Qırova bələnmə, ay xarı bülbül!
Yanğıdan, həsrətdən düzümlü çiçək,
Qürbətdə halına yanmışam gerçək,
Ay eşqinə sadiq, dözümlü çiçək,
Ay yarı gül-çiçək, ay yarı bülbül,
Qırova bələnmə, ay xarı bülbül!
Hardasa gözəllik allanıb gedir,
Yamacdan bir sona sallanıb gedir,
Bilən yox haraya yollanıb gedir,
Dünyanın axarı-baxarı, bülbül.
Qırova bələnmə, ay xarı bülbül.
Bilənlər danışar məhəbbətindən,
Dondun öz eşqinə sədaqətindən,
Yazıram naləndən, o həsrətindən,
Getməyir könlümün qübarı, bülbül,
Qırova bələnmə, ay xarı bülbül!
Qaçan olmayıbdı, qismət-qədərdən,
Məni də odladı bir minəgərdən,
Başım ayılmır ki, qəmdən, kədərdən,
Hörmüsən köksümə hasarı, bülbül,
Qırova bələnmə, ay xarı bülbül!
Gör neçə ildir ki, görmürəm səni,
Əllərim yetişmir dərmirəm səni,
Yarımın telinə hörmürəm səni,
Gözləyirəm gələn baharı, bülbül,
Qırova bələnmə, ay xarı bülbül!
Qələmim od səpir, yanır varaqlar,
Sözümü,misramı həsrət qucaqlar,
Ruhum da, cismim də səni soraqlar,
Bir gülün yox sənə, oxşarı, bülbül,
Qırova bələnmə, ay xarı bülbül!
Əzəldən mat qaldım bu işə belə,
Düz olan düzdə də qalıb həmişə,
Gəlim Qarabağa, gəlim görüşə,
Pozmayım peymanı, ilqarı, bülbül
Qırova bələnmə, ay xarı bülbül!
Bu dərdi mənimtək, çəkənlər bilər,
Vətənsiz göz yaşı tökənlər bilər,
Qürbətdə boynunu bükənlər bilər,
Ömrüm o zamandan ta yarı, bülbül,
Qırova bələnmə, ay xarı bülbül!
İndi bilirsənmi necə zamandı?
Həsrətdən ürəyim göynədi,yandı,
Yadların gözünə dəymə, amandı,
Gizlən, sevindirmə əğyarı, bülbül,
Qırova bələnmə, ay xarı bülbül!
Yanar halıma
Ahım-naləm bürüyübdü aləmi.
Sevənlərin de qisməti beləmi?
Bir gədikdə itirmişəm lələmi,
Kərəm görsə özü yanar halıma.
Yorub vallah, eniş-yoxuş yal məni,
Hərdən-hərdən dur yadına sal məni,
Bacarırsan bu atəşdən al məni,
Kərəm görsə özü yanar halıma.
Yad ellərə aparıbdı küləklər,
Yorub məni üzüdönük mələklər,
Başım üstə od ələyir fələklər,
Kərəm görsə özü yanar halıma.
Səcdə etdim məhəbbətin adına,
Dəliləri salan yoxdu yadına,
Mən də getdim bir sevdanın badına,
Kərəm görsə özü yanar halıma.
Dərd əlindən ilim-ilim itərəm,
Harda olsam özüm kimi bitərəm,
Nəsib deyər mən Kərəmdən betərəm,
Kərəm görsə özü yanar halıma.
Səni Qürbətə gətirdim
Axı niyə gördüm səni,
Niyə gözlərimə dəydin?
Bəlkə nahaq eşqə düşüb,
Bu sevgiyə boyun əydin?
Nahaqdan vuruldun mənə,
Gərək məni sevməyəydin,
Səni Qürbətə gətirdim!
Sevinmədin gözün dolu,
Qəmlə, dərdlə sözün dolu,
Tənhalığa öyrəşmişdim,
Tək gedəsiydim bu yolu,
Səni Qürbətə gətirdim!
Əsir etdi bu məhəbbət,
Qəribliyin yükü zillət,
Sənə bir gün ağlamadım,
Səni qoydum yurda həsrət,
Səni Qürbətə gətirdim!
Dağların sünbül-süsəni,
Baxışından duydum səni,
Yurd həsrəti gözlərində,
Dərd içində qoydum səni,
Səni Qürbətə gətirdim!
O doğma yurd elə uzaq,
Yolumuzu alıb sazaq,
O aylara, o illərə,
Pərən-pərən o ellərə,
Hey baxırıq gendən belə,
Qonşu qızı, bağışlama,
Bağışlama innən belə,
Səni Qürbətə gətirdim!
Kirpiyini nəm eləmə
Qürbət el aldı qoynuna,
Saldı min cürə oyuna,
Gileylən necə bilirsən,
İstəyirsən min yol qına.
Bizi aparan yollara,
Ha baxdım, baxdım olmadı.
Yaradan belə yaradıb,
Neyləyək baxtım olmadı.
Çəkdiklərim qəhər imiş,
Yediklərim zəhər imi,
Gün düşmədi qapımıza,
Nə axşamım axşam imiş,
Nə səhərim səhər imiş.
Heç bilmədik ötdü illər,
Qəlbimiz nisgil yuvası.
Qəribliyin yükü ağır,
Ağrıdan ağır havası.
Gözlərini yığ yollardan,
Ay arzusu düyün-düyün,
Ömrüm-günüm.
Daha bəsdir axşam düşür,
Daha bəsdir şər qarışır,
Kirpiyini nəm eləmə.
Ruhumuz da,cismimiz də,
Öyrəşibdi dərdə, qəmə,
Təskinlik tapan deyilsən.
Ha yalvarıb-yaxarsam da.
Səhərdən ta axşamacan,
Deyirəm ki,səbrin olsun,
Deyirəm ki,qəm eləmə.
Gözlərinə qədər dolur,
Kirpiyini nəm eləmə.
Qaçqın anam, köçkün anam
Anamın bayatısı,
Bir də öz-özünə zümzüməsi
Bir naləydi, ah idi.
Hər yerdən əllərini üzmüşdü,
Qaçqın düşən gündən,
Bircə ümidi, pənahı Allah idi.
O dağların həsrəti əritmişdi anamı,
Anamı əritmişdi dərdi, kədəri,
Qalmışdı bir sümük, bir dəri.
İtmişdi sözlərinin şirini,şəkəri?
Qismətə bax qaşqın düşdü,
Perik düşdü yuvasından,
Elə hər gün danışardı,
Həyətindən, məhləsindən.
Öz yurdundan, obasından.
Təzə evə, təzə yerə
Alışmadı,
Uyuşmadı.
Heç bir kəsin işlərinə
qarışmadı.
Öz evinin,eşiyinin, həsrətiylə yaşadı o.
Ürəyində qaçqın adlı
ağır bir yük daşıdl o.
Hər gün xəyallarında
məhləsinə döndü anam.
Dağlar deyə-deyə
Bir şam kimi söndü anam.
Nə qədər könlünü aldım,
Yalvardım-yaxardım, kirimədi.
Əlləri qoynunda qalmışdı ağlar.
Son nəfəsinəcən elə,
Deyirdi dağlar, dağlar.
Məni
Dünyanın əlində oyuncaq oldum,
Ha qovdu, ha atdı, ha tutdu məni.
Sonu bilinməyən cığıra çəkdi,
Neçə döngəsində ovutdu məni.
Qəlbində haqq səsi, ədalət səsi,
Düz oldu urvası,təmiz kündəsi,
Dedi belə olar əsl bəndəsi,
Allah sevgisində yaşatdı məni.
Vətənsiz susmuşam, dilim ta laldı,
Gözümdə o yamac, o doğma yaldı,
Saldı uzaq elə,qürbətə saldı,
Başımı bişirdi, uvatdı məni
Bu qoca dünyanın əməli ayrı,
Özülü sirr dolu, təməli ayrı,
Mən deyən deyilmiş, deməli ayrı,
Tutub əllərində fırlatdı məni.
Dərdi ayrı imiş daşın, dağın da,
Nisgili təşnəymiş dar ayağında,
Qürbətdə yatmışdım fil qulağında,
Yaxı ki, yuxudan oyatdı məni.
Bu qoca dünyanı yıxılı gördüm,
Nəyini gördümsə yuxulu gördüm,
Getdiyim yolları qorxulu gördüm,
Qismətim, taleyim unutdu məni.
Ağladığın kəs...
Məni məftun edən qız ki, sən idin,
Ömrümə xoş bahar, yaz ki,sən idin,
Əlinə qələm al, yaz ki, sən idin,
Qəlbində gizlicə saxladığın kəs.
Sənsiz bir şairin yuxusu yoxdur,
Sənsiz çiçəklərin qoxusu yoxdur,
Bilirəm ki, mənəm ayrısı yoxdu,
Məni diri-diri ağladığın kəs.
Mənim dincliyimi əlimdən alan,
Çovğuna, borana, sazağa salan,
Mənəm ömründən uzaqda qalan,
Təkcə yuxularda yoxladığın kəs.
Mənsiz qəribsəyib billəm o dağlar
Bizsiz qəribsəyib billəm o dağlar,
Yad ayaq altında qalmaqdan bezib.
Dəlidağ dumana bürünüb, bəlkə,
Dərin xəyallara dalmaqdan bezib.
Elə pərişandır, elə qəmlidir,
Doğma el səsinə qalıb tamarzı.
Düz iyirmi ildir nalə yağdırır,
Qəm üstə köhlənir Şəmşirin sazı.
İtib yaddaşımda olub-keçənlər,
Nə vaxtdan qürbətdə itib qalmışam,
Qəmimi, dərdimi köksümə sıxıb,
Qərdimi içimə təpib qalmışam.
Əzəldən bilirdim doludu sirlə,
Təpədən dırnağa sirdi o dağlar,
Gəldi çaylarının şırıltısıyla,
Hər gecə yuxuma girdi o dağlar.
Tanrım, sınağına gəl az çək məni,
Bu həsrət ərimir, itmir bu həsrət.
Qürbətdə göynədib, yandırır məni,
O daşa məhəbbət, dağa məhəbbət.
Özümü ataram od-alovuna,
Deyirəm zirvəndə alışım, sönüm,
Bəsdir qürbət eldə çürütdün məni,
Çağır qucağına başına dönüm.
Yaman tez-tez girir yuxuma dağlar
Həsrəti göynədir, yandırıb yaxır,
Başımın üstündə şimşəklər çaxır,
Kədərim Tərtərə qarışıb axır,
Yaman tez-tez girir yuxuma dağlar,
Sinəmi Qoçdaşın qarı yandırır,
Qəddimi dərd əyir, zaman sındırır,
İntiqam almağa alovlandırır,
Yaman tez-tez girir yuxuma dağlar.
Başımda dumanı,başımda çəni,
Həsrətdən çoxalıb saçımın dəni,
Hər axşam qoynuna çağırır məni,
Yaman tez-tez girir yuxuma dağlar.
Qalıbdı bir dərdli avazda, neylim,
Gah dağlar, gah da ki Arazda, neylim,
Həsrətdən qocaldı biraz da neylim,
Yaman tez-tez girir yuxuma dağlar,
Necə ki, yollarım bağlıdır mənim,
Necə ki, qollarım bağlıdır mənim,
Necə ki mən yoxam sənin qoynunda,
Amandı tez-tez gir yuxuma dağlar,
Olum
Dağlar,yayda dondum sənsiz,
Dağlar, qışda yandım sənsiz,
Qəriblikdə sındım sənsiz,
Pörşələnim dil-dil olum.
Hardasan qurban olduğum,
Qucağında doğulduğum,
Bəsdir qəfəsdə qaldığım,
Çəmənində bülbül olum.
Qərib necə deyinməsin,
Sinəmə sıx neyin səsin,
Doğma yellərin titrətsin,
Yamacında bir gül olum.
Çıxım Qoçdaçın qaşına,
Min yol dolanım başına,
Sarılım çaylaq daşına,
Qoy qum olum, qoy gil olum.
Sınamışdın sədaqətdə,
Etibarda,məhəbbətdə,
Necə qıyırsan qürbətdə,
Yanım, belə kül-kül olum.
Yandırır
Bu gecə yenə də kəndimizdəyəm,
Aparıb dağlara yuxular məni.
Güllü məhləmizdən keçib gedirəm,
Bir ətir bürüyüb çölü-çəməni.
Nura bələnsə də göyün qübbəsi
Başımın üstündə çaxır şimşəklər,
Budaqlar baş əyir yolumun üstə,
Yol boyu gül- çiçək - məxmər döşəklər.
Mən hardan biləydim bu gecə vaxtı,
Fikrimi hisslərim dəyişəcəklər,
Mənim görüşümü duyub yaylaqlar,
Gülləri yoluma döşüyəcəklər.
Əl atıb dərirəm həmişəkitək,
Gəlir qulağıma bir səda, bir səs,-
- Dərmə çiçəkləri əllərini çək.
Əl atıb dərirəm məhəl qoymuram,
Elə bil ətrindən yenə doymuram.
Cumuram güllərin üstünə sarı
Qəlbimi həsrətim alovlandırır,
Əlimi çiçəyi-gülü yandırır.
O isti, o həlim, doğma ocaqlar,
Doğma balasını sandım qucaqlar.
Yen bir səs gəldi qulaqlarıma,-
Əgər kim unutsa doğmalarını,
Səni də bir yolluq unudacaqlar.
Əllərim üşüyür, donub soyuqdan,
Əlimi isitməz sönmüş ocaqlar
Sönmüş ocaqlara əl uzadıram,
Sönmüş ocaqların külü yandırır.
Yenə də bulaqdan su gətirən qız,
Yenə də dolanıb çıxır qarşıma,
Bir dolça su verib gülür üzümə.
Yenə də boylanıb bənövşə kimi,
Həsrət baxışını tikər izimə.
Sonrada qalmayıb giley-güzardan,
"Bəs niyə gəlmədin, gəlmədin,- deyir.
Bəs niyə ləngidin uzaqlarda sən.
Yoxsa boran aldı cığırlarını..."
Quruyub qalmışam gileylərindən.
Görəsən bu qıza nə olub yenə,
Yenə qınağıyla xətrimə dəyir.
Qənirsiz bu qızın, bu gözəl qızın,
Hər sözü, kəlməsi, dili yandırır.
Doqqazın ağzına yüyürür anam,
Bəyaz saçlarından ağ işıq yağır.
Ana nəfəsindən yolumun üstə,
Bir gözəllik yağır, yaraşıq yağır.
Boynuma dolanır qolları yenə,
Doğma balasını basır bağrına.
Cadar-cadar olmuş soyuqdan, qardan,
Əlinin ömürlük qabarlarından,
Qəlbinin ömürlük qubarlarından
Od yağır, qəm yağır, Allah.
Əlindən tuturam
Anamın qabarlı əli yandırır.
Hifz elə, İlahi bu yuxulardan,
İnsan havalanar bu yuxulardan
Yarımçıq oyanıb yuxularımdan,
Qərib pəncərəmdən baxıram göyə.
Gecə qaranlığı çəkilib gedir...
Görürəm təzəcə sökülübdü dan.
Üzümü göylərə tutub deyirəm:-
Tanrı məni qoru bu yuxulardan.