Bakı Ali Neft Məktəbi (BANM) və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə BANM-da
"Qlobal Kapital Bazarlarında Fəaliyyət və Uğurlar" adlı Konfrans keçirilib.
Konfransda ali məktəbin rektoru Elmar Qasımov, SOCAR-ın və SOCAR Capital şirkətinin rəsmiləri, eyni
zamanda BANM-ın professor-müəllim və tələbə kontingenti iştirak ediblər.
Konfransın açılışını BANM-ın rektoru Elmar Qasımov edərək bütün iştirakçıları
salamlayıb.
Hazırkı dövrdə qlobal maliyyə bazarlarının dünya iqtisadiyyatının inkişafında
həlledici rola malik olduğunu söyləyən rektor qeyd edib ki, Azərbaycan iqtisadiyyatı da bu
təsirdən kənarda qalmır və bu səbəbdən dövlətimiz iqtisadi inkişafa daim diqqət göstərir. Bu
istiqamətdə aparılan işlərdən biri kimi ölkəmizin ən böyük beynəlxalq şirkəti olan SOCAR-ın
2016-cı ildə təsis etdiyi SOCAR Capital şirkətinin fəaliyyətini qeyd edən Elmar Qasımov
şirkətin kapital bazarlarının mahiyyəti və əhəmiyyəti barədə cəmiyyətin maarifləndirilməsi
fəaliyyətini yüksək qiymətləndirib.
Öncə, konfrans iştirakçılarına SOCAR Capital şirkəti haqqında informativ çarx
nümayiş etdirilib.
Konfransın spikerlərindən biri olan SOCAR-ın Maliyyə bazarları üzrə baş
məsləhətçisi və SOCAR Capital şirkətinin Məşvərət Şurasının üzvü Əli Ağaoğlu özünün
"İqtisadiyyat 2.0" adlı birinci təqdimatında dünya kapital bazarları, rəqəmsal dünyanın
yenilikləri, bitkoin və digər yeniliklər, neft və bərpa olunan enerjilər, bir sözlə dünya
iqtisadiyyatının dəyişən tendensiyaları haqda konfrans iştirakçılarına təqdimat edib. Özünün
"SOCAR istiqrazları" adlı ikinci təqdimatında isə spiker qiymətli kağızlardan, onların biznes
və dövlət üçün əhəmiyyətindən danışıb, daha sonra istiqraz, xüsusilə SOCAR istiqrazlarının
buraxılışı, buraxılış zamanı həyata keçirilən addımlar, fond birjaları haqqında məlumat verib.
Əli Ağaoğlu həmçinin bildirib ki, SOCAR öz istiqrazlarını güzəştli və zəmanətli şərtlərlə
buraxır və hazırda ölkədə əhali tərəfindən istiqrazlara investisiya qoymaq marağı çox
yüksəkdir.
Daha sonra iqtisadçı alim Vüqar Bayramov "İnnovativ iqtisadiyyat: çağırışlar və
perspektivlər" adlı təqdimatla konfrans içtirakçılarına məruzə edib. O innovativ iqtisadiyyat,
əmək bazarındakı yeniliklər, innovativ sərmayə istiqamətləri və Azərbaycan iqtisadiyyatında
bu istiqamətdə həyata keçirilən yeniliklər haqqında ətraflı informasiya verib.
Konfransda qeyd olunub ki, bu istiqamətdə təşkil olunan tədbirlər gənclərin
iqtisadiyyatda baş verən innovativ proseslər haqda məlumatlılığına xidmət edir və onlara
gələcəkdəki əmək fəaliyyətləri zamanı böyük kömək olacaqdır.
Tədbirin sonunda Ali Məktəbin tələbələri spikerlərə onları maraqlandırılan suallarla
müraciət ediblər.