Düzünü desəm, ora filmi izləməyə yox, premyeradan qəzet üçün xəbər hazırlamağa getmişdim.
Soyuq qış günü, axşamın gec saatları, gərgin iş prosesinin yorğunluğu və ən əsası təkliyim... Anlayacağınız film izləməyin "hayında" deyildim. Amma nahaqdan deməyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Bu dəfə sayan isə fələk yox, "kinoçəkənlər" idi. Daha da konkretləşdirsəm, mərhum kinorejissor Şamil Mahmudbəyov.
Söhbət dekabrın 22-də "Nizami" Kino Mərkəzində premyerası keçirilən "Adam" filmindən gedir. Mən nümayiş zalına çatanda tanınmış yazar Qan Turalı film haqqında məruzə edirdi. Rejissorun yaradıcılığından, filmin məziyyətlərindən söz açan Qan Turalının çıxışında diqqətimi ən çox çəkən cümlə bu oldu: "Filmi bir sözlə ifadə etsək, "darıxmaq" deyə bilərik".
Darıxmaq... Hansımızın dərdi deyil ki, darıxmaq?! Bu boyda Yer kürəsində hər insan ömründə bircə dəfə də olsun bu hissi dadmamış köçməz bu dünyadan. Demək ki, insanlara, insanlığa çox yaxından tanış olan bir mövzu işlənib bu filmdə.
Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olundu. Ssenari müəllifi yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı olan film Şamil Mahmudbəyovun son işidir. Balaş Abbaszadənin hekayələrinin motivləri əsasında ekranlaşdırılan filmin prodüseri Rasim Həsənov, quruluşçu-operatoru Nizami Abbasdır. Hələ 21 il öncə çəkilən ekran işi rejissorunun vaxtsız vəfatı və maliyyə vəsaitinin çatışmazlığından yarımçıq saxlanılmalı olub. 2010-cu ildə "Yeni Dalğa" Prodüser Mərkəzində filmin quruluşçu operatoru Nizami Abbas tərəfindən Şamil müəllimin rejissor ssenarisi əsasında montaj olunaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tamamlanıb.
Qısa və lakonik çıxışlardan sonra filmin nümayişi başlandı...
"Adam" yalnız, daxili təlatümündən başqa həyatında heç bir səs olmayan, dostları, yoldaşları tərəfindən etinasızlıqla qarşılaşan, darıxan, çox darıxan Əhmədin filmidir. Sevimli aktyorumuz Arif Kərimovun böyük məharətlə canlandırdığı Əhməd orta yaşlarda, heç zaman ailə qurmamış, ömrünü tənhalığına bürünüb sözün əsl mənasında yola verən bir kişidir. Hələ ilk kadrlardan, ora-bura şütüyən maşınların, harasa tələsən insanların arasında məqsədsizcə özünün də bilədiyi bir yerlərə gedən, ətrafı acgözlüklə seyr edən adamın baxışlarındanca insanı iliklərinə qədər üşüdür bu tənhalıq.
Əhmədin tənhalığı əynindəki nimdaş plaşa, papağa, ayaqqabılarına, əllərinə, gözlərinə, sözlərinə, davranışlarına hopub elə bil.
Əslində, tənhalıq nə ilk mövzudur, nə də son. Darıxmaq isə klassik ədəbiyyatdan tutmuş günümüzə qədər hər beş-altı əsərdən birinin əsas mövzusudur. Ədəbiyyatın və kinonun həyata bağlılığını nəzərə alsaq, nə çox ömrünü özü ilə baş-başa keçirən, darıxmağı yaşam tərzinə çevirən insanlar. Bəs, bu filmi fərqləndirən, haqqında danışılmağa, yazılmağa vadar edən səbəb nədir?! Bəlkə də hamının bildiyi, çoxlarının qarşılaşdığı reallığı sadə, açıq, bəzək-düzəksiz, pafossuz ifadəsində, rejissorun bir insanın timsalında böyük bir insanlığın faciəsini cəmi 38 dəqiqəyə sığışdırmaq bacarığında.
Ssenarist bu qədər insafsız davrana bilməzdi. O da qəhrəmanının bu tənhalığına acıyırmış kimi hərdən onu Bakının boz küçələrində köhnə tanışları ilə qarşılaşdırır. Bəlkə bir-iki kəlmə söhbət edə, keçəni-keçmişi xatırlayıb, yalnızlığını unuda deyə. Amma heyhat! İnsanların başı öz işlərinə, dərd-sərinə, problemlərinə o qədər qarışıb ki, nə yoldaş yada düşür, nə dost, nə qohum. İnsanlar bir-birinə qarşı o qədər etinasız, vəfasız, soyuq olublar ki, ətrafdakıların faciəsini görə bilmirlər. Bizim qəhrəmanın həyatındakı sükutu pozan kiçik radiosudur. Xırıltılı səsli, illərin yorğunu radio onu heç yerdə yalnız buraxmayan tək varlıqdır.
Müəlliflər Əhmədin tənhalığına bir çarə "düşünüb tapırlar". Axşam çağı dostu Səmədlə qarşılaşan qəhrəman onun bu yaxınlarda xəstəxanada yatdığını öyrənir. Səməd xəstəxanadakı rahatlığından, dostların, qohumların onu tək buraxmamasından ağızdolusu elə danışır ki, o da bu sıxıcı darıxmaqdan can qurtarmağın yolunu xəstəxanada yatmaqda görür və bir yolla buna nail olur.
Əhmədin içindəki təlatüm, yalnızlıq ağrısı palata yoldaşı Daşdəmirlə söhbətində açılır. O deyir: "indi ürəyini boşaltmağa, dərdini danışmağa adam tapa bilmirsən. Elə bil hamı quyunun dibində yaşayır, heç kəsi görmürlər, heç kəsi eşitmirlər".
Bu çarəsizlik aktyorun üzündə, gözündə yazılıb sanki. İri cüssəyə, boy-buxuna malik Arif Kərimov dilinə gətirmədiyi dərdlərin altında əzilir, balacalaşır, yox olur elə bil.
İnsanların əsl üzü isə elə bundan sonra açılır. İki gün öncə onunla bir stəkan çay içməyə vaxt tapmayan "dostlar" dəstə-dəstə xəstə ziyarəti adı ilə palatada kef məclisi düzəldirlər. Bir neçə gün davam edən bu yoluxmalar adamın tənhalığını az da olsa unutdurur, onu yenidən insan səsinə öyrəşdirir. Artıq Əhmədin də üzü gülür, o da dostları ilə zarafatlar edir, günlərini daha şən keçirir. Elə bunun nəticəsidir ki, "səndə heç nə yoxdur, bir-iki günə çıxış yazaram, gedərsən" - deyən həkimə, "mən hələ tələsmirəm, bir az da qalım" - deyə az qala yalvarır. Axı, bilir bu divarların arxasındakı soyuqluğu, gözündən tanıyır tənhalığı, həyatına ulayan yalqızlığı, günlərini zəhərə çevirən darıxmağı. Ona görə də bacardıqca bu səs-küylü, dost-tanışlı günlərinin dadını çıxarmağa çalışır.
Ancaq nə yazıq ki, bu yoluxmalar, bu kef məclislərinin də sonu çatır. İllərdir tənhalığa öyrəşən, ömrünü darıxmaqla keçirən adam üçün isə insan səsinə öyrəşəndən sonra səssizlik daha ağır nəticələr verir.
Gedib-gələndən ürəyini xəbər alan, "əsas odur ki, ürəyin sağ-salamatdır. Dərd burasındadır ki, adamlar indi ürəksiz olublar"- deyən qəhrəmanın sonda ürəyi də ona naxələf çıxır. Bütün insanlar, dostlar, yoldaşlar kimi o da bircə anın içərisində onu tənha qoyub həyatdan əllərini üzür. Bəlkə o da yorulur üzərinə düşən yükdən, bezir qalaqlanmış dərddən.
Beləcə, bir insan da gözümüzün qarşısında sükutundakı üsyanı, hayqırışı, yalvarışları ilə birgə yox olub gedir. Sağlığında onun bu hayqırışlarına qulaq tıxayanlar, göz qapayanlar isə ölümünə ağ mələfə çəkməklə kifayətlənirlər. Onun yoxluğunu ürəyində hiss edən ilk və son insan isə qonşusunun azyaşlı qızı olur.
Rəngsiz, texniki baxımdan olduqca məhdud imkanlarla çəkilmiş film peşəkarlığın texnikadan, maddiyyatdan güclü olduğunu bir daha sübut edir. Ruslan Nəsirov, Rahib Əliyev, Arif Qasımov, İdris Rüstəmov, Bəhram Bağırzadə, Elxan Quliyev, Yuri Rjov, Zilli Namazov və Sona Quliyeva kimi aktyorların rol aldığı ekran işi az sözlə çox mətləbin ifadəsinə bariz nümunədir. Bir sözlə, 21 il ekran həsrəti çəkmiş "Adam"ın topluma kino dilində 38 dəqiqəlik "adamlıq dərsi" verə bildiyini söyləmək olar.
"Adam"ın təqdimatı sağlığında filmi yekunlaşdırıb publikaya təqdim etməyə ömrü yetməyən unudulmaz rejissor Şamil Mahmudbəyovun ruhunun artıq rahatlıq və sevinc tapdığına xoş bir inam hissi yaratdı.