Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi geniş müsahibə böyük diqqət və maraqla qarşılanıb.
Ölkə rəhbəri bütün sahələr üzrə mövcud vəziyyət - Azərbaycanın əldə etdiyi uğurlar, qarşılaşdığı problemlər və onlardan çıxış yolları barədə fikirlərini bildirib. Prezident xüsusilə Azərbaycanın daxili və xarici siyasətində önəmli yer tutan istiqamətlərə toxunub, ölkənin təhlükəsizliyinin, müdafiə qabiliyyətinin artırılması, beynəlxalq əlaqələrin, ümumilli həmrəyliyin gücləndirilməsi, ordu quruculuğunun daha da inkişaf etdirilməsi və digər məsələlərdən danışıb.
Prezident qeyd edib ki, müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir: “Biz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb”.
Azərbaycanın müdafiə sənayesinin sahəsinin də inkişaf etdirildiyini deyən İlham Əliyev bildirib ki, dövlətimiz artıq silah alan ölkədən silah ixrac edən ölkəyə çevrilib: “10 il əvvəl mənim təşəbbüsümlə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. O vaxta qədər biz hərbi məhsullar istehsal etmirdik. Bu gün isə belə məhsulları nəinki istehsal edir, həm də ixrac edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu məhsullar beynəlxalq standartlara uyğundur və bizim bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin, yaxşı ixrac potensialı yaradır”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə də toxunan dövlət başçısı qeyd edib ki, indiki vəziyyət istər Azərbaycan, istərsə də dünya birliyi üçün məqbul deyil: “Xüsusən ona görə ki, vasitəçilik missiyası mandatına malik olan, Minsk qrupunun həmsədrləri olan ölkələr - Rusiya, Fransa və ABŞ dövlət başçıları səviyyəsində birgə bəyanatlarında dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir və o, dəyişməlidir. Biz bu mövqeyə tamamilə şərikik və bu cür bəyanatları çox düzgün hesab edirik. Lakin biz konkret fəaliyyət gözləyirik. Bəyanatlar, əlbəttə, vacibdir, lakin bizə bu məsələnin tənzimlənməsi lazımdır. Məsələnin tənzimlənməsi üçün bütün hüquqi mexanizmlər mövcuddur. BMT Təhlükəsizlik Şurası 20 ildən çox bundan əvvəl erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr öz qüvvəsini saxlayır və onlar yerinə yetirilməlidir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. Təəssüf ki, bu imtinaya görə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib”.
Prezidentin sözlərinə görə, məsələnin tənzimlənməməsinin başlıca səbəbi ondan ibarətdir ki, Ermənistan status-kvonu dəyişmək istəmir: “Ermənilər sözdə danışıqlar aparmaq arzusunu bildirir, əslində isə danışıqları imitasiya etməklə məşğul olur. Onlar əllərindən gələni edirlər ki, siz demişkən, hər şey dairə boyunca təkrarlansın və bu prosesin sonu olmasın. Bu isə istər bizim üçün, istərsə də dünya birliyi üçün qəbuledilməzdir. Buna görə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən tezliklə yerinə yetirilməsi, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə tezliklə başlanması, - axı, təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycan SSRİ-nin Dağlıq Qarabağ Muxtar Vilayətinə heç bir aidiyyəti olmayan və olmamış 7 Azərbaycan rayonu da işğal altındadır, - münaqişənin mərhələli tənzimlənməsində birinci addım olmalıdır və münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll edilməlidir”.
Dövlət başçısı İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibə ilə bağlı “525”ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, hazırda ölkəmiz üçün çox əlverişli vəziyyət yaranıb: “Azərbaycan prezidenti beynəlxalq ictimaiyyətin adından Minsk qrupuna, eləcə də münaqişə tərəfi olan Ermənistana məsləhət və tövsiyələr verir. Ən əhəmiyyətli məqam budur ki, dünya ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiki rəyini məhz ölkə başçısı İlham Əliyev formalaşdırıb”.
Ümumiyyətlə, münaqişə başlananda beynəlxalq ictimaiyyətin mövqeyinin ölkəmizin əleyhinə olduğunu deyən politoloq həmin dövrdə işğalçı Ermənistanın dəstəyinin böyük olduğunu bildirib. Hazırda isə yürüdülən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın mövqeyinin gücləndiyini qeyd edən M.Əhmədoğlu dövlət başçısının Rusiya mətbuatına müsahibəsində verdiyi mesajları dövlətimizin artan gücünün nümayişi kimi qiymətləndirib: “Bu gün Ermənistan dövləti daxilində baş verən gərginlik, əhali ilə hakimiyyət arasında dərinləşən ziddiyyətlar fonunda Azərbaycan prezidenti İlham Əliyev olduqca təmkinlə bildirir ki, Ermənistan BMT Təhlükəsizlik Şurası qəbul etdiyi 4 qətnaməni yerinə yetirməlidir. Bu, ölkə rəhbərinin Dağlıq Qarabağ məsələsində təkcə iradəsini yox, eyni zamanda gücünü göstərir”.
Ötən ay Azərbaycanda kifayət qədər əhəmiyyətli hadisələrin baş verdiyini, Türkiyə, İran, Gürcüstanın yüksək səviyyəli dövlət rəsmilərinin ölkəmizə səfər etdiklərini, müxtəlif formatlarda görüşlər, beynəlxalq miqyaslı forum və tədbirlər keçirildiyini deyən mərkəz sədrinin sözlərinə görə, rəsmi Bakının diplomatik aktivliyi Ermənistanda böyük əks-sadə doğurub: “Hətta bu, ermənilərdə regiondan sürgün olacaqlarına dair narahatlıq, qorxu yaradıb. Bu mənada, prezident müsahibə verəndə məhz bu nüansları nəzərə alıb. Ona görə də, biz bu gün o vəziyyətdən danışa bilərik ki, öz siyasi iradəsi, gücünü ortaya qoymaqla Ermənistanın mövqeyində əlavə dəyişikliklər də yaradacaq”.
Milli Məclisin deputatı Rövşən Rzayev isə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistana qarşı qəbul etdiyi qətnamələrin icra olunmaması beynəlxalq hüququn qeyri-işlək olmasından xəbər verir. O, SİA-ya bildirib ki, dövlət başçısı İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibədə bu məsələni xüsusi olaraq vurğulayıb və qətnamələrin qəbul olunmasından 20 ildən çox vaxtın keçdiyini xatırladıb: “Bu qətnamələr öz qüvvəsini saxlayır və onlar yerinə yetirilməlidir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. Təəssüf ki, bu imtinaya görə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib”.
Deputatın sözlərinə görə, BMT elə bir institutdur ki, onun qətnamələri dərhal yerinə yetirilməlidir: “Biz həyatımızda görə bilirik ki, müəyyən dövlətlərlə bağlı qərarlar dərhal yerinə yetirilir. Amma Azərbaycanla bağlı məsələlərdə biz bunu görə bilmirik. Ona görə də, təbii ki, bu hər birimizi narahat edir. Biz bu istiqamətdə bugünkü fəaliyyətimizi daha gücləndirməliyik. Bu, tamamilə haqlı bir mövqedir. Bu məsələ ilə bağlı aparıcı dövlətlər, ATƏT-in Minsk qrupuna üzv ölkələr, o cümlədən, ABŞ, Rusiya, Fransa öz mövqeyini bildirməlidir. Beynəlxalq hüquq prinsiplərinin bu gün beynəlxalq hüquqsuzluğa uduzması onu deməyə əsas verir ki, dünyadakı problemlərin həllini çözməkdənsə, onların sayı artırılır. Nə qədər ki, beynəlxalq hüquqsuzluq beynəlxalq hüquqa güc gələcək, təbii ki, biz problemlər yaşayacayıq”.
Ceyhun ABASOV