, bu saziş Rusiyanın Ermənistanda, o cümlədən, Cənubi Qafqazda mövqeyinə heç bir mane yaratmır. Ona görə də Rusiya sənədin imzalanmasına etiraz etməyib.
Onların fikrincə, indi 2013-cü il deyil və siyasi vəziyyət dəyişib. Çünki o zaman Ermənistan faktiki olaraq postsovet məkanında Rusiya ilə Aİ arasında geosiyasi mübarizə qurbanı olmuşdu, indi vəziyyət başqadır. Digər tərəfdən, bu sənəd siyasi yox, texniki xarakter daşıyır. Əgər Rusiya-Aİ münasibətlərində qlobal fors-major vəziyyəti yaranmasa, Rusiya buna o qədər də maneə olmayacaq.
Amma erməni ekspertlər həm də o fikirdədirlər ki, Rusiya Avropa ilə istənilən əlaqələri özünə qarşı yönəlmiş addım kimi qəbul edir. Bu fikirlərdən o nəticəyə gəlmək olur ki, Ermənistan Aİ ilə münasibətlərdən istənilən an geri çəkilə bilər.
Azərbaycanlı politoloq Vasif Əfəndiyev isə vurğulayıb ki, Ermənistan assosiasiya sazişi imzalamaqdan imtina etdikdən sonra, 2013-cü ildən başlayaraq Avropa İttifaqı yetkililəri növbəti illərdə müqavilənin bağlanması üçün hərəkətə keçdilər: "Bu dəfə onlar Rusiyanı inandırmağa çalışdılar ki, təklif olunan saziş əsasən texniki razılaşma olacaq və Rusiyanın hərbi, siyasi və iqtisadi nüfuzuna ziyan gəlməyəcək. Əslində, Rusiyanın Ermənistan üzərində olan hüququ elə məhz hərbi, siyasi və iqtisadi maraqlar üzərində qurulub. İlk növbədə Ermənistanın Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Şurasının üzvü olması, eləcə də Rusiya ilə ikitərəfli çoxsaylı hərbi, siyasi, iqtisadi razılaşmalar imzalaması 24 noyabrda Brüsseldə imzalanmış sənədin bu gün üçün işlək mexanizmə çevirilməsi mümkünsüz olacaq. İlk növbədə energetika, nəqliyyat, ətraf mühit kimi sahələrdə, eləcə də ticarət və investisiya sahələrində əməkdaşlığı nəzərdə tutan bu saziş Ermənistanla Rusiyanın iqtisadi əlaqələr və Gömrük Birliyi səbəbindən effektili alınmayacaq. Ermənistanın işlə təmin olunmuş işçi kontingenti əsasən Rusiyanın nəzarətində olan rabitə, energetika, dəmir yolu və hərbi sənaye şirkətlərində çalışırlar".
Politoloq xatırladıb ki, Ermənistanın quru nəqliyyatı əsasən daxili yollardan ibarətdir: "İranla nəqliyyat dəhlizi açılması planları Moskva-Bakı-Tehran dəmir yolu xəttinin açılması ilə puç oldu. Bu saziş gələcəkdə Ermənistan vətəndaşlarının Aİ ölkələrinə azad gediş-gəliş imkanları versə də, hesab edirəm ki, bu imkandan yalnız bir qisim insanlar yararlana biləcək. Əvvəla ona görə ki, Ermənistan əhalisinin iqtisadi vəziyyəti Avropa standartlarına uyğun deyil və çoxluğun bu imkanlardan yararlanması mümkünsüzdür. Statistikaya görə, Ermənistan əhalisinin 70 faizi mövsümü və digər işlər səbəbindən Rusiyaya üz tutmaqdadırlar. Ermənistanın özündə Rusiya kapitalı ilə fəaliyyət göstərən (dəmiryolu, rabitə, energetika) müəssisələrdə işləyir və ya Rusiya hərbi strukturlarında qulluq edir.
Rusiyanın Ermənistanın belə asanlıqla Aİ-yə yaxınlaşmasına razılıq verməsini güman etsək, burda təhlilə ehtiyac olan bir sıra məqamlar özünü göstərir. İlk versiya bundan ibarətdir ki, Rusiya Ermənistanı mənasız və perspektivsiz yerə yemləmək fikrində deyil. Buna görə də bu vəzifəni Aİ ölkələri ilə bölüşmək qərarına gəlib. Rusiya ümid edə bilər ki, Aİ ölkələri Ermənistanın iqtisadiyyatının ayağa qalxması üçün müəyyən yardımlar edəcək. Digər versiya isə elə bu səbəbə görə Rusiya Ermənistanı yanında saxlamaqda zorluq çəkir və Rusiyanın iradəsinin əleyhinə olaraq bu saziş imzalanıb".
Onu da vurğulayaq ki, Gömrük İttifaqı və Avrasiya Birliyinin üzvü olaraq Ermənistanın Avropa İttifaqının tam hüquqlu üzlüyü mümkün deyil. Çünki iki müxtəlif tarif qaydaları ilə işləmək olmaz. Əgər bir Gömrük İttifaqına qoşulursansa, başqa bir yuridiksiya ilə azad ticarətə malik olmaq mümkün deyil.
PƏRVANƏ