İlaxır çərşənbələrin ikincisi, el arasında üskü çərşənbə, addı çərşənbə adlandırılan od çərşənbəsinin gəlişi Lənkəranda bütün təmtərağı ilə qeyd edilib.
Şəhərin vağzalyanı meydanında Novruzun rəmzləri olan Kosa ilə Keçəlin qaladığı tonqalın işığına, istisinə bütün Lənkəran yığışıb. El adətincə qalanan ocağın işığında oxunan nəğmələr, keçəllə kosanın zarafatları, şux rəqslər mərasimə əsl şadlıq, bahar ab-havası qatıb.
İlaxır çərşənbələrin elliklə qarşılanması xalqın birliyini, doğmalığını əks etdirir. Bahar - bayram sevincini birgə bölüşmək əski inancların gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynayır.
Şəhər sakinləri bahar - bayram ovqatlarını bizimlə də bölüşüblər.
Ömrünün 70-ci baharını yaşayan Etibar Əhədov bildirib ki, Novruz çərşənbələri baharın gəlişini müjdələyir. Oddur, sudur, küləkdir, torpaqdır - bunlar birlikdə təbiəti canlandırır.
Şəhər sakini Nuranə Məmmədova deyib ki, çərşənbə axşamlarından ən müqəddəsi od çərşənbəsidir: "Çox sevinirəm, Allaha şükürlər edirəm ki, növbəti bayram tonqalını görmək bizə qismət oldu. Bütün ailələrə ruzi-bərəkət bolluq sevinc arzu edirəm. Ocaqlarınız gur yansın, əzizlərimiz".
Bayram iştirakçılarının cəngi sədaları altında xalqın birliyinin rəmzi kimi əl-ələ verib yallı getməsi bayrama həm əlvanlıq, həm möhtəşəmlik qatdı.
Qeyd edək ki, bayram mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmi şəxslər iştirak ediblər.
Esmira İSMAYILOVA
Lənkəran