Azərbaycan ötən həftə daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi.
Paytaxt Bakıda aprelin 5-6-da "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda keçirilən aralıq nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin, Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə, 800-dən artıq şəxs iştirak etdi. Bundan əvvəl isə aprelin 3-4-də Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına hazırlıq məqsədilə yüksək vəzifəli məmurlar səviyyəsində iclas baş tutdu.
Məlumat üçün bildirək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Qoşulmama hərəkatının yaradılması ideyası 1955-ci ildə Bandunq konfransında (İndoneziya) irəli sürülüb. 1961-ci ildə isə hərəkatın yaradıldığı elan olunub. Üzv ölkələr arasında Afrika, Asiya, Latın Amerikası və Avropa ölkələri var. Bu qurumun əhəmiyyətindən danışarkən ilk növbədə onun beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasındakı mühüm rolu vurğulanır.
Hərəkat bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis edlib. Əsas məqsədləri beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Hərəkatın idarəçiliyi rotasiya əsasında dəyişir.
Təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Üzvlük prinsipləri hələ təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib.
"Bandunq prinsipləri" arasında BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, onların ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək və s. müddəalar yer alıb.
Azərbaycanda hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilən Qoşulmama Hərəkatında fəal rol oynayır. Ölkəmiz 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub.
Hərəkata üzv olduğu ötən müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin, beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlər ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.
2012-ci ilin may ayında Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində keçirilən iclasının yekun sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də daxil edilib. Sənədin 382-ci maddəsində Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə edilib. Həmin bənddə münaqişənin tənzimlənməsi üçün əsas təşkil edəcək məlum prinsiplərin qeyd edilməsi ilə yanaşı, 120 ölkənin münaqişənin məhz Ermənistan və Azərbaycan arasında olmasını təsbit etməsi də çox əlamətdardır.
Həmin ilin avqustunda İranda keçirilən QH Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə görüşünün yekun sənədinin 391-ci maddəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilib. Nazirlər görüşündə qəbul olunmuş bənddən bir addım önə gedərək bu bənddə dövlətlər münaqişənin məhz Azərbaycanın "ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində" həllinə dəstəyi ifadə edib. Sammit ilə bağlı başqa bir əlamətdar hal odur ki, qeyd edilən bəndə daha əvvəl maneəçilik törədən bir sıra QH üzv ölkələri həmin bəndin qəbul olunmasına qarşı çıxmalarını dayandırıb, hətta onlar bizim bəndin qəbul olunmasına aktiv dəstək veriblər.
2014-cü ilin mayında Əlcəzairdə keçirilmiş nazirlər iclasında, 2016-cı ildə Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş dövlət və hökumət başçılarının sammitinin yekun sənədində də Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Qeyd edək ki, sonuncu Marqarita sammitinin yekun sənədində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edən bəndlə yanaşı, BMT-nin Sivilizasiyalar Alyansının həmin ilin aprelində Bakıda keçirilmiş 7-ci Qlobal Forumunu alqışlayan və Qoşulmama Hərəkatının növbəti sammitinin Azərbaycanda keçirilməsi barədə bəndlər daxil edilib.
Bakı konfransının mühüm əhəmiyyəti dünyanı narahat edən məsələlərin, o cümlədən, münaqişələrin, müasir çağırışların geniş müzakirə edilməsi və əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana yenidən dəstəyin verilməsi oldu. Belə ki, Qoşulmama Hərəkatı nazirlər konfransının yekun sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb. Sənəddə münaqişənin indiyə qədər həll olunmamasından təəssüf edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, təəssüf ki, münaqişə indiyə qədər öz həllini tapmayıb. Yekun sənəddə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq sülhə və sabitliyə təhdid törətdiyi qeyd olunub. Bildirilib ki, münaqişə beynəlxalq hüquq prinsiplərinə əsasən və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Ümumilikdə, konfransın sonunda Yekun Bakı Sənədi, Bakı Bəyannaməsi və Fələstin üzrə bəyanat qəbul olunub. Yekun sənəddə qeyd olunur ki, BMT Nizamnaməsinə uyğun olaraq, Qoşulmama Hərəkatının aralıq konfransının iştirakçıları ölkələrin ərazi bütövlüyü və milli birliyinin qismən və ya ümumi parçalanmasına yönəlmiş bütün cəhdlərə qətiyyətlə etiraz etməkdə davam edəcək: "Bununla da biz dövlətlərin suverenliyinə, münaqişələrin sülh yolu ilə həllinə təhdidlərdən, güc tətbiqindən yayınmağa və ölkələrin daxili işlərinə qarışmamağa davam edəcəyik. Sivilizasiyalar arasında səmərəli dialoq qurmaq məqsədilə 2008-ci ildə Azərbaycan tərəfindən başladılan "Bakı Prosesi"ni mədəniyyətlərarası dialoqun inkişafı üçün əsas platforma kimi dəyərləndiririk".
Qlobal məsələlər, regional, sub-regional, inkişaf, sosial məsələlər və insan hüquqları kimi fəsilləri əhatə edən Yekun Bakı Sənədində ölkəmizin maraqları baxımdan fundamental məsələlər öz əksini tapıb. Sənədin giriş hissəsində Qoşulmama Hərəkatının suverenlik və dövlətlərin suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutduğu, təcavüz və sülhün pozulması hallarının qarşısının alınması üçün effektiv tədbirlərin həyata keçirilməsi, həmçinin, dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı hərbi təcavüzdən kənar durulması təsbit olunub.
Azərbaycan 2019-cu ildə Qoşulmama Hərəkatının 18-ci Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində isə təşkilata sədrlik edəcək.
Milli Məclisin deputatı Asim Mollazadə hesab edir ki, Azərbaycanın Qoşulmama Hərəkatında iştirak etməsinin və "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda aralıq nazirlər konfransına ev sahibliyi etməsinin əsas məqsədlərindən biri ölkəmizin həqiqətlərini dünyaya çatdırmaqdır. A.Mollazadənin sözlərinə görə, Azərbaycan həqiqətləri dünyaya çatdırmaq üçün bütün beynəlxalq platformalardan istifadə edir: "Qoşulmama Hərəkatı da bu platformalardan biridir. Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən aralıq nazirlər konfransının Yekun Sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb. Orada ölkəmizin ərazi bütövlüyü beynəlxalq hüquq normalarına uyğun olaraq dəstəklənir. Azərbaycanın bu hərəkatda iştirakının əsas məqsədi də bundan ibarətdir".
Deputat hesab edir ki, Azərbaycan ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı fəaliyyətini bütün beynəlxalq təşkilatlarda davam etdirməlidir və bütün dünya hüququn aliliyinin pozulduğunu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin sülhə və sabitliyə təhdid törətdiyini bilməlidir.
PƏRVANƏ