Yanvarın 4-dən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasına start verilib.
Qış imtahan sessiyasında ümumilikdə 12064 bakalavr və magistr iştirak edəcək. Bu il ilk dəfə olaraq Maliyyə və mühasibat, İqtisadiyyat, Biznes və menecment, Texnologiya və dizayn, Əmtəəşünaslıq fakültələri və Rus İqtisad məktəbində iqtisada giriş fənni üzrə imtahan yazılı olacaq.
Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il də ötən illərdə olduğu kimi qış imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib. Şura üzvləri təhsil sahəsində fəaliyyət göstərən hər hansı QHT-nin iqtisadyönümlü ixtisas fənləri üzrə yazılı keçirilən imtahanlar ilə əlaqədar anonim sorğu keçirilməsini təşkil edəcəklər. Sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan Şura üzvləri “Açıq qapı”lar keçirərək, tələbə və valideynlərin müraciətlərini dinləyəcəklər. Eyni zamanda, sessiyanın yekunlarına dair müzakirələri də onlar aparacaqlar.
Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə imtahan komissiyası yaradılacaq. Komissiya sessiya müddətində yaranan problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edəcək, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda yol verilən nöqsanların aradan qaldırılması sahəsində zəruri tədbirlər görəcək. Tələbələrin sorğuları operativ olaraq “UNEC imtahan” Facebook səhifəsi ilə də cavablandırılacaq.
UNEC rektoru, professor Ədalət Muradov deyir ki, əsas məqsəd tələbələrin biliyinin obyektiv qiymətləndirilməsidir: “Biz təkcə savadlı, bacarıqlı, səriştəli mütəxəssis yox, həm də Azərbaycanın gələcəyini təmin etmək iqtidarında olan vətəndaşlar yetişdiririk. Bu baxımdan da imtahan sessiyasında şəffaflıq və obyektivlik ön plana çəkilir. İmtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək bizim iş prinsipimizdir. Şəffaflığın və obyektivliyin təmin olunması baxımından imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il jurnalistlər nəzarətçi qismində imtahanlara cəlb olunub. İmtahan sessiyası ictimaiyyətə açıq keçirildiyindən jurnalistlər sərbəst şəkildə imtahanları izləyə bilərlər”.
Rektor bildirib ki, tələbələrin qarşıdan gələn növbəti qış imtahan sessiyasında qazandığı biliklərin, əzmin və çalışqanlığın gücü ilə yüksək nəticələr əldə etməsinin zamanıdır: “Bu münasibətlə hər birinizə müvəffəqiyyətlər arzulayıram. Şübhəsiz ki, hər biriniz əlinizdən gələnin ən yaxşısını etmək üçün yorulmadan hazırlaşırsınız. Bundan sonra isə uğurun məhz Sizin əlinizdə olmasında inanmaq və özünüzə güvənməkdir. Bilik və savadınızla göstərəcəyiniz üstünlük üzərinizdə əvəzsiz zəhməti olan əzizlərinizə və müəllimlərə ən gözəl hədiyyə olacaqdır. UNEC bu sessiyada da şəffaflıq və tələbə biliyinin obyektiv qiymətləndirilməsində prinsipial mövqeyini yenə də qoruyacaqdır. Təhsilin keyfiyyətinin davamlı yüksəlişi, qürurverici uğurların qazanılması “Təhsil millətin gələcəyidir” - deyən ulu öndər Heydər Əliyevin müdrik siyasəti və bu strategiyanı qoruyan prezident İlham Əliyevin diqqət və qayğısı ilə birbaşa bağlıdır.
Dəyərli valideynlər, övladlarınıza və əzizlərinizə dəstək olmaq, ictimaiyyətə açıq imtahan prosesini izləmək üçün istənilən zaman universitetimizə təşrif buyura bilərsiniz. Hər zaman olduğu kimi, bu imtahan sessiyasında da universitetimizdə sizi görməkdən böyük fəxr hissi duyarıq. Ənənəmizə sadiq qalaraq, bu imtahan sessiyası müddətində də tələbə, valideyn və ictimaiyyət nümayəndələrinin müraciətlərini dinləmək üçün hər həftənin şənbə günü saat 10:00-12:00-da universitetimizdə “Açıq qapı” təşkil ediləcəkdir. KİV və qeyri-hökümət təşkilatlarının nünayəndələrini həm imtahan sessiyasını yaxından izləməyə, həm də “Açıq qapı” günlərində iştirak etməyə dəvət edirəm. Universitetdə keyfiyyətin davamlı təkmilləşdirilməsi üçün hər birinizin rəyi bizim üçün çox əhəmiyyətlidir”.
Bu il də universitetin “Qaynar xətt” (146-1-3) xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda, onların araşdırılmasına da yalnız onlar nəzarət edir. “Qaynar xətt”ə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır.
Hər sessiya dövründə olduğu kimi bu dəfə də imtahan prosesində tələbələri narahat edən hər hansı məsələnin operativ araşdırılması məqsədilə UNEC-də “Qərargah” yaradılıb. “Qərargah” bir ay boyunca UNEC-in bütün tədris binalarında fəaliyyət göstərəcək. İş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərən “Qərargah”lar daxil olan bütün müraciətləri dinləyərək, problemləri operativ araşdıraraq, cavablandıracaq.
“Qərargah”ların əlaqə nömrələri:
əsas tədris binası: 146-1-3, 492-59-03 (200-cü otaq)
2-ci tədris binası: 564 40 39 (100-cü otaq),
4-cü tədris binası: 440 76 43 (414-cü otaq),
Bundan başqa, tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar və əşyalarını yerləşdirmək üçün saxlanc otaqları ayrılıb.
Sessiyanın sonuna kimi UNEC-də kitabxana və oxu zalları axşam saat 22.00-dək işləyəcək. Tələbələr imtahana hazırlaşarkən yaranan sıxlığın aradan qaldırılması üçün bütün tədris binalarında fasiləsiz internetlə təmin edilən xüsusi auditoriyalar ayrılıb.
Həmçinin, E-apellyasiya xidməti də tələbələrin ixtiyarına verilib. İmtahan sessiyası dövründə Elektron Müracət Sisteminin köməkliyi ilə tələbələr operativ şəkildə apellyasiya müraciətlərini edə və nəticələrini öyrənə bilərlər. Bunun üçün erize.asue.edu.az saytına daxil olmaq kifayətdir. Sistem həmçinin, tələbənin vaxtına qənaəti təmin edir.
Sessiya boyu tələbələrin ən çox istifadə etdikləri vasitələrdən biri də onların intellektual potensialının aşkar olunması və inkişaf etdirilməsinə xidmət edən “Özünü sına” online sınaq imtahan portalıdır. Portal həm də tələbələrin imtahanlara psixoloji hazırlanmasına kömək edir. Sinaqimtahani.net portalının mobil tətbiqetməsi də UNEC tələbələrinin ixtiyarındadır.
S.QARAYEVA