Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonla görüş olub.
Nazirlikdən verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevin məqsədyönlü islahatlar proqramının ölkəmizdə iqtisadiyyatın uğurlu şaxələndirilməsi əsasında inkişaf tempinin davam etməsinə şərait yaratdığını vurğulayıb: "Dünyada mürəkkəb siyasi-iqtisadi proseslərin mövcud olduğu şəraitdə Azərbaycan makroiqtisadi inkişafını davam etdirir. Təkcə son bir ildə ümumdaxili məhsulda artım özünü göstərməklə bərabər, xüsusilə qeyri-neft sektorunda 3,6 faiz, kənd təsərrüfatında 4,1 faiz artıma nail olunması əmək resurslarının səmərəli məşğulluq imkanlarının artırılması, əmək tutumlu sahələrin, çoxsaylı yeni iş yerlərinin yaradılması ilə müşahidə olunub. Xüsusən 2004-cü ildən ölkədə icra olunan regional inkişaf proqramları bu istiqamətdə mühüm irəliləyişlərə imkan verib".
Nazir bildirib ki, ölkədə dayanıqlı iqtisadi inkişafı xarakterizə edən proseslər əmək bazarında da müsbət meyllərin sürətlənməsini şərtləndirir: "Davos İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan daha iki pillə irəliləyərək dünya miqyasında 35-ci yeri tutmaqla, eyni zamanda, əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yerdə qərarlaşıb".
S.Müslümov dövlət başçısının müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə uyğun olaraq, insan kapitalının inkişaf etdirilməsi, mövcud işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, o cümlədən, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması yönündə aparılan islahatları diqqətə çatdırıb. Nazir ölkəmizdə sosial cəhətdən həssas qruplara yönələn sosial müdafiə sisteminin gücləndirilməsi yönündə atılan addımları qeyd edib, bu sistemin geniş əhatəliliyə malik olmasının, yoxsulluğun azaldılmasında rolunun Dünya Bankı tərəfindən də yüksək dəyərləndirildiyini vurğulayıb.
Xanım M.Tembon ölkəmizdə iqtisadi sahədə uğurlarla bərabər, insan kapitalının inkişafı, sosial rifah səviyyəsinin yaxşılaşdırılması, əmək bazarının tənzimlənməsi, məşğulluğun artırılması yönündə əhəmiyyətli irəliləyişlərə nail olunmasının, həyata keçirilən uğurlu islahatların Dünya Bankı tərəfindən rəğbətlə qarşılandığını qeyd edib. Son illərdə Azərbaycanda əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində yaradılan avtomatlaşdırılmış sistemlərin əhəmiyyətindən bəhs edən M.Tembon xüsusilə də ünvanlı dövlət sosial yardımı sisteminin elektron infrastruktur üzərində qurulmasının bu sistemdə ünvanlılığın və şəffaflığın təmin edilməsi, neqativ halların tam aradan qalxması kimi mühüm nəticələrin əldə olunmasına imkan verdiyini vurğulayıb. Sosial müdafiə siyasətində aktiv tədbirlərə üstünlük verilməsinin təqdirəlayiq olduğunu, bunun aztəminatlı ailələrin sosial müdafiə sistemindən asılılığını azaldacağını və iqtisadi müstəqilliyini artıracağını fikirlərinə əlavə edən xanım M.Tembon təmsil etdiyi təşkilatın gələcək əməkdaşlığa aid planları barədə məlumat verib.
Görüşdə Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı, İş Yerlərinin Diaqnostikası, yoxsulluğun qiymətləndirilməsi üzrə planlaşdırılan fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlığının gələcək istiqamətləri müzakirə olunub.
CEYHUN