Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana təhsil naziri vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramov ilə görüşüb.
Görüşdə ali təhsil, tələbə mübadiləsi və təqaüd sahələrində iki ölkə arasında əməkdaşlığa dair məsələlər müzakirə edilib.
Səfir S. Rana Hindistan Mədəni Əlaqələr Şurasının nümunəvi azərbaycanlı tələbələrə bakalavr, magistr və doktorantura proqramları üzrə təqaüdlər təklif etdiyini deyib. Onun sözlərinə göeə, Hindistan hökuməti Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində ölkənin yüksək səviyyəli institutlarında müxtəlif təlim kursları üzrə tam maliyyələşdirilən təqaüd təklif edir. Azərbaycan Dillər Universitetində (ADU) Hind dili müəlliminin iştirakı ilə "Hindistan Mərkəzi"nin fəaliyyət göstərdiyini xatırladan S. Rana qeyd edib ki, Azərbaycanın digər universitetlərində əlavə hind dili və Sanskrit kafedralarının təsis edilməsinə dair planlar var.
Görüşdə Qoşulmama Hərəkatına üzv ölkələr üçün yeni elan olunmuş təqaüd proqramı çərçivəsində Azərbaycanın 2 hindistanlı tələbəyə təqaüd təklif etməsi haqqında məlumat verilib.
Səfir daha çox azərbaycanlı tələbələrin Hindistana, xüsusilə də bakalavrdan sonrakı təhsil üzrə cəlb edilməsi məqsədilə "Hindistanda Təhsil" broşürası hazırladıqlarını söyləyib. Onun dediyinə görə, Hindistanın tibb, mühəndislik, əczaçılıq, informasiya və rabitə texnologiyaları, jurnalistika, kənd təsərrüfatı və s. kimi sahələrdə mükəmməl kurslar üzrə yüksək səviyyəli təhsil təklif edən çoxsaylı institutları var.
S.QARAYEVA