Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Astanada Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali ilə görüşüb.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə Günay Əfəndiyeva Türk muzeyi və Türk Kitabxanasındakı qədim türk kitabları ilə tanış olub.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı gələcək layihələr, o cümlədən III “Böyük Çöl” Humanitar Forumu, Azərbaycan Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirə hazırlıq, Monqolustanda ekspedisiya, arxeoloji qazıntıların aparılması haqqında ətraflı məlumat verib. Bu layihələrdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. D.Kıdırali Türk milli mirasının siyahısının hazırlanması, Türk muzeylərinin təşkili üzərində çalışdıqlarını diqqətə çatdırıb.
Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, məqsədləri barədə geniş məlumat verib.
İki fondun əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd edən Günay Əfəndiyeva Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin latın qrafikalı qazax əlifbasının yeni versiyasını təsdiqləyən fərmanının əhəmiyyətini vurğulayıb. Türkdilli ölkələri birləşdirən beynəlxalq təşkilatların birgə əməkdaşlığının yüksək nəticələr əldə edəcəyinə əmin olduğunu bildirən Günay Əfəndiyeva bu il bir neçə kitabın işıq üzü görəcəyini də deyib.
Günay Əfəndiyeva Astanada həmçinin Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin məsul katibi Kuatjan Ualiyevlə də görüşüb. Görüşdə Günay Əfəndiyeva Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi irsinin və tarixinin öyrənilib qorunması istiqamətində apardığı işlər barədə danışıb.
Qazaxıstan ilə əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edən Günay Əfəndiyeva Fondun məqsədləri və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verib. Kuatjan Ualiyev Fondun fəaliyyətini bütövlükdə türk dünyasının birliyi naminə töhfə kimi dəyərləndirib, gələcək layihələrə dəstək olacaqlarını bildirib.
Görüş zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.