“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkənin aparıcı ali təhsil müəssisələrindən sayılan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 200 yaxın tələbənin iştirakı ilə anonim sorğu keçirib.
Sorğu ali məktəbdəki gerçək duruma tələbələrin gözü ilə baxmaq, rəy, təklif və fikirlərini öyrənmək, obyektiv təhlil aparmaqdır. Bir növ həmişə universitetdən qiymət gözləyən tələbələr özləri universitetə qiymət veriblər.
Sorğunun ümumi nəticələrinə əsasən, tələbələrin böyük əksəriyyəti ADPU-da təhsilin səviyyəsindən, tədris prosesində və sessiya imtahanları zamanı mövcud olan şəffaflıqdan, imtahan suallarının mövzulara müvafiq formada hazırlanmasından razıdırlar. Respondentlərin böyük əksəriyyəti birmənalı olaraq müəllimlərin tədris etdiyi fənnə olan məsuliyyətindən, tələbə-müəllim münasibətlərindən, tələbənin biliklərinin obyektiv və vaxtında qiymətləndirməsindən, təhsil və ya imtahan prosesi zamanı narazı qaldıqları hallarda şikayətləri ilə bağlı çıxarılan qərarlardan razı qaldıqlarını bildiriblər.
Universitet rəhbərliyi tərəfindən tələbələrə yüksək keyfiyyətli təhsil verilməsi, tələbələrin hərtərəfli yetişdirilməsinə imkanlar təmin edən bir universitet formalaşdırmaq istiqamətində aparılan islahatlar sizi qane edirmi sualına 159 tələbə bu çalışmaları yetərli hesab etdiyini qeyd edib. 66 tələbə bu çalışmalar müsbətdir, amma yetərli deyil cavabını verib. 16 tələbə isə bildirib ki, bu sahədə görülən işlər zəifdir.
Universitetdə tədrisin keyfiyyətini necə qiymətləndirirsiniz sualına sorğuya cəlb olunan 70 tələbə əla, 62 tələbə çox yaxşı, 83 tələbə yaxşı, 27 tələbə kafi cavabını verib.
Universitetdə müəllim-tələbə münasibətləri hansı səviyyədədir sualına 40 tələbə əla, 66 tələbə çox yaxşı, 120 tələbə yaxşı, 29 tələbə kafi cavabını verib.
Sorğu zamanı tələbələrə təqdim olunan müəllimlərin keçdiyi mühazirə və seminarlar sizi qane edirmi sualına cavab olaraq 132 tələbə bütün mühazirə və seminarlar məni qane edir cavabını verib. 61 nəfər isə bildirib ki, mühazirə və seminarların az bir hissəsi məni qane etmir, 45 nəfər mühazirə və seminarların az bir hissəsi məni qane edir.
Müəllimin tədris etdiyi fənnə olan məsuliyyətindən razısınızmı? 34 tələbə son dərəcə razıyam, 60 nəfər əsasən razıyam, 105 nəfər razıyam, 20 nəfər nisbətən razıyam, 10 nəfər razı deyiləm cavabını verib.
Universitetdə tələbələrin hüquqları qorunurmu? Sərbəst bir şəraitdə təhsil almalarına imkan yaradılırmı sualına 130 tələbə bəli, 56 nəfər xeyir, 39 qismən razı olduğunu vurğulayıb.
Dekanlığın fəaliyyətindən necə razısınız. 60 tələbə son dərəcə razıyam, 55 nəfər əsasən razıyam, 95 nəfər razıyam, 25 nəfər nisbətən razıyam, 9 nəfər isə razı deyiləm cavabını verib.
Tələbələrə ünvanlanan müvafiq kafedranın fəaliyyətindən razısınızmı sualına onlardan 22 nəfər son dərəcə razıyam, 75 nəfə əsasən razıyam, 91 nəfər razıyam, 37 nəfər nisbətən razıyam, 9 nəfər razı deyiləm deyib.
Universitetdə imtahanlar zamanı tələbələrin biliyinin qiymətləndirilməsinin obyektivlik və şəffaflıq dərəcəsini necə qiymətləndirirsiniz? 118 tələbə bu suala cavab olaraq bildirib ki, imtahanlar tam obyektiv və şəffaf keçirilir. 100 tələbə əsasən obyektiv və şəffafdır, 46 tələbə obyektiv cavabını verib. 5 tələbə isə suala cavab verməyib.
Univesitet rəhbərliyi imtahanların obyektiv və qüsursuz keçirilməsi üçün müvafiq tədbirlər həyata keçirir.
Rəhbərliyin bu çalışmaları sizi qane edirmi? 80 nəfər son dərəcə razıyam, 69 nəfər əsasən razıyam, 70 nəfər razıyam, 10 nəfər nisbətən razıyam, 5 razı deyiləm deyib.
Universitetin kitabxana sistemindən informasiyaların əldə olunması asandırmı sualına 27 nəfər son dərəcə asandır, 59 nəfər çox asandır, 68 tələbə asandır, 67 nəfər nisbətən asandır, 18 tələbə asan deyil cavabını verib.
Son olaraq tələbələrə təqdim edilən universitetinizi başqalarına tövsiyə edərdinizmi sualına tələbələrin demək olar ki, hamısı bəli cavabını verib.