Gürcüstanın Vətəndaşlıq məsələləri üzrə komissiyası Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin tabeçiliyindən çıxarılaraq prezident administrasiyasının tabeçiliyinə verilib.
APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Gürcüstan prezidentinin təsdiq etdiyi dəyişikliklərə əsasən, vətəndaşlığın verilməsi məsələlərinə baxan komissiya 6 üzvdən ibarət olacaq və ona prezident administrasiyasının nümayəndələri rəhbərlik edəcək.
Nazir qeyd edib ki, dəyişikliklər bu ilin yanvarın 15-də qüvvəyə minəcək.
T. Tsulukiani əlavə edib ki, Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin müsbət rəylərinə rəğmən, prezident 2017-ci ildə 565 nəfərə Gürcüstan vətəndaşlığının verilməsinə razı olmayıb: “Əksəriyyət Gürcüstanın keçmiş vətəndaşları, Gürcüstanda anadan olmuş şəxslər və ya onların ailə üzvləri olub. Bu şəxslərə vətəndaşlığın verilməsi dövlətin maraqlarına cavab verir. Ümid edirəm ki, komissiyanın prezident administrasiyasının rəhbərliyinə verilməsi ilə dövlət başçısı ötən ilin təcrübəsini davam etdirməyəcək”.