Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru Hadi Rəcəblinin “525”-ə müsahibəsi
-Hadi müəllim, ilk öncə Ukraynada baş verən hadisələrə münasibətinizi bilmək istərdik. Sizcə, həmin hadisələrin Azərbaycana təsiri ola bilərmi?
- Birmənalı şəkildə, yox! Nə Ukraynada, nə də digər regionlarda baş verən hadisələrin Azərbaycana heç bir təsiri ola bilməz. Bu, mümkün və gözlənilən deyil. Yadınıza gəlirsə, bir müddət öncə mənə sual vermişdilər ki, Hadi müəllim, siz mitinqlərə necə baxırsınız? Mən də o zaman mitinqlərə çox pis baxdığımı demişdim. Çünki siyasi mübarizə təkcə mitinq yolu ilə olmur. Dünya bu günləri həmin mitinqlərin “nəticələrini” illərlə görüb və indidə görür.
Eyni zamanda, inqilab məsələlərin həlli yolu deyil. Tarixdən də məlumdur ki, Böyük Oktyabr sosialist inqilabı nə boyda dağıntılarla müşayiət olundu və möhtəşəm Rusiyanı neçə onilliklər geri atdı və sonda da qarşıya qoyduğu məqsədlərə çata bilmədi. Düzdür, bizim nəsil o inqilabın məhsullarıdır, ancaq belə demək mümkünsə, o inqilab dağıdıcı oldu. Dünya siyasi analitikləri deyir ki, bəlkə Rusiyada kapitalizm olsaydı, daha yaxşı yolla daha yüksək inkişaf edərdi? Yəni demək istəyirəm ki, inqilab qorxulu və dağıdıcı bir yoldur, məsələlərin, problemlərin həlli yolu deyil.
Bu günləri dünyada gedən bütün proseslərə - Suriyaya baxın, Liviyaya, İraqa, Tunisə, Misirə baxın. Orada baş verən inqilablar ancaq və ancaq dağıdıcılıqla müşayiət olunur. Nəticələr də Allaha şükür göz qabağındadır. Məhz buna görə bizdə də onlarla siyasi partiyalar, geniş mətbuat azadlığı, söz azadlığı var ki, həmin dediyimiz dağıdıcı elementlər olmasın. Biz hüquqi-demokratik dövlətdə yaşayırıq və hüquqi-demokratik ölkədə də inqilablara yer və ehtiyac qalmır. Hüququn, qanunun aliliyinə üstünlük verilir.
Ukraynada gedən hadisələrə də çox pis baxıram və hesab edirəm ki, orada hansısa məqamda hissə qapıldılar, xüsusilə, hakimiyyət hissə qapıldı. Demokratiya hərc-mərclik, özbaşınalıq həddini aşandan sonra indi onun fəsadlarını, ağır nəticələrini görürlər. Avropa onları buna təhrik etdi, belə deyək. Məyər demokratiya budur? Demokratiya gedib nazirliklərin binalarını tutmaq deməkdir? Belə şey olar? Baxın, görün, şəhərləri nə qədər xaraba günə qoublar. Bu, demokratiyadır? Mitinq budur məgər? Hakimiyyət uğrunda mübarizə belə olur? Gələn il Ukraynada prezident seçkiləri olacaq, bir ildən sonra seçkini gözləsinlər də?! Yanukoviçi seçməsinlər, o biri partiyanın liderini seçsinlər. Ona görə Ukraynada baş verənlərə çox pis baxıram və hesab edirəm ki, bu yolu seçən adamlar dövlətə, ölkəyə, xalqına xəyanət edən adamlardır. Bu yolla hakimiyyəti dəyişmək, bu yolla demokratiyaya, inkişafa nail olmaq mümkün deyil.
Ölkəmizdə gedən proseslər isə çox stabil, ardıcıldır, bütün sahələrdə işlər gedir. Ölkədəki nöqsanları da Pezidentimiz özü çox yaxşı bilir. Cəmiyyət nöqsansız ola bilməz. Çatışmazlıqsız cəmiyyət yoxdur. Ancaq bunlarla ardıcıl, sistemli, mübarizə aparılır. Ancaq inqilabi yolla deyil.
- Yeri gəlmişkən, son günlərin həssas məsələlərindən biri olan AXCP-Müsavat qarşıdurması barədə nə demək istərdiniz?
-Bilirsiniz, bütün siyasi mübarizlərin son nəticəsi konsensusla bitməlidir. Yəni, siyasi mübürizə gəlib qaraya ağ deməklə , bir-biri ilə ancaq didişmə , kreslo uğrunda dava ilə bitirsə, bunun heç bir əhəmiyyəti yoxdur və xalqa heçnə vermir. Bu qurumlar. 20 ildən çoxdur ki, müxalifət deyə ortadadırlar. Heç bir şeyə də nail ola , heç bir şey də ortaya qoya , heç bir konsensusa da gəlib çıxa bilmirlər. Elə ortada olan ancaq söz- söhbətlərdir, vuruşmaqdır, ancaq boş-boş danışmaqdır, ağa qara deməkdir...
Bütün yaxşı işlərimizi pisləyib, bununla da nəyəsə nail olmaq mümkün deyil. Həmişə də demişəm ki, bu qüvvələr heç vaxt birləşə bilməz. Çünki bunlar üçün öndə emosiyalar, ambisiyalar olmamalıdır, xalqın mənafeyi olmalıdır. Ancaq bunlarda isə daha çox şəxsi ambisiyalar var. Şəxsi ambisiyalar, mənəm-mənəmlik olan yerdə isə heç vaxt birləşmə olmaz. Xalq mənafeyi olanda, xalqa bağlılıq olanda onda birləşmə olur. Yəni, bunları indiyə qədər ayrı salan da məhz bu şəxsi ambisiyalardır.
Siyasi mübarizədə həmişə ön planda siyasi ambisiyalar olur, amma şəxsi ambisiyalar üstünlük təşkil edəndə bu siyasi ambisiyaları kölgədə qoyur və ümumi işə xeyri olmur. Siyasi ambisiya odur ki, hakimiyyət uğrunda sivil mübarizə aparasan. Bu da ki, bizim çoxpartiyalılığın əsas prinsipidir. Siyasi partiyaların baş məqsədi hakimiyyətə gəlməkdir. Silah yolu, qaraya ağ demək yolu ilə yox, xalqın məhəbbətini qazanmaq yolu ilə, ortaya əsaslı, tutarlı konsepsiyalar qoymaq yolu ilə.
Ona görə bunlar yoxdursa, bu siyasi mübarizə də yoxdur və şəxsi ambisiyalar siyasi ambisiyalardan qabaqda gedirsə, onda da heç bir uğur yoxdur. Onda da birləşmə məsələsi yoxdur. Dünyaya bir yaxşı nəzər salsaq, inkişaf etmiş ölkələrdə, sivil ölkələrdə iki dənə, üç dənə müxalifət partiyası var və onlar da çox güclü, sistemli müxalifətdirlər. Onlar da demək mübarizəni güclü aparırlar. Açığı deyim, bizim isə güclü müxalifətimiz yoxdur . Bizim müxalifətimiz parçalanıb, zəifləyib, birləşə bilmirlər. Bunun da, əlbəttə, günahı yenə onların özlərindədir.
-Sizcə, ötən 20-22 il ərzində müxalifətçilər, onların liderləri, konkret olaraq, İsa Qəmbərlə Əli Kərimli nəyi bölə bilmirlər?...
- Yenə də deyirəm, onlar ancaq şəxsi ambisiyalarla çıxış və hərəkət edirlər. Nəticədə də bir-birini qəbul və həzm etmirlər. Ancaq onlardan fərqli olaraq biz, bütövlükdə xalq İlham Əliyevi qəbul edir, sevir. Dövlətin bütün strukturları da, əhali də onu Lider kimi görür və qəbul edir. Çünki onun şəxsi keyfiyyətləri bunların şəxsi keyfiyyətləri ilə heç yaxına gələ bilinməyən qədər müqayisə edilə bilməz. İlham Əliyev ümumxalq məhəbbəti qazana bilib. Ona görə görürsünüz, biz hamımız bir partiyada birləşmişik, bir partiyanın ətrafında yığılmışıq. Həmçinin, Azərbaycanda 20-yə yaxın partiya var ki, İlham Əliyevi qəbul edib, onun apardığı konsepsiyanı qəbul edib, onun ətrafında birləşib. Çünki bunlar dağıdıcı müxalifət deyillər. Sadəcə, müxalif fikirli adamlardır və biz də onları qəbul edirik. Özü də çox böyük məhəbbətlə qəbul edirik. Onlar öz sözlərini, tənqidlərini deyirlər, dünyada da bu cür proseslər gedir. Ancaq inkişaf edən ölkələrdə siyasi partiyalar birləşirlər, 50 partiya olmur. O ölkələrdə cəmi 3 partiya, 5 partiya olur. Bir vaxt Azərbaycan da bu yolu keçməlidir, amma, görürsünüz ki, bizim radikallar bu yolu keçə bilmirlər. Çünki şəxsi ambisiyalar siyasi ambisiyalardan aşağı deyil. Məhz bu münaqişənin də kökündə şəxsi ambisiyalar durur, mənəm-mənəmlik durur. Bu da xalqa xidmət edən siyasət deyil, şəxsiyyətlərə xidmət edən siyasətdir, özünə xidmət edən siyasətdir. Xalqa xidmət edən siyasətdə siyasi konsensus tapıla bilir. Burda isə siyasi konsensus yoxdur, şəxsi ambisiyalardır.
Kamil Həmzəoğlu