Azərbaycanın ilk müstəqil hərbi qəzeti sayılan və artıq bu sahədə ciddi sanbala malik "Hərbi And" qəzetinin bu gün 15 yaşı tamam olur.
2002-ci ildə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMİB) tərəfindən təsis olunmuş qəzet ilk gündən nəinki yalnız hərbi sahədə, eləcə də ictimai, siyasi, sosial, mədəni mövzularda da maraqlı, önəmli yazılarla oxucuların görüşünə gəlir.
"Hərbi And" qəzeti o zaman müstəqilliyinin ilk onilliyini yaşayan bir dövlətin hərbi sahədə bilgilərin yayılması, vətənpərvərliyin, Silahlı Qüvvələrin nailiyyətlərinin təbliğ olunması zərurətindən yaranıb. Həmin dövrdə KİV-də ordu haqqında qərəzli fikirlərin ardıcıl yer alması ictimaiyyət arasında müəyyən narazılıqların yaranmasına gətirib çıxarmışdı. Məhz belə bir vaxtda ordudan tərxis olunmuş bir qrup gənc müstəqil hərbi mətbu orqanın yaradılmasına təşəbbüs göstərdi. Beləliklə, ilk sayından ictimaiyyətin diqqətini öz üzərinə çəkməyi bacaran, bununla da uğurlarının başlanğıcı qoyulan qəzet, başda TOHGMİB-in sədri Emin Həsənli olmaqla, vətənpərvər ziyalıları, hərbi sahədə bilgisi və marağı olan jurnalistləri bir araya toplamağı bacardı.
Hərbi-hüquqi vətənpərvərlik qəzeti olan "Hərbi And"ın ən ümdə vəzifəsi Ümummilli lider Heydər Əliyevin ideyalarını təbliğ etməkdir.
"Hərbi And"çılar yalnız bu günlə kifayətlənmir, zaman-zaman Azərbaycan tarixinin keçmiş səhifələrini də vərəqləyir, türk hərb tarixindən, fatehlərdən, Babək, Qaçaq Nəbi, Şah İsmayıl Xətai dövründən ta bu günümüzə qədər olan qəhrəmanlarımızdan, dahi şəxsiyyətlərimizdən, sərkərdələrimizdən, Nizamidən, Füzulidən, Nəsimidən bu yana şair və yazıçılarımızdan, milli əxlaqi dəyərlərimizdən söz açır, bu barədə bilgiləri oxuculara çatdırmaq üçün yorulmadan çalışırlar.
Qəzet bu 15 illik fəaliyyəti dövründə Azərbaycan mətbuatında bir sıra mühüm layihələrə imza atıb, yeniliklərlə fərqlənib. İlk saylarından vətənə məhəbbət, düşmənə nifrət ruhunda silsilə materiallar təqdim edən "Hərbi And" ordu-cəmiyyət əlaqələrinin güclənməsinə yönələn yazılar verib. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələri haqqında düzgün və obyektiv ictimai rəyin formalaşmasında, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, mətbuatda hərbi və dövlət sirlərinin yayılmasına qarşı hər bir jurnalistin vətəndaş mövqeyindən çıxış etməsinin təmin edilməsinə şərait yaradıb.
"Hərbi and" qəzetinin uğurları yalnız ordu-cəmiyyət arasındakı əlaqələrin qurulması, xalqı hərbi vətənpərvərlik mövzularında maarifləndirmək, Silahlı Qüvvələrimizin uğurlarını böyük ictimaiyyətə təqdim etməklə yekunlaşmır. Qeyd etdiyimiz kimi, qəzet bu illər ərzində öz səhifələrində mədəniyyətə, sosial-ictimai mövzulara da yer ayırıb. İstər yaşlı nəsil, istərsə də gənc yazarların yaradıcılıq nümunələrinə, mədəniyyətin bu və ya digər sahələrində xalqa xidmət göstərən sənət adamları ilə müsahibələrə, reportajlara da həssas yanaşıb. Xüsusən, gənc istedadların təqdim olunmasında qəzetin zəhməti danılmazdır.
Qəzetin 2012-ci ildə, 10 illik yubiley münasibətilə açılan internet versiyası - herbiand.az ünvanlı sayt fəaliyyət dairəsini daha da genişləndirib. Artıq oxucular müxtəlif sahələrdə baş verən ən son yeniliklərlə anındaca xəbər tutmaq imkanına malikdirlər. Saytın "Cəmiyyət", "Hərb", "Siyasət" kimi bölmələrindən əlavə, "Mədəniyyət", "Tarix", "İdman", "Gənclər" kimi bölümlərinin də yaradılması qəzetin yalnız bir istiqamətə deyil, cəmiyyətin müxtəlif sahələrinə diqqət ayırdığını göstərir.
15 illik yubiley münasibətilə "Hərbi and" qəzetinin kollektivini və oxucularını təbrik edir, ağır zəhmət və böyük məsuliyyət istəyən, cəmiyyətin aynası hesab olunan mətbuat sahəsindəki fəaliyyətlərində yeni uğurlar arzulayırıq!
Şahanə MÜŞFİQ