|
|
|
|
Türkiyənin Nevşəhər vilayət mərkəzindəki Hacı Bektaş Vəli Universitetində Birinci Beynəlxalq İpəkyolu Akademik Araşdırmalar Simpoziumu keçirilib.
Tədbirin iştirakçıları sırasında "Xalq qəzeti"nin əməkdaşı, Bakı Dövlət Unversitetinin doktorantı, əməkdar jurnalist Namiq Əhmədov da olub. Sözügedən tədqiqatçının "Azərbaycan mətbuatı: 15 iyul FETO hadisələrindən bir gün sonra" mövzusunda məruzəsini iştirakçılar böyük maraqla qarşılayıblar.
Təşkilat Komitəsi İpək yolu üzərində önəmli ölkələr olan Türkiyə ilə Azərbaycan arasındakı strateji münasibətlərin, tarixi dostluq və qardaşlığın bir daha sınaqdan çıxmasına həsr olunmuş mövzunun aktuallığını vurğulayıb, N.Əhmədovun araşdırmasını Şərqdən Qərbə uzanan beynəlxalq yolun təhlükəsizliyinin təmin edilməsinə medianın göstərdiyi həssaslıq və informasiya dəstəyi baxımından faydalı hesab edib.
Məruzədə qeyd edilib ki, 15 iyul 2016-cı il tarixində Türk Silahlı Qüvvələri sıralarına sızmış Fətullahçı Terror Təşkilatının (FETÖ) gerçəkləşdirməyə çalışdığı hərbi çevriliş cəhdini türk millətinin demokratiyaya sədaqəti, konstitusiya quruluşunu qorumaq uğrunda göstərdiyi böyük dəyanət məğlub edib və bu mübarizədə media yönləndirici rol oynayıb. Böhranlı iyul gecəsində baş verənlərin Azərbaycan mətbuatında, o cümlədən, ölkənin gündəlik ictimai-siyasi nəşri olan "Xalq qəzeti"ndə operativ və geniş işıqlandırılması, obyektiv dəyərləndirilməsi araşdırmada mərkəzi yer tutub. Məruzədə FETO hadisələrindən sonrakı gün Azərbaycan mətbuatında qardaş Türkiyədə baş verənlərə və çevriliş cəhdinin anatomiyasına əhatəli yer ayırmasının hansı obyektiv amillərlə şərtləndiyinə də aydınlıq gətirilib.
Dünyanın 14 ölkəsindən gəlmış 400-dək elm və siyasət adamının, media təmsilçilərinin iştirak etdiyi konfrans üç gün davam edib.
Ceyhun ABASOV