Tbilisidə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında “Narkotiklərə yox!” şüarı altında aksiya keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiya Tbilisidə narkotik alverçilərinin saxlanılması ilə bağlı keçirilən etiraz aksiyalarına qarşı təşkil olunub.
Aksiyada 20-yə yaxın şəxs iştirak edib. Aksiya iştirakçıları ölkədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəni dəstəklədiklərini bildiriblər. Onlar narkotik alverçilərinin müəyyən olunaraq cəzalandırılmasını tələb ediblər.
Qeyd edək ki, mayın 12-də gecə Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb. Buna etiraz olaraq dünən saat 15:00-dan başlayaraq Tbilisidə parlament binası qarşısında bu gün səhər saatlarına qədər aksiya keçirilib.
Etiraz aksiyasının bu gün saat 15:00-da Tbilisidə başqa yerdə yenidən bərpa olunacağı gözlənilir.