Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman “Qara Qarayev ili”nin açılışında iştirak etmək üçün Ankaraya gedən Azərbaycan nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin rəhbəri olan Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Q.Qarayevin tələbəsi olduğunu deyərək, onun yaratdığı dünyaca məşhur əsərlər haqqında nazir müavininə ətraflı məlumat verib. Azərbaycanda və bütün dünyada ölməz bəstəkarın çox sayda tələbələri və davamçıları olduğunu xüsusi vurğulayıb. Dahi bəstakarın əsərlərinin dünya miqyasında geniş şəkildə ifa olunmasından, dünya musiqi xəzinəsinin incilərinə çevrilməsindən bəhs edib. Çıxışının sonunda F.Əlizadə Q.Qarayevin əsərlərindən ibarət audiodiski nazir müavininə təqdim edib.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında dahi Qara Qarayevin keçmiş Sovetlər birliyində və dünyada çox məşhur bir bəstəkar olduğunu, milli musiqinin əsaslarını dahi bəstəkarımız Üzeyir Hacıbəylidən, klassik musiqinin sirlərini isə məşhur rus bəstəkarı Dmitri Şostakoviçdən öyrəndiyini söyləyib. Bildirib ki, Qara Qarayev hələ tələbə ikən dünya musiqi mədəniyyəti tarixində inqilabi addım hesab olunan musiqi əsərləri yaratdığına görə müəllimi Dmitri Şostakoviç Qara Qarayevi öz tələbəsi yox, həmkarı və müasiri adlandırıb. O, Azərbaycan Milli Kitabxanası haqqında foto albomu nazir müavininə təqdim edib.
TÜRKSOY-un baş katibinin yardımçısı Fırat Purtaş və Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı çıxışlarında dahi bəstəkarın yubileyinə həsr olunmuş silsilə tədbirləri yüksək qiymətləndiriblər.
Nazir müavini Hüseyin Yayman Qara Qarayev haqqında verilən bilgilərə görə təşəkkür bildirərək, bəstəkarın təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük sənətkarı olduğunu xüsusi vurğulayıb, onun əsərlərinin bütün dünyada sevilərək ifa edildiyini söyləyib.
Görüşün sonunda Hüseyin Yayman Türkiyə haqqında fotoalbomu və İstanbul haqqında kataloqu görüş iştirakçılarına və Milli Kitabxanaya hədiyyə edib.
Şahanə MÜŞFİQ