Milli Məclisin (MM) Regional məsələlər komitəsi parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası üçün müəyyənləşdirdikləri tədbirlər planını açıqlayıb.
MM-in Regional məsələlər komitəsinin sədri Arif Rərimzadə komitənin dünən keçirilən iclasında deyib ki, yaz sessiyası dövründə “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə, “Yerli (bələdiyyələr) vergilər və ödənişlər haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.Komitənin 2017-ci il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı təqdim edən A.Rəhimzadə bildirib ki, regional məsələlər komitəsi hesabat dövründə Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planına və komitənin 19 sentyabr tarixli iclasında təsdiq olunmuş iş planına uyğun fəaliyyət göstərib.Komitənin altı iclası keçirilib, səkkiz məsələ müzakirə olunub, onlardan altısı qanun layihəsidir. Milli Məclisin payız sessiyasında komitənin ünvanına daxil olmuş 109 müraciət, təklif, ərizə və şikayətin 61-i araşdırılıb, lazımi tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib.
“Azərbaycanda sabitlik, ölkəmizin inkişafı naminə hər bir millət vəkili eyni zamanda ölkə Prezidentinin müdafiəçisi, vəkili olmalıdır”. Bunu isə iclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib. O deyib ki, bu gün dünyada çox ağrılı, qorxulu proseslər gedir və ölkəmizi bu proseslərdən kənarda tutmaq üçün ölkə Prezidenti, dövlər rəhbərliyi səviyyəsində çox mühüm addımlar atılır: “Bu gün məhz ölkə Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində Azərbaycan bölgədə və dünyada təhlükəsizlik və sabitlik adasına çevrilib. Biz də Milli Məclis, Regionla məsələlər komitəsi olaraq, öz üzərimizə düşən işləri görürük və görməyə çalışırıq. Qarşıdan da çox mühüm bir proses-prezident seçkiləri gəlir. Ona görə hesab edirəm ki, Azərbaycan naminə görülən işlərdə və bu işlərin davam etdirilməsində hər birimiz, hər bir millət vəkili eyni zamanda, ölkə rəhbərinə dəstək, onun vəkili olmalıdır”.
A. Rəhimzadə də F.Heydərovun fikirlərini və təklifini dəstəkləyərək bildirib ki, 2018-ci il olduqca mühüm ildir: “Bu il ölkədə növbəti prezident seçkiləri keçiriləcək. Hər ötən gün bizi przident seçkilərinə daha da yaxınlaşdırır. Hesab edirəm ki, Azərbaycanda aparılan işlərin daha 5 il də davam etdirilməsi üçün ölkə Prezidentinin növbəti dəfə mandat alması lazımdır. İnanıram və qəti əminəm ki, bu, belə də olacaq. Bizim hər birimiz də ona səs verəcəyik, onu dəstəkləyəcəyik”.
Kamil HƏMZƏOĞLU