Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və Tarix İnstitutunun təşkialtçılığı ilə mərhum akademik Cəmil Quliyevin 90 illik yubileyi qeyd olunub.
Tarix İnstitutundan verilən məlumata görə, akademiyanın Rəyasət Heyətinin qərarına əsasən keçirilən tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli giriş sözü ilə açaraq qeyd edib ki, C.Quliyev ölkəmizdə tarix elminin inkişafına töhfələr verən alim kimi yaddaşlarda həkk olunub.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov isə bildirib ki, C.Quliyev beynəlxalq elmi forumlarda Azərbaycanı dəfələrlə təmsil edib: “O, 1972-1978-ci illərdə Tarix İnstitutunun direktoru olub. Akademik C.Quliyev Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib”.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova qeyd edib ki, C.Quliyevin ölkəmizdə ictimai elmlər sahəsində araşdırmaların daha geniş miqyas alması, onların dövrün tələblərinə uyğun aparılması və Azərbaycan tarixinin yeni mənbələr əsasında öyrənilməsində xidmətləri danılmazdır.
Bildirilib ki, C.Quliyevin rəhbərliyi və yaxından iştirakı ilə 10 cilddən ibarət “Azərbaycan Sovet Ensiklopediyası”, iki cildlik “Uşaq Ensiklopediyası”, “Naxçıvan Ensiklopediyası” və yeddi cildlik “Azərbaycan tarixi” işıq üzü görüb.
Tədbirdə Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun məruzəsi dinlənilib. Alim qeyd edib ki, C.Quliyev ölkəmiz üçün tarixçi kadrların hazırlanması işinə xüsusi diqqət yetirib.
Professor İzzət Rüstəmov, tarix elmləri doktoru Əsədulla Cəfərov və tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov görkəmli tarixçi alim C.Quliyevin Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, C.Quliyev 1976-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1975-1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru, 1997-ci ildən ömrünün sonunadək isə AMEA-nın Rəyasət Heyətinin üzvü olub.
Ceyhun ABASOV