Türkiyənin Samsun şəhərində Avropanın məşhur universitetlərinin elm adamlarının iştirakı ilə beynəlxalq konfrans keçirilib.
Samsun Böyükşəhər bələdiyəsi və Atakum rayon bələdiyyəsinin dəstəyi ilə baş tutan tədbirdə İtaliyanın Marconi Universitetinin professorları Pasquelo Peluso, Angelo Arciero, Marzia Rossi, Sloveniyanın Lyublyana Universitetitinin müəllimi Valentina Fransa, Ankara Universitetinin professoru Şəbnəm Akipək Öcal və digərlərinin məruzələri dinlənilib.
Konfransda Bakı Dövlət Universitetinin doktorantı, əməkdar jurnalist Namiq Əhmədov “Müasir dünya düzənində Azərbaycan-Türkiyə strateji və iqtisadi əlaqələri mətbuatda” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə müstəqillik dövründə Türkiyə və Azərbaycan əlaqələri, enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq və tərafdaşlıq məsələləri diqqət mərkəzində olub. Həmçinin, təcavüzkar siyasəti yürüdən Ermənistanın Cənubi Qafqazda sülhün pozulmasında önəmli faktor olduğu diqqətə çatdırılıb.
Daha sonra N.Əhmədov konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, ilk dəfə Samsunda təşkil olunan konfransın gələcəkdə Almaniya, Avstriya, İtaliya və Hollandiyada keçirilməsi üçün danışıqlar aparılır.
C.ABASOV