“Türkiyə Afrində terrora qarşı mübarizəsindəki qərarlılığını axıra qədər davam etdirəcək”.
Bu sözləri “525” in Türkiyə müxbirinin suallarını cavablandırarkən tanınmış politoloq, Orta Şərq və terrorizm məsələləri üzrə ekspert Nevzat Çiçək deyib.
“Türkiyənin Afrin bölgəsində PYD terror təşkilatına qarşı başladığı “Zeytun budağı” əməliyyatının birinci həftəsi başa çatarkən əməliyyatda qət edilmiş məsafə barədə nə deyə bilərsiniz?”- sualını Nevzat Çiçək bu şəkildə cavablandırıb: “Hava və coğrafiya şəraiti müəyyən çətinliklər törətsə də Türkiyə quru qüvvələri “Zeytun budağı” əməliyyatını uğurla davam etdirir. Əslində ordumuz bölgədə daşı daş üstündə qoymaya bilər, ancaq yerli mülki xalqın bu əməliyyatdan zərər görməsini istəmir. Bölgədə marağı olan ölkələr Rusiya, İran, ABŞ, Avropa Birliyi Türkiyənin terrora qarşı həyata keçirdiyi haqlı əməliyyata qarşı kəskin mövqe tuta bilmədilər. Müxtəlif variantlar irəli sürülür ki, onlardan biri də PYD-nin öz əlindəki tutduğu bölgələri Əsəd rejiminin qüvvələrinə təhvil verməsidir. Bunun baş tutması halında belə, Türkiyə öz əməliyyatlarını uğurla davam etdirməkdə qərarlılıdır. Bölgənin Əsəd rejiminin nəzarətinə keçməsi halında Türkiyə 10-30 kilometrlik məsafədə “Təhlükəsiz bölgə” yaradılması üçün təkid edəcəkdir.
“Prezident Ərdoğan bu əməliyyatın başa çatmasından sonra Türk ordusunun Münbiçə irəliləyərək Fərat çayının Qərbini tamamilə terrorçulardan təmizləyəcəyini vurğulayıb. Bu barədə nə demək istərdiniz?”- sualına Orta Şərq və terror məsələləri üzrə tanınmış mütəxəssis, “Habertürk” TV kanalının şərhçisi Nevzat Çiçək deyib: “Hörmətli prezidentimizin də dediyi kimi, ABŞ-ın bölgədə terror təşkilatını himayə etməsi müttəfiqliyə heç yaraşmayan bir şeydir. Afrindəki əməliyyat uğurla başa çatandan sonra Türkiyənin Münbiçə yönələcəyinə heç kimin şübhəsi olmamalıdır. Bəziləri iddia edir ki, Türkiyə Afrindən sonra Münbiçə yönələrkən ABŞ-dan icazə almalıdır. Ancaq hamı əmin olsun ki, Türkiyənin heç kimdən icazə istəməsindən söhbət gedə bilməz. Türkiyə yaxın gələcəkdə Fərat çayının Qərbində yerləşən terror təşkilatını tamamilə təsirsiz hala gətirərək daha sonra Fərat çayının sağ sahilindən terrorçuları təmizləməyə başlayacaqdır”.
Türk ordusu Suriyanın şimalında yerləşən Afrin bölgəsində PYD/YPG terror təşkilatını bölgədən təmizləmək üçün “Zeytun budağı” hərbi əməliyyatına başlayıb. Bundan əvvəl isə Türk ordusu PYD terror təşkilatının bölgədən təmizləmək məqsədi ilə 24 avqust 2016-cı ildə “Fərat qalxanı” hərəkatına başlamış, təxminən 25 kilometrlik dərinlikdə bölgədə aparılan əməliyyatlar Türk silahlı qüvvələri hərbi hissələrinin Əl-Bab şəhərinə yerləşməsiylə başa çatmışdı.
A.Ağazadə
İstanbul, 27 yanvar 2018